İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanan binada ev sahibləri ilə kirayənişinlər arasında problem böyüyür

2914 25.05.2015 08:15 Gündəm A A


Binada təkcə insan tələfatı  olmadı, eyni zamanda, sakinlərə külli-miqdarda maddi ziyan dəydi. Doğrudur, sakinlər artıq yaşayış yerləri ilə təmin olunub, ilkin olaraq, dəyən ziyanın müqabilində kompensasiya alıblar. Məsələ burasındadır ki, bu məsələdə də ciddi problemlər ortaya çıxıb. Belə ki, yanan binada kirayə yaşayanlar kompensasiya almaqda ciddi problemlərlə üzləşiblər. Reallıq budur ki, yaşayış binasının sahibi başqasıdır, amma yanan əşyalar kirayənişinlərə məxsusdur. Kirayə müqaviləsinin bağlanmaması bu cür problemlərin meydana çıxmasına səbəb olub. 

Bu cür problemi əsas yaşayan şəxslərdən biri 40 günlük körpəsi ilə ölümün pəncəsindən xilas olunan jurnalist Sevinc Fədaidir. Sevinc xanım müsavat.com-a açıqlamasında ev sahibi tərəfindən təhdidlərə məruz qaldığını bildirib: “Prezident İlham Əliyevin sərəncamında nəzərdə tutulan zərərçəkmişlərin kompensasiyasını ev sahibi bizə vermək istəmir. 2 gündür qərargahda sürünürük. Evdə körpə uşağım var, yanğın zamanı stress yaşamışıq, heç təkrar müayinəyə vaxt tapıb gedə bilməmişik. Elə görünür ki, iş çox uzanır, nəticədə haqqımız olan kompensasiyanı ala bilməyəcəyik. Ev sahibi bizi təhdid edir, onların dedikləri sözlər bizə ən azı yanğın qədər təsir edir. Bizi fürsətdən istifadə etməkdə suçlayırlar. Halbuki yanğında biz əzab çəkmişik, mücadilə sayəsində həyatda qalmağı bacarmışıq”.

Jurnalist ev sahibinin verilən təzminatı ödəmək niyyətinin olduğunu da qeyd edib:  “O, bizdən istifadə edib pul qazanmağa çalışır. Hacıbala müəllim görüşdə bizə dedi ki, sənəd və şahidlərlə kirayə qaldığınızı təsdiqlədiyiniz halda kompensasiya haqqınızdır, tələb edə bilərsiniz. Hazırda qərargahda kirayə qalan sakinlər toplaşıb öz haqlarını tələb edirlər. Əgər ev sahibi haqqımızı verməzsə, prezidentə qədər müraciət edəcəyik, bu işin axırınadək gedəcəyik. Mən evdə uşağımı qoyub qərargaha gəlmişəm, bu prosesdən başımız açılmır, heç 40 günlük Ucalı yenidən müayinəyə apara bilməmişik, temperaturu qalxıb. Biz yalnız haqqımız olanı istəyirik”.

Yaranan problemlə bağlı hüquqşünas rəyini almağı lüzum bildik. Müzəffər Baxış qanunvericiliyə görə, hökmən kirayə müqaviləsinin bağlanılmasının vacib olduğunu bildirdi: “Müqavilə hökmən bağlanılmalıdır. Azərbaycanda kirayə verən bu işdə maraqlı deyil. Çünki onda 14% vergi ödəməlidir. Yanan bina ilə bağlı Nazirlər Kabinetinin 21 may tarixli sərəncamı var. Sərəncama görə, binada faktiki yaşayan şəxsə ziyan ödənilməlidir. Sakin faktiki yaşayan şəxsi nəzərdə tutur. Əmlakdan söhbət gedir. Kirayə müqaviləsi olmasa belə, qonşuların təsdiqi əsas götürülür”.

Qeyd edək ki, yaşanan faciədən istifadə edənlər də tapılıb. Belə ki, 21 yaşlı Ağsu sakini Kamran Babayev iki nəfər ölü, iki nəfər canlını yanan binadan çıxardığını, boğularkən FHN-in helikopterləri ilə xilas edildiyini bildirib. İki gün sosial şəbəkələr və mətbuatın “saxta qəhrəmanı” olan bu şəxsin sonradan yalan danışdığı üzə çıxdı. FHN-ə çağırılan Kamran yalan danışdığını və binanı kənardan seyr etdiyini bildirib. Onun atası da oğlunun yalan danışdığını və bunu psixoloji xəstəliyi ilə əlaqələndirib.

Ötən həftəyə damğasını vuran məsələlərdən biri də baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifovun jurnalistləri təhqir etməsi oldu. Dövlət rəsmisi jurnalistin şirkətlə bağlı sualına “sənə nə hansı şirkətdi, pressa bunu niyə bilməlidir ki?! Alaba şirkəti, hə, sonra...” kimi sözlərlə verdiyi cavab çoxlu müzakirələrə yol açdı. 

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR