İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobus qəza törətdi: ölən və yaralananlar var (VİDEO, FOTOLAR)

8382 24.02.2016 10:29 Hadisə A A

Bu gün saat 10:20 radələrində Bakının Nizami rayonunda avtobus qəzası baş verib. Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə 36 saylı marşrut üzrə işləyən 90 HS 692 dövlət qeydiyyat nişanlı, “Deawoo” markalı avtobus Qara Qarayev prospektində yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yoldan çıxaraq səkidə dayanmış piyadanı vurub. Bundan sonra avtobus yolayrıcındakı işıqfora çırpılıb, daha sonra isə hərəkətdə olan “Nissan” markalı minik avtomobilini vurub. 

Piyada hadisə yerindəcə keçinib.  Bir neçə sərnişin isə xəsarət alıb.

Avtobusun sürücüsü hadisəni törətdikdən sonra qaçıb.  

***
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.      

Qəza zamanı ölən Asif Yusif oğlu Nəsirovdur. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

***

Bakıda "Qara Qarayev" metro stansiyası yaxınlığında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. İki sərnişin avtobusu toqquşub, nəticədə 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
 
APA TV-nin xəbərinə görə, hadisəyə səbəb 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan marşrut avtobusunun işıqforun qırmızı işığında dayanmayıb, hərəkətini davam etdirməsi olub. Avtobus 36 saylı xətt avtobusu və “Nissan” markalı minik avtomobili ilə toqquşub. Zərbənin  təsirindən  62 saylı avtobusda olan sərnişin Asif Nəsirov pəncərədən yerə düşüb və elə oradaca keçinib.
 
Hadisə şahidi olayı belə xatırlayıb: "Mən buradan gəlirdim. Balaca maşınla işıqforda qırmızı işıqda gözləyirdim. Yol da bağlı idi. Körpüdə yol bağlanmışdı, ona görə sıxlıq idi. Maşınlar da ikinci yolun maşınları idi. Hamısı gözləyirdilər ki, orada yolda sıxlıq yaratmasınlar. Bu 62 nömrəli marşrut üçüncü yoldan gördü ki, yol bağlıdır, qabaqdan körpünü bağlayıblar, ağıllı tərpəndi guya, fırlandı buradan ki, belə keçsin, hara gedir getsin. Bu yol açıqdır. Oradan da 36 nömrəli avtobus nə bilsin ki, oradan maşın gəlir? Gəlib vurdu onun arxasından, fırladıb atdı".
 
Qəza zamanı həyatını itirən Asif Nəsirovun oğlu isə deyib ki, atası keçmiş polis əməkdaşı olub: "Hadisə 62 saylı avtobusun səhvindən oldu. 62 saylı avtobusun sürücüləri düzgün işləyə bilmirlər. O boyda yolu qoyub 30 saniyə qırmızını gözləyə bilmədi, gəldi girdi 36 saylı avtobusa. 36 da öz yolu ilə gəlirdi".
 
Qəza nəticəsində 12 nəfər müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan 8 nəfər - 1994-cü il təvəllüdlü Nərmin Mirzəzadə, 1960-cı il təvəllüdlü İlqar Səfərov, 1983-cü il təvəllüdlü Sənubər Seyidli, 1985-ci il təvəllüdlü Zahir Qurbanov, 1992-ci il təvəllüdlü Vüsal Nəsirov, 1965-ci il təvəllüdlü Çingiz Zahidov, 1999-cu il təvəllüdlü Yusif Quliyev, 1986-cı il təvəllüdlü Ruslan Mustafayev ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər dörd nəfər - 1986-cı il təvəllüdlü Emil Səmədov, 1961-ci il təvəllüdlü Münəvvər Xəlilova, 1980-ci il təvəllüdlü Rafael Musayev və 1981-ci il təvəllüdlü Sadiq Ağayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Həkim-travmatoloq Ədalət Abdullayevin sözlərinə görə, onların vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda onların müayinə və müalicələri davam etdirilir.
 
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.


 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR