İnsanlara hürriyət, millətlərə istiqlal!

II Qareginin Naxçıvanla sərhəddəki duası

1824 09.07.2018 08:40 Yazarlar A A

Ermənistanda kim çətinə düşürsə, təzyiqlərlə üzləşirsə, özünü ya Qarabağ tərəflərə verir, ya da üz tutur Naxçıvanla sərhəddə. Ötən şənbə erməni katolikosu II Qaregin eyni təcrübədən istifadə edib, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində azad edilmiş Naxçıvan cəbhəsi tərəfdə xidmət keçən erməni hərbçilərlə görüşüb, onlar üçün dua edib.

Bax, bu, hələ ermənilərin din xadimidir, guya ki, sülh tərəfdarıdır, qan tökülməsini istəməyən birisidir. II Qaregin indiyədək dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb, konfliktin dinc yolla nizamlanmasına səy göstərəcəyini vəd edib. Elə sonuncu dəfə 2016-cı ilin payızında, aprel döyüşlərindən sonra səngiməyən gərgin şəraitlə bağlı Rusiya patriarxı Kirillin təşəbbüsü ilə bir araya gəlmişdilər. Ondan əvvəlsə danışıqları dövlət sərhədində davam etdirmək təşəbbüsü dəstəklənmişdi. Amma yox, nə Qareginə, nə də erməniləri qara günə qoyan xəstə təfəkkürlü erməni ideoloqlarına barışıq, ədalətli həll, işğaldakı torpaqların geri qaytarılması sərf etmir, ona görə də ara-sıra görüntü naminə görüşdən o yana keçmirlər.

Erməni katalikosunun Naxçıvan tərəflərdə peyda olması da onun gerçək mahiyyətini ortaya çıxarır. Necə ki, Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan may ayında yeni hökumətdə yer alan kimi, Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətinə gəldilər, aranı qızışdırmaq üçün əllərindən gələni etdilər. Şükürlər olsun ki, qəhrəman ordumuz düşmənin həmin istiqamətindəki təxribatlarına layiqli cavab verib, böyük bir ərazini azad etdi. İndi Qaregin həmin istiqamətə gəlib...

Əslində bu səfərlə Qaregin özünü xilas etmək istəyir. Reallıq budur ki, erməni katolikosunun özünün də durumu yaxşı deyil. Serj Sərkisyanın dayaqlarının sökülməsi, hətta onun ailə üzvlərinə qarşı cinayət işinin qaldırılması, araşdırmaların aparılması şəraitində Qaregin də “qara gününü qablaşdırıb”, nicat yolu arayır. Artıq neçə müddətdir ki, Ermənistan paytaxtında, Eçmiədzində Qareginin istefası tələb olunur. Heç şübhəsiz ki, Nikol Paşinyan dini cameənin başına da öz adamını gətirmək istəyir, Qaregin də “yol üstə”dir.

Erməni din xadiminin Sərkisyan-Köçəryan cinayətlərinə ortaq olmadığını kimsə deyə bilməz. Robert Köçəryan Avropaya qaçıb, Sərkisyan müdafiəyə çəkilib, erməni katalikosu da özünü hərbçilərin içərisinə soxmaqla xilas olmaq istəyir. Bununla o, həm də erməni diasporuna mesaj vermək istəyir ki, “mən nəinki Qarabağ, həm də Naxçıvan uğrunda mübarizədə sizinlə bir yerdəyəm”. Yoxsa onun Naxçıvan tərəflərdə nə ölümü var idi?

Bir az əvvəl Ermənistandakı ekspertlər “Naxçıvanın geri qaytarılması uğrunda” mübarizəyə başlamağı təklif etmişdilər. Erməni nazirlərdən sonra Qareginin bu gəlişi həm də o niyyətdən xəbər verir.

Təbii ki, bu, düşmənin arzusudur. İnşallah ordumuz düşmənə layiqli cavab verəcək, Günnütdə olduğu kimi. Amma istənilən halda ayıq olmalıyıq. Ermənistan Naxçıvan cəbhəsində diqqət çəkməklə diqqəti Qarabağdan yayındırmaq istəyir. Necə ki, Rusiya Ukraynanı Donbasda döyüşməyə vadar etməklə Krımın işğalını arxa plana atmağı bacardı. 

Ermənistan həm də Azərbaycanı Naxçıvan istiqamətindən böyük savaşa çəkmək istəyir. Elə bir mövqedən ki, orada Rusiyanın, “Rus NATO”-su deyilən KTMT-nin də müdaxilə imkanı yaransın. Fakt budur ki, Rusiyanın Ermənistanda hərbi bazası var və Naxçıvan istiqamətindən işğalçıya zərbə endirilsə, Gümrüdəki baza sakit oturmayacaq. Üstəlik, Naxçıvan bölgəsində yaxın ərazilərdə rus-erməni hərbi birləşməsi mövcuddur. Qarabağda baş verənlərə Rusiyanın müdaxilə imkanı yoxdur, bunu nə iləsə əsaslandırmaq mümkün də deyil. Necə ki, aprel döyüşlərini Rusiya sadəcə müşahidə etdi, KTMT ölkələri də “Azərbaycanın daxili işidir” deyib kənarda dayandı. Amma Naxçıvan istiqamətindən Ermənistanın təxribatlara əl atması o deməkdir ki, rəsmi İrəvan ağasına arxalanır.

Dini liderlərin ötən görüşlərindən birində sənəd də imzalanmışdı.... Şuşa həbsxanasında 4 ildir (!) iki girovumuz saxlanılır. Qaregin bu illər ərzində bir dəfə onların azadlığı üçün hakimiyyətə müraciət etməyib. Bu fakt onun “sülhpərvərliyini” göstərir. Qaregin sülh üçün yox, Azərbaycan ərazilərinin qəsb olunması üçün dua edir. Bu, hələ erməninin din xadimidir. Elə isə erməni siyasətçisi, diplomatı, hərbçisi ilə danışığa vaxt sərf etməyin heç bir mənası qalmır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR