İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan daşınan 167 milyon dollarlıq heroinin sirri - Manşet

21035 14.07.2014 09:00 Gündəm A A


İyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) beynəlxalq narkotrafikin qarşısının alınması haqda rəsmi məlumat yayıb. Bəlli olub ki, Azərbaycandan Gürcüstan ərazisinə daxil olan yük maşınında 2 ton 790 kiloqram “maye heroin” tutulub. Gürcüstan güc strukturlarının əməkdaşları avtomaşının yük yerində içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkar ediblər. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Gürcüstan DİN-in rəsmi məlumatında belə deyilir: “Bu qədər narkotik maddənin aşkar edilməsi Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddənin 80 faizi təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır”.

Ekspertlərin məlumatına görə, maye heroinin tərkibi bir neçə il öncə Əfqanıstan narkotik maddə istehsalçıları tərəfindən hazırlanıb. Maye heroin formulu heroin qaçaqmalçılığının sadələşdirilməsi və onun müxtəlif texniki və ya ərzaq malları adı altında ört-basdır edilməsi üçün icad olunub. Qeyd edək ki, yük plastik çəlləklərdə olub və gizlədilməyib. Bəs,  necə olub ki, bu həcmdə yük maneəsiz şəkildə Azərbaycan ərazisindən daşınıb? Bu suala Azərbaycan DİN, MTN, Sərhəd Xidməti və Gömrük Xidməti cavab verməlidir.
İddialara görə, bu həcmdə narkotik maddənin, arxasında ciddi himayədar olmasa, ölkəmizin bütün ərazisi ilə daşınması mümkün deyil. 


Bu əməliyyatın arxasında kimin , yaxud da kimlərin durduğu və Azərbaycanda kimlər tərəfindən himayə olunduğu sual doğurur. Bu sualın cavabı isə yükün özündən daha maraqlı və vacibdir. Qəzetimizin ekspertlərinin mülahizələri var; narkotrafiklə hansı simaların uğraşdığı çoxdan məlumdur. Beynəlxalq narkotrafikin mühüm zənciri olan Azərbaycanda bir neçə narkotik saflaşdırma məntəqəsi də mövcuddur və bu barədə ötən illərdə yazılar dərc etmişik. Görünür, şəbəkə Gürcüstan ərazisində, ölkəmizdə olduğu kimi, qüsursuz çalışa bilmir.  


“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat”a deyib ki, Gürcüstan DİN-in əməliyyatı sıradan hadisə deyil: “2 ton 790 kiloqram heroin daşınması sadə bir məsələ deyil. ABŞ Dövlət Departamentinin 2011-ci ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı yaydığı hesabatda Azərbaycan ərazisindən il ərzində keçməsi ehtimal olunan narkotiklərin təxminən 30 faizidir. Buradan belə məntiqi nəticəyə gəlmək olur ki, hesabatda göstərilən 11 tona yaxın narkotikin Azərbaycan ərazisindən keçməsi baş verirsə, deməli, ölkə ərazisindən narkotik böyük partiyalarla keçirilir. Bu fakt göstərir ki, bu işlə məşğul olanların sazlanmış xətti var və bu xətt işləkdir. Azərbaycan üzərindən il ərzində 11 ton narkotik  daşınması da amerikalıların havadan götürdükləri rəqəm deyil. BMT hesabatlarında isə deyilir ki, Azərbaycandan tranzit yolla keçən narkotikin ümumi həcmi 300 tona yaxındır!!! Bura müxtəlif növ narkotiklər daxildir. Bu məlumatlar onu deməyə əsas verir ki, Azərbaycanın Sərhəd və Gömrük xidmətləri, narkotiklə mübarizə aparmalı olan qurumlar ya çox səriştəsizdirlər, ya da bu qurumlarda həmin trafikə himayədarlıq edənlər var!”


Gömrük Komitəsi və digər qurumlar 2-3 qram narkotik daşıyan şəxslərin tutulması haqda tez-tez məlumat yaydığı bir vaxtda səriştəsizlikdən danışmaq nə dərəcədə düzgündür? 
Ə.Oruclunun cavabı belədir: “Sual da bundan ibarətdir ki, Azərbaycan sərhədlərindən 5 kiloqram banan keçirmək praktik cəhətdən mümkün deyil. Amma 1 maşında 3 tona yaxın narkotik gəlib Azərbaycanın bir sərhədindən ölkəyə daxil olur, 500 kilometr yol gedir və o biri sərhədini də sərbəst keçir. Deməli, söhbət səriştəsizlikdən gedə bilməz. Bu necə səriştəsizlikdir ki, Azərbaycan sərhədini keçən uşaqların əlindən tutub kitabı alıb baxırlar ki,  hansısa siyasi məqamların olub-olmamasını müəyyən etsinlər”.

Ə.Oruclu çox maraqlı bir məqama da toxundu: “Bu günlərdə Rusiya prezidenti Vladimir Putin MDB xüsusi xidmət, təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri ilə toplantı keçirdi. Həmin toplantıda Rusiya prezidenti 3 bənd üzrə əməkdaşlıq formatı təklif etdi. Bunlar qeyri-qanuni miqrasiya, terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə idi. Bu fonda 3 tona yaxın heroinin tutulması təsadüfi deyil. Bu, bütövlükdə Azərbaycan hakimiyyəti daxilindəki qruplara və ya konkret qruplaşmaya mesajdır. Azərbaycan ərazisindən 3 ton narkotiki keçirmək istəyənlər həmin yükün ölkə ərazisindən maneəsiz keçəcəyinə tam əmin olmalı idilər və yəqin ki, də belə olub”. 

Ekspert Azərbaycan hakimiyyətini təcili surətdə araşdırmalara başlamağa çağırdı: “Nə qədər ki, bu məsələ ilə bağlı Azərbaycana ciddi beynəlxalq təzyiqlər başlamayıb, hakimiyyət öz təşəbbüsü ilə məsələnin təcili təhqiqatının aparılmasını həyata keçirməlidir. Bu, sıradan hadisə deyil. Bu həcmdə narkotik dünya üzrə 2-3 ildə 1 dəfə saxlanır. Bu məsələ çox ciddi diqqət tələb edir. Həm də ictimaiyyətin diqqəti bu məsələyə yönəlməlidir”. 

Ə.Oruclu ölkədə fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətinə də toxunub: “Komissiya narkotiklərlə mübarizə siyasətinə nəzarət edən, yardımçı olan bir qurumdur. Real təsir imkanları olan hüquq-mühafizə orqanlarıdır”.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyevə müraciət edib. M.Əliyev Azərbaycan ərazisindən Gürcüstana 3 tona yaxın narkotik keçirilməsindən xəbərsiz(!) olduğunu deyib: “Xəbərim yoxdur. Eşitməmişəm. Baxaram”.

Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənovdan isə münasibət öyrənə bilmədik. 


Xatırladaq ki, Ə.Həsənov bu il mayın 2-də ötən il narkotik vasitələrin dövriyyədən çıxarılması zamanı cinayətlərin baş verdiyini açıq söyləyib: “Bəzi qurumlar heroin əvəzinə paraşok yandırıblar”. Maraqlıdır ki, Ə.Həsənov həmin şəxslərin adını açıqlamaqdan yayınıb. Məlumdur ki, narkotiklərin qanunsuz dövriyyədən çıxarılması da, yandırılması da birbaşa müvafiq dövlət qurumunun funksiyana aiddir. Deməli, Azərbaycanda narkotiklə mübarizə aparmalı qurumların özündə qanunsuz dövriyyə ilə məşğul olan vəzifə daşıyıcıları var və onlar dövlətə güc göstərə bilirlər. Əks halda dövlətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətini sıfırlayan real addımlar ataraq dövriyyədən çıxarılan narkotikləri yandırmaq əvəzinə “paraşok” yandıra bilməzdilər. Və bunu söyləyən də sıradan şəxs deyil - Əli Həsənov prezidentə antinarkotik hesabatlarını hazırlamalı olan komissiyanın sədridir. 

Bu ilin aprelində Əli Həsənovun rəhbərlik etdiyi Dövlət Komissiyasının İşçi Qrupu “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə üzrə məruzə” hazırlayaraq yaymışdı. Həmin məruzədə qeyd edilirdi ki, 2014-cü il yanvarın 1-ə qədər “qara bazar”da 1 kq həşişin topdan satış qiyməti minimum 3 min dollar, maksimum 4 min dollar, 1 kq tiryəkin topdan satış qiyməti minimum 5 min dollar, maksimum 7 min dollar, 1 kq marixuananın topdan satış qiyməti minimum 6 min dollar, maksimum 8 min dollar, 1 kq heroinin topdan satış qiyməti isə minimum 15 min dollar, maksimum 20 min dollar olub.

“Qara bazar”da 1 kq həşişin pərakəndə satış qiyməti minimum 8 min dollar, maksimum 10 min dollar, 1 kq tiryəkin pərakəndə satış qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar, 1 kq marixuananın pərakəndə satış qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar, 1 kq heroinin satış qiyməti isə minimum 40 min dollar, maksimum 60 min dollar təşkil edib.

Heroinin pərakəndə satış qiymətinin çox yüksək olması isə təsadüfi deyil. Məruzədə qeyd edilib ki, son illər Avropada narkotik istifadəçiləri daha çox heroin və kokaindən istifadə edirlər. 2010-2011-ci illərdə Avropa ölkələrində narkotik vasitələrin dövriyyəsində bir sıra dəyişikliklərin baş verməsi nəticəsində “qara bazar”da heroin çatışmazlığı müşahidə olunur. Buna səbəb həm də Əfqanıstanda əkin sahələrinin yararsız hala düşməsi olub.
Lakin 2012-ci ildə bu sahələrin yenidən münbitləşməsi nəticəsində heroin və kokainin Avropa bazarına daşınması kütləvi hal alıb. Əfqanıstanda bu cür əkin sahələrinin ərazisi hazırda 131 min hektardır. Bu isə 2011-ci ilə nisbətən 11 faiz çoxdur. Ümumiyyətlə, dünya bazarına çıxarılan narkotik vasitələrin 95 faizini əfqan narkotiki təşkil edir. 


Cənubi-Şərqi Asiya ölkələrində (Laos, Myanma və Tailand) isə bu cür əkin sahələri 43 min hektardır. Son illər bu ölkələrdə narkotik bitkilərin becərildiyi əkin sahələri 2 dəfə artıb. Əfqanıstandan sonra Latın Amerikası ölkələri (Boliviya, Peru, Kolumbiya, Ekvador) heroin və kokainin yayılmasında geniş yer tutur. Bu bölgədə daha çox kokain yetişdirilir. Bu da hazırda dünya bazarında heroin və kokainin daha çox yer tutduğunu göstərir. 

İşçi qrupunun yaydığı rəsmi rəqəmlərə əsasən sadə bir hesablama aparsaq, bir yük maşını ilə Azərbaycanın ərazisində hansı qiymətdə olan yükün daşındığını müəyyən edə bilərik. Rəsmi məlumatda 1 kiloqram heroinin 60 min dollar olduğu qeyd olunur. Həmin rəqəmi 2 ton 790 kiloqrama vursaq 167 milyon 400 min dollarlıq heroinin cəmi 1 maşınla ölkəmiz ərazisindən keçdiyini görürük. Narkomanlar arasında “Tanrının göz yaşı” adlandırılan bu yükün Azərbaycan ərazisindən sərbəst keçməsi, heç şübhəsiz ki, böyük pullar hesabınadır. Və bu çirkli paranın sıradan bir narkobaronun cibinə axması sadəcə inandırıcı deyil. O səbəbdən ki, həmin narkobaronun yükün hüquq mühafizə orqanlarının əlinə keçməyəcəyinə qarantiya verməsi 167 milyonluq həmin yükün daşınmasından hansı vəzifəlinin və neçə faiz alması, qazanması sualı açıq olaraq qalır.

Mövzuya qayıdacağıq. 

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR