İnsanlara hürriyət, millətlərə istiqlal!

Hasar adamlar

1773 16.04.2018 09:30 Yazarlar A A

Razi Nurullayev “siz məni prezident seçsəniz, ekskavatorun sükanı arxasında özüm oturub o hasarları bir saat ərzində dağıdacam” deyəndə çoxları güldü. Ancaq əslində Razi bəyin hasarlarla bağlı dedikləri heç də gülməli deyildi, əksinə, ağlamalıydı.

Necə ki, bir sıra digər prezidentliyə namizədlərin də çıxışlarında ölkədəki həlli vacib məsələlərlə bağlı təkliflər səsləndi, prezident seçiləcək şəxsin o problemlərin həll edəcəyinə ümid ifadə olundu. Bu mənada Xəzərin Azərbaycana aid hissəsini görünməz edən hasarlarla bağlı tədbir görülməsinin nəhayət, vaxtı çatıb.

Gərək ki, səlahiyyətli şəxslər bu məsələyə də ölkə prezidenti səviyyəsində münasibət bildirilməsini gözləməsinlər, hərəkətə keçsinlər. Qarşıdan çimərlik mövsümü gəlir və yenə dənizə gedən yolların kəsilməsi, Allahın bəxş etdiyi bu nemətin xalqdan gizlədilməsi aktual mövzulardan biri olacaq.

Dövlət başçısı sonuncu müşavirədə turizmlə bağlı məmurlara xəbərdarlıq etdi. “Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik”. Bu fikirlər prezident İlham Əliyevə məxsusdur.

Necə deyərlər, arif olana bir işarə bəs edər. Turizm sahəsində cavabdeh olan şəxslər bilməlidirlər ki, ölkəmizə turist axınının qarşısını alan maneələrdən biri də elə mövcud hasarlardır. Təsəvvür edin, Türkiyədən Gürcüstana, Qara dəniz boyunca, ətraf gözəlliklərdən zövq ala-ala gələn xarici qonaq sorağını eşitdiyi Xəzərə Qaradağ tərəfdən ha boylanır, hündür hasarlar səbəbindən onu görə bilmir. Onda hansı təsəvvür yaranacaq? Yaxud gedir çimərliklər tərəfə, onu 2-3 metrlik “qala divarları” qarşılayır. Sanki dəniz tərəfdən Bakıya olacaq hücumun qarşısını kəsmək üçün tikilib. Yaxud aeroporta enən əcnəbi paytaxtımızın mərkəzinə gələrkən ha sağ-sola baxır, yenə divarlar önünü kəsir. Nəticə? Azərbaycana gələn bir almanın sözləri ilə desək, aeroportdan şəhərin mərkəzinə qədər özünü “ata qoşulmuş araba kimi” hiss edir.

Bu, bir turistin ölkəmiz və başkəndimiz haqqında ilkin təsəvvürü oldumu? Ancaq təkcə budurmu? Qalanını prezident də söylədi, hətta xarici ölkə rəhbərlərindən aldığı məlumat əsasında! Bu, çox ciddi məsələdir. Xarici ölkələrin rəhbərləri Azərbaycan prezidentinə “bizim vətəndaşlar sizin ölkəyə gəlmək istəyir, ancaq onları incidirlər” məzmunlu şikayət edirlər. Hansı ki, daha çox turistin gəlməsi üçün viza rejimini sadələşdirir, ölkə beynəlxalq yarışlara ev sahibliyi edir, beynəlxalq tədbirlərin keçirildiyi ünvan təkcə Bakı yox, Qəbələ, Gəncə, ya başqa şəhər olur. 

Deməli, birinci şəxs turizmin inkişafına önəm verdiyini bütün addımları ilə nümayiş etdirir. Bunun qarşılığında səlahiyyətlilər nə edir? “Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər” - ölkə başçısının sözləri ilə desək. 

2017-ci ilin 11 ayının statistikası gözümə sataşdı. Ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub. Ötən ilin yanvar-oktyabr aylarında qonşu Gürcüstana isə 6,4 milyon əcnəbi səfər edib. Üstəlik, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Bizi iki dəfədən çox qabaqlayır qonşu ölkə. Səbəbi? Yuxarıda dövlət başçısının sadaladığı problemlər, hasarlar, üstəlik, məmurlarla vətəndaşlar, elə sərhəddəki səlahiyyətlilərimizlə ölkəmizə gələn xaricilər arasındakı çətin aşılan “hasarlar”.

Novruzda ölkəmizə gələn güneyli qardaşlarımızın da bir qismi çox gileyli idilər, narazı qayıtdılar. Hətta öz qardaşlarımızı da incidiriksə... Bəs, deyirdik “Arazı ayırdılar, mən səndən ayrılmazdım”, nə bilim daha nəE

Məncə, turizm sektoru ASAN-laşdırılmalıdır, ölkənin gömrüyündən, sərhəd-buraxılış məntəqəsindən ölkəmizə daxil olan şəxsə ASAN Xidmətdəki gülərüzlü gənclərimiz xidmət göstərsə, qısa müddət ərzində durum yaxşılığa doğru dəyişər.

Ümid edək ki, ölkənin tezliklə durum dəyişəcək, ölkənin birinci şəxsinin bəyan etdiyi kimi, “keçmiş xidmətlərinə baxmayaraq” dövlətimizin adına xələl gətirən, büdcəyə külli miqdarda zərər vuran şəxslər cəzalandırılacaq, növbəti ildə biz yenə Azərbaycanın hesabına yaşayan qonşu dövlətin statistikasına həsəd aparmayacağıq. Ölkənin sabahını düşünən hər kəs yenilik gözləyirE

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR