İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçular dövlətlərlə girov alverində - New York Timesdən sensasion yazı

2789 31.07.2014 02:45 Gündəm A A
New York Times yazır ki, Əl-Qaidə 2008-ci ildən üzü bəri girovlara görə əsasən Avropa ölkələrindən 125 milyon dollar alıb. Təkcə 2013-cü ildə bu göstərici 66 milyon dollar olub. 
Qəzet bildirir ki, əvvəllər Əl-Qaidə daha çox varlı adamların könüllü ianələri hesabına maliyyələşirdi. Bu kanal zəiflədikdən sonra Qərb əsilli kəslərin girov götürülməsi sürətlə çoxalmağa başladı. 

Hər dəfə girov yerinə iri məbləğdə pul alanda terror təşkilatının bu kimi əməliyyatlara marağı artdı. Tezliklə bu iş onlara başlarına qonmuş şahlıq quşu kimi görünməyə başladı. 


Əl-Qaidənin Ərəbistandakı liderlərindən biri Nasir əl-Vuyaşi bəyan edib ki, girov götürmək çox asan işdir: ”Bu, çox gəlirli ticarətdir və bu işdə bahalı dəfinələr gizlənib. Bir girova görə 10 milyon dollar almaq o qədər də pis deyil. Və bu pullar təşkilatımızın büdcəsinin ən azı yarısını təşkil edir”. 

New York Times yazır ki, bu terror təşkilatına 2008-ci ildən bəri İsveçrə, İspaniya, Avstriya və Fransanın dövlət nəzarətində olan şirkətləri və bir neçə kimliyi gizli saxlanılan təşkilat 90 milyon dollar ödəyib.


Somalinin əl-Şəbab üsyançıları 2 girova görə 30 milyon dollar ala biliblər. 

Qəzet onu da bildirir ki, Avstriya, Fransa, Almaniya, İtaliya və İsveçrə girovlara görə pul ödədiyini inkar edir. Ancaq Fransa kəşfiyyatının yüksək rütbəli şəxslərindən biri Frans Press-ə etiraf edib ki, hökumətlər və şirkətlər demək olar ki, hər dəfə girovlara görə pul ödəməli olublar: “Bəzənsə girov nəyinsə əvəzində dəyişdirilib. Kimsə həbsdən buraxdırılıb və ya girovun yerinə silah-sursat verilib”.

Qəzetin girovlarla bağlı danışıqlarda iştirak etmiş diplomatlara, hökumət nümayəndələrinə istinadən yazır ki, Avropa, Afrika və Yaxın Şərqin 10 ölkəsi Əl-Qaidəyə girovlara görə pul verməli olub. 

ABŞ və Böyük Britaniya isə ödənişlərdən imtina edib. Girovları xilas etmək üçün hərbi əməliyyatlara baş vurub. Bir neçə dəfə uğur da qazanıblar. Amma bəzi hallarda ABŞ-da terrorçularla danışığa getməli olub. Belə ki, amerikalı əsgər Bove Berqdahə görə Talibanın Quantanamada olan bir neçə rəhbər üzvü azadlığa buraxılıb. 

Qəzet bildirir ki, girovlara görə ölkələr pul ödəyirlər, amma rəsmi söhbətlərdə isə bunu inkar edirlər. Beləliklə xalq aldadılmış olur. 

Məqalənin sonunda vurğulanır ki, Böyük Səkkizlər (G8) ötən il girovlara görə terrorçulara pul verilməsini yasaqlayan sənədə imza atıblar. Ancaq bu sənəd formal xarakter daşıyır...

Elbəyi Həsənli 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR