İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyevin anım günü - arzuladığı Azərbaycan...

861 12.12.2023 12:34 Media A A

Onun ən böyük istəyi doğumunun 100-cü, vəfatının 20-ci ilində həyata keçdi

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından bu gün 20 il keçir. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevi anım mərasimləri təşkil olunacaq. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanadək Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə isə sənaye, o cümlədən yüngül sənaye və  kənd təsərrüfatı,  ən parlaq inkişaf dövrünü yaşadı, respublikada təhsilin inkşaf dövrü başladı, milli kadrların yetişdirilməsi vüsət aldı. Heydər Əliyevin zamanında Azərbaycan SSR arasında inkişaf tempinə görə ön sıralara yüksəldi. 

Ulu öndərin Azərbaycana xidməti 1987-ci ildən sonrakı dövrdə də davam etdi. 

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Onun bu addımı Azərbaycan xalqının mübarizə əzmini daha da artırdı, xalqı ruhlandırdı, milli azadlıq hərəkatının genişlənməsinə stimul verdi. 

Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdiyini də bəyan etdi. Heydər Əliyev kimi nəhəng siyasətçinin Kommunist Partiyası üzvlüyündən imtina etdiyini bəyan elan eləməsi həm də azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqına daha bir dəstəyi idi.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb.

Onun Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsində parlaq səhifələrdən daha biri isə 1991-ci ilin martında SSRİ-nin saxlanması haqqında referendumun keçirilməsi məsələsi Ali Sovetdə səs qoyularkən belə bir referendumun keçirilməsi əleyhinə, yəni SSRİ-nin saxlanmasının əleyhinə səs verməsi idi. 

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Ulu öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi və təsis olunduqdan təxminən 7 ay sonra hakimiyyətə gəldi.

Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

2003-cü ilin 12 dekabrında Prezident Heydər Əliyev ABŞ-da müalicə aldığı klinikada vəfat etdi. Onun vəfatı Azərbaycan xalqını kədərə boğmuşdu. Bakıda dəfni ümumxalq izdihamı ilə həyata keçirildi. Xalq özünün böyük lideri ilə vidalaşmağa axışırdı.   

Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Azərbaycanın qələbələrinin təməli məhz Heydər Əliyev siyasəti ilə qoyuldu. Onun layiqli davamçısı Prezident İlham Əliyev Ulu öndərin ən böyük arzusunu - başda Şuşa olmaqla, işğal altındakı torpaqlarımızın azad olunması arzusunu gerçəkləçdirdi. Bu gün Azərbaycan Heydər Əliyevin arzu etdiyi Azərbaycandır - əraziləri işğaldan azad edilmiş, bütün ərazilərində suverenliyi bərpa edilmiş, güclü ordusu, güclü iqtisadiyyatı, qalib xalqı olan qüdrətli Azərbaycan!

HAZIRLADI: Etibar

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR