İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Azərbaycandan iki mühüm xəbər

2030 24.12.2014 23:47 Güney hadisələri A A


Güney Azərbaycanın Urmiyə şəhərinin mərkəzi zindanında aclıq aksiyası keçirən siyasi məhbuslar öz tələblərinə çatdıqdan sonra aksiyanı dayandırıblar. Dekabrın 22-də zindan məsulları həbsxananın 12-ci bölümünə gəlib və aclıq aksiyası keçirən siyasi məhbusların tələbi ilə razılaşdıqlarını bildiriblər. Bundan sonra məhbuslar 33 günlük aclıq aksiyasını dayandırıblar. GunAzTV bildirir ki, bu barədə Urmiyə zindanının məhbuslarından biri “Nəfəs dər qəfəs”in müxbirinə məlumat verib. Lakin bəzi mətbu orqanları məhbusların aclıq aksiyasının dayandırılması ilə bağlı yayılan xəbərləri təkzib edib. Xatırladaq ki, 29 siyasi məhbus noyabrın 20-dən siyasi məhbuslara edilən təzyiqə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Məhbusların əsas tələbi siyasi məhbusların, qətl və narkotiklə əlaqədar həbs olunan məhbuslardan ayrı bölümlərdə saxlanılması olub.

Güneydən gələn digər mühüm xəbər isə İranın milli pul vahidlərinin üzərində Azərbaycan simvollarının olmamasına etiraz bildirilməsidir. Məlumata görə, İran rejimi, əskinaslar üzərində qeyri-fars millətlər o cümlədən Azərbaycana aid heç bir simvoldan istifadə etməyib. İranda maddi və qeyri-maddi mədəni irslərin çoxunun türklərə aid olmasına, türklərin İran coğrafiyasının tarixi sahibi olmalarına baxmayaraq bu faktlar nəzərə alınmayıb. Odur ki, Təbriz, Azərşəhr və Üskü əhalisinin İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi İqtisadiyyat Naziri və İran Mərkəzi Bankının rəisinə məktub yazaraq Azərbaycanın tarixi məkanları və simvollarının şəkilindən ölkə əskinaslarının üzərində istifadə olunmasını istəyib. O  vurğulayıb ki, əhalinin bu istəyinə hörmət edilməli, Azərbaycan və Təbrizin simvollarından biri əskinaslar üzərində çap olunmalıdır. M.İ.Səidi əlavə edib: “Azərbaycan və Təbriz uzaq tarixdən bəri milli birlik və mədəni, siyasi və iqtisadi sahələrdə böyük rol oynayıb və bu məsələ səbəb olub ki, Azərbaycanın bəsirətli əhalisi islam inqilabı zamanı və onun qələbəsindən sonra bütün sahələrdə müsbət rol oynasın. Əhalinin tələblərindən biri də Mərkəzi Bank tərəfindən nəşr olunan əskinasların üzərində Azərbaycan simvollarına diqqət yetirməkdir. Ölkənin bir çox tarixi məkanları və simvolları əskinaslar üzərində əks olunub, lakin təəssüflə Azərbaycan simvollarından heç bir xəbər yoxdur.”

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR