İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcülər nə istədiyini bilirmi?

1333 18.04.2024 12:55 Yazarlar A A

Qonşu ölkədə yaşayanlar deyirlər ki, onlarla bağlı heç bir siyasi texnologiya işləmir, yəni orta statistik gürcünün davranışını proqnozlaşdırmaq çətindir- bu mənada Gürcüstanı nə gözlədiyini demək asan deyil...

Aprelin 17-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etdikdən sonra iki gün əvvəl Tiflisdə başlamış etiraz aksiyaları davam edib.  Məlumdur ki, müxalifət hakim “Gürcü Arzusu” partiyasından olan həmkarlarının çıxışlarını qışqıraraq pozmağa çalışıb və  parlamentin iclası yarımçıq kəsilib. Parlamentin spikeri Şalva Papuaşvilinin bir neçə müxalifət üzvünü zaldan çıxarmaq qərarından sonra bütün müxalifət deputatları etiraz əlaməti olaraq iclas zalını tərk ediblər. Layihə 83 deputatın səsverməsi ilə ilk oxunuşdan keçib. Hələ ki, hökumət Tiflisdə keçirilən aksiyaya nəzarət edir, yalnız təxribatçı qüvvələr polis tərəfindən saxlanılır.    

Bəs bu dillər əzbəri olan “rus qanun”u nədir? Qanun layihəsində deyilir ki, KİV və qeyri-hökumət təşkilatları illik gəlirlərinin 20%-dən çoxunu xarici dövlətdən alıblarsa, “xarici təsir agenti” sayılırlar. Bu qədər net və sadə. 2012-ci ildə Rusiya da analoji  qanunu  qəbul edib.  O zaman Putin də, indi də hakim “Gürcü Arzusu”da  deyir ki, belə qanun ilk dəfə Amerikada qəbul olunub, “biz onlardan nümunə götürmüşük” və sairə. Yalan deyirlərmi? Yox, düz deyirlər. Xarici Agentlərin Qeydiyyatı Aktı (Foreign Agents Registration Act, qısa olaraq FARA)  hələ 1938-ci ildə qəbul edilib və sonrakı illərdə  düzəlişlərlə qadağa dairəsi əhəmiyyətli dərəcədə azaldılıb.

2d9f51365063fbbc3d64e96c3ced68c8.jpg (85 KB)

FARA əlbəttə ki, “rus qanuni” deyil, QHT-lərlə deyil, kommersiya fəaliyyəti ilə məşğul olan strukturlarda - konsaltinq, lobbiçilik və ya media ilə məşğuldur.  Başqa sözlə, ABŞ-da xarici agentlərin reyestrinə ilk növbədə başqa dövlətin maraqları üçün lobbiçilik edən təşkilatlar və şəxslər daxil edilir.

Rusiya ilə soyuqlaşan münasibətlər fonunda ABŞ bu qanunu yenidən gündəmə gətirdi. ABŞ Ədliyyə Nazirliyi  Amerikada “xarici agent” kimi qeydiyyatdan keçmək tələbini ilk olaraq  Marqarita Simonyanın rəhbərlik etdiyi telekanala(RT) qarşı qaldırdı. Söhbət erməni Marqaritanın telekanalında nə danışdığı, nə təbliğat apardığı deyil, bunlar məlum... Telekanal bağlanmaq məcburiyyətində qaldı, Putin hakimiyyəti də ondan daha betər qanun qəbul etdi.

661ca23925137661ca239251381713152569661ca23925135661ca23925136.jpeg (101 KB)

İndi Rusiyada “xarici agent” statusu o qədər “əhatəli” və qeyri-müəyyən kateqoriyadır  ki, dövlət hətta müstəqil rəylə mübarizə aparmaq üçün istifadə edir. Məsələn, Rusiyadan müğənni arvadı ilə qoşulub qaçan yumorist Qalkin də “xarici agent” elan edilib. ABŞ-da “xarici agentlər” birbaşa xarici hökumət və ya təşkilat tərəfindən idarə olunan və ya nəzarət edilən şəxslərdir. Rusiyada bu statusu üçün xarici qrant almaq kifayətdir...

Gürcüstan eyni şeyi edir, amma  Amerika da, Avropa Birliyi də etiraz edir. Gürcüstanın bu qanunu niyə yenə gündəmə gətirdiyinin səbəbləri də aydındır. Ukrayna müharibəsi Cənubi Qafqazda da nüfuz mübarizəni qızışdırıb, Gürcüstan uğrunda bu  mübarizə illərdir ki, davam edir. Bu, bəlkə də üzdə o qədər də görünmür. Amma bu mübarizə var. Düşünmürəm ki, Gürcüstanın oliqarx patronu Bidzina İvanişvili qanunu Kremlin, ya Putinin sifarişi ilə edir, yaxud Tiflisi öz tərəfinə çəkmək səylərindən əl çəkməyən Qərblə yollarını birdəfəlik ayırıb, Rusiyaya “birləşir”. Əlbəttə ki, İvanaşvili və Tiflisdəki adamları yaxşı başa düşür ki, Qərb Gürcüstanı da “qaynar nöqtəyə” çevirmək cəhdlərini dayandırmır, “qapıdan qovsan da, bacadan girmək istəyir”.

242680428_0_0_2000_1125_1920x0_80_0_0_f24e52c2edd7813780433752d913c941.jpg (295 KB)

Gürcüstanla bağlı yazılarımda vurğulamışam ki, bu hökumətin siyasi davranışları hörmətə layiqdir və  praqmatizmə əsaslanır. Həm sabiq baş nazir Qaribaşvili, həm də indiki baş nazir İrakli Kobaxidze ölkəni emosiyalarla deyil, ağılla yönəldirlər. Kobaxidze dünən deyib ki, 2020 və 2022-ci illərdə QHT-lər Gürcüstanda inqilab təşkil etmək üçün iki cəhd edib. QHT-lər Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması kampaniyasında fəal iştirak ediblər ki, bu da Gürcüstanı mütləq çöküşə gətirib çıxaracaqdı. Kobaxidze onu da bildirib ki, qanun layihəsinin əleyhdarlarının heç bir arqumenti yoxdur. Avropalı siyasətçilərin bəyanatlarından fərqli olaraq, Kobaxidze hesab edir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu Gürcüstanı Avropadan uzaqlaşdırmayacaq, əksinə, “keyfiyyətcə onu əsas siyasi məqsədə - Avropa İttifaqına inteqrasiyaya yaxınlaşdıracaq”. O, xarici siyasətçiləri və diplomatları şəffaflıq haqqında qanun layihəsi ilə bağlı açıq müzakirəyə dəvət edib.

Gürcüstan parlamenti bu gün hökumətin yeni tərkibini təsdiq edəcək - AZƏRTAC

Gürcüstanda vəziyyəti qəlizləşdirən əsas faktor prezident-hökumət qarşıdurmasıdır. Ötən il bu qanun müzakirə ediləndə, Salome Zurabişvili  ABŞ-da idi və gecəyarı Azadlıq heykəlinin fonunda xalqa müraciət də etmişdi. İndi də prezident xarici agentlər haqqında qanun layihəsinə qarşıdır və parlament qəbul etsə belə, onu imzalamayacağını bildirib.  Kobixadze isə qanuna mənfi münasibət bəslədiyi üçün prezidenti “xarici təsir agenti” adlandırıb. Qeyd edək ki, parlament çoxluğu prezidentin vetosunu aradan qaldıra bilir. Yəni Zurabişvilinin vetosu gərginliyi aradan qaldıra bilməyəcək.

Belə görünür ki, həm Gürcüstan hökuməti, həm xaricdən ciddi dəstəyi olan müxalifət və QHT-lər payızda- oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə “həlledici döyüş” kimi baxırlar. Gürcülər özləri haqda deyirlər ki, onlarla bağlı heç bir siyasi texnologiya işləmir, yəni orta statistik gürcünün davranışını proqnozlaşdırmaq çətindir. Bu mənada Gürcüstanı da nə gözlədiyini demək asan deyil...

Nazim SABİROĞLU,
Musavat.com      

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR