İnsanlara hürriyət, millətlərə istiqlal!

“XOCALI MƏSƏLƏSİNDƏ MƏNİM MƏSULİYYƏTİM YOXDUR”

8566 26.02.2013 09:51 Gündəm A A

Özünün də dediyi kimi, heç də sadə məsələ deyil. Ancaq eks-prezidentlərin statusu haqqında qanunun qəbulundan sonra vətəninə qayıtması da onun əhvalında ciddi dəyişikliyə səbəb olmayıb.
Azərbaycanın birinci prezidenti cənab Ayaz Mütəllibovla ilk görüşümüzdə mən bunu açıq-aydın sezdim. Bu kədər təkcə onun ömrünün mühacirət mərhələsi, yaxud da övladını vaxtsız itirməsi ilə bağlı deyildi.

Səmimi söhbət zamanı ürəyini açıb dedi ki, o, 20 ildən sonra döndüyü Azərbaycanın 20 faiz torpaq itkisi ilə baş-başa qalmasına çox üzülür, dərin sarsıntı keçirir.
Köməkçi və mühafizəçiləri ilə bərabər yas məclisinə gedəcəyi səbəbindən onunla elə yaşadığı binanın birinci mərtəbəsindəki rahat, səliqəli bir guşədə söhbətləşdik. Bir sıra hallarda ona vaxtla bağlı işarə edən köməkçisinə isə narahat olmamağı deyib sualları təmkinlə, yüksək mədəniyyətlə cavablandırdı. Görüşümüz Xocalı soyqırımının ildönümünə təsadüf etdiyindən söhbətimizin ilk bölümü bu barədə oldu...

- Ayaz müəllim, öncə müraciətimizi müsbət cavablandırıb “Yeni Müsavat”a müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. Hazırda hansı işlərlə, fəaliyyətlə məşğulsunuz? 90-cı illərdən sonrakı prezidentlik dönəminizi, həmçinin həyatınızın mühacirətdəki ağır mərhələsini kitab halına salmağı planlaşdırır, memuar yazırsınızmı? Yoxsa hesab edirsiniz ki, hələ tezdir?

- İlk növbədə məndən müsahibə götürmək istəyinizə görə sizə təşəkkürümü bildirmək istəyirəm. “Yeni Müsavat” qəzetini kütləvi informasiya vasitələri arasında populyar qəzetlərdən biri hesab edirəm. Qəzetin səhifələrində bəzən bir-birinə əks olan müxtəlif müəllif fikirləri yerləşdirilməsinə baxmayaraq onlar eyni zamanda oxucuların bilgilənməsi üçün layiqli məlumatlardır. Azərbaycanda demokratiyanın inkişafı naminə qəzetin kollektivinə yeni-yeni uğurlar arzulayıram. Bu gün konkret fəaliyyətlə məşğul deyiləm. Yazı işlərim çoxdur, kitablar üzərində işləyirəm. Bir neçə kitabım nəşr edilmək haqqında verəcəyim qərarı gözləyir.

- Heç paytaxta sərbəst şəkildə çıxdığınız olurmu? Əgər olursa, ən çox hansı ünvana üz tutursunuz?

- Vaxtilə gənclik illərində vaxt keçirdiyim yerləri xatırlayıram. Bu, ilk növbədə indiyədək bakılıların bulvar adlandırdıqları Dənizkənarı Milli Parkdır. Bura şəhərin mərkəzini, indiki Fəvvarələr meydanını və ona doğru istiqamətlənən küçələri də əlavə etmək olar. Mən bu küçələrdə piyada bir neçə dəfə gəzişərək bütün şəhərə xüsusi gözəllik verən çil-çıraqlı evləri heyranlıqla seyr etmişəm. Şəhərdə insanlar, xüsusilə gənclər çoxdur. Bu, şəhər sakinlərinin tərkibində nəsillərin dəyişməsi ilə izah edilir. Bu şəhəri mənim üçün daha cəlbedici edən həmyaşıdlarıma indi nadir hallarda rast gəlmək olar.

- Bugünlərdə Xocalı soyqırımından danışarkən ruhunuzun əzab çəkdiyini demişdiniz. Bu dəhşətli hadisənin 21-ci ildönümündə necə hesab edirsiniz, Xocalıda xalqımızın başına gətirilənlərlə bağlı sirlər, qaranlıq mətləblər tam açılıbmı, yoxsa hələ də bilmədiklərimiz var?

- 80-cı illərin sonlarında-90-cı illərin əvvəllərində siyasətlə məşğul olanlar bilməli idi ki, siyasətdə təsadüflər olmur. Tarixin hansısa məqamında siyasi proseslər qlobal və lokal əhəmiyyətə malik olub və olmaqdadır. Dünyada böyük ruh yüksəkliyi ilə qarşılanan SSRİ-nin əsaslarının yenidən qurulması prosesi reforma olunan dövlətin, eləcə də keçmiş müttəfiq respublikaların hər birinin daxili və xarici siyasətinin dəyişdirilməsi amili hesab olunmaya bilməzdi. Sovet sisteminin demokratikləşməsinin asan olmayacağı hamıya aydın idi. Bu səbəbdən o dövrün milli elitasının üzərinə respublikalarda baş verəcək mürəkkəb vəziyyətin tədqiq olunması və bunlar haqqında qabaqcadan xəbərdarlıqlar edilməsi vəzifəsi düşürdü. Bu vəziyyətlər qarşıdakı geosiyasi dəyişikliklərlə əlaqədar mütləq baş verməli idi. Xatırladım ki, belə vəziyyət Azərbaycanda 1988-ci ilin fevralında Dağlıq Qarabağda münaqişə başlanması ilə aktiv fazaya keçdi. Yəni o vaxtdan ki, artıq müttəfiq analitiklər yenidənqurma prosesinin milli respublikalarda millətçilik yolu ilə gedəcəyini başa düşdülər. Məsələn, aydın idi ki, Baltikyanı respublikalarda yaradılan qeyri-formal ictimai hərəkatların liderləri öz fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən məhz millətçi dəyərlərə əsaslanırdılar. Azərbaycanda Xalq Cəbhəsi hərəkatına öz dünya görüşünə görə pantürkist, dissident Əbülfəz Əliyev (Elçibəy-E.P.) başçılıq edirdi. O vaxt bu yenidənqurma dövründə Dağlıq Qarabağ və Ermənistanda siyasi səhnəyə heç də təsadüfi gəlməyən erməni millətçilərinə azərbaycanlı cavabı oldu. Tezliklə məlum oldu ki, Dağlıq Qarabağ münaqişəsi millətçi yönümlü azərbaycanlıların ayağında qandala çevrilib. Düşünmək, təhlil etmək, heç olmasa təhlükələrə hazır olmaq üçün azərbaycanlı qeyri-formalların vaxtı yox idi. Təəssüflər olsun ki, yenidənqurma “qızdırması” zamanından bu yana Azərbaycanda təhlil ilə heç kim məşğul olmurdu. Bütün o zamankı ictimai həyat Dağlıq Qarabağ münaqişəsi ətrafında və hakimiyyət uğrunda mübarizə aparanların maraqları çərçivəsində manipulyasiyalarla tənzimlənirdi. İmkandan istifadə edərək gizli təhlükələrə qiymət verilməməsi barədə konkret bir misal çəkmək istəyirəm. 1992-ci ilin fevralında Xalq Cəbhəsinin təzyiqi altında respublika Ali Soveti hələ o vaxt kağız üzərində mövcud olan milli ordunun MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması haqqında müqaviləni imzalamaq hüququnun mənə verilməsinə icazə vermədi.

- Məgər bu, ölkənin müstəqilliyini qorumaq üçün düzgün addım deyildimi?

“Bütün bu tarixi hadisələrdə hələ də qaranlıq qalan səhifələr az deyil”

- Bu addımla biz hələ keçid dövründə fəaliyyət göstərən bütün Rusiya generalitetini özümüzdən uzaqlaşdırdıq. Belə ki, həmin vaxtlarda onlar köhnə əhval-ruhiyyə ilə yaşayır və müttəfiq respublikalarda onların həyatlarını korlayanlara yaxşı münasibət bəsləmirdilər. Buna səbəb onların bölgələrdən çıxarılması haqqında respublikaların qoyduğu tələblər idi. Bir anda adi həyat şəraitini itirmiş, ailələri ilə birlikdə küçədə qalmış hərbi qulluqçuların əhval-ruhiyyəsini təsəvvür etmək çətin deyildi. Ermənilər isə bizdən fərqli olaraq nəinki MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmaq haqqında sazişi imzaladılar, hətta daha uzağa gedərək Ermənistan ərazisində yerləşən 7-ci sovet ordusunun əsasında Rusiya hərbi bazasını yaratmaq hüququnu Rusiya Federasiyasına verdilər. Əlbəttə ki, biz qarşımıza belə məqsəd qoymamışdıq. Amma hesab edirdik ki, həmin anda hələ reallıqda mövcud olmayan ordunun MDB KTMT-də təmsil olunması bizim xeyrimizədir. Belə ki, həmin dövrdə yaraqlıların fəaliyyətinə güc yolu ilə nəzarət etmək imkanlarımız məhdud idi. Beləliklə, mənim münaqişə zonasında respublikanın təhlükəsizlik məsələlərinin həlli üçün siyasi praqmatizmimin qarşılığında o vaxtkı opponentlərim sakitləşməyən hakimiyyət hərisliyi nümayiş etdirdilər. Onlar bu niyyətlə mənim vəziyyətimi qəsdən pisləşdirir, nəticədə isə respublikada yaranan durumu daha ağırlaşdırırdılar. 1992-ci il, fevralın 14-də MDB dövlət başçılarının iclasında sazişi imzalamadan Minskdən geri qayıtdım. 3 gün sonra, yəni həmin il fevralın 17-də Xocalı şəhəri ermənilər tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Bu əməliyyatda 366-cı alayın hərbi qulluqçuları da iştirak etmişdilər. Bu məlumatı mənə Tehranda olduğum vaxt Bakıdan telefonla bildirdilər. Hər dəfə bu hadisələri xatırladıqda heyrətə gəlirəm ki, müxalifət qəsdən mənə, nəticə kimi Azərbaycana qarşı təxribatçılıq işlərinə necə qol qoya bilərdi. Görünür, bütün bu tarixi hadisələrdə hələ də qaranlıq qalan səhifələr az deyil.

- Xocalı soyqırımının hüquqi qiymətinin verilmədiyi, həmçinin beynəlxalq məhkəməyə Azərbaycanın müraciət etməməsi barədə vaxtaşırı müzakirələr açılır. Siz bu məsələlərlə bağlı nə düşünür, nə təklif edirsiniz?

- Xocalı hadisələri pozucu qüvvələrin həyata keçirdiyi əməllər zəncirinin bir həlqəsidir. Miqyası və nəticələrin ağırlığı o səviyyədədir ki, onların araşdırılması bütün regionları, əvvəlki ittifaq hakimiyyətinin bütün şaquli xətt üzrə fiqurantlarını əhatə etməlidir. Keçmiş ittifaq dövlətinin ali rəhbərliyinin hərəkətlərinə qiymət vermək lazımdır. Çünki Azərbaycanda və digər respublikalarda qanlı hadisələrə səbəb olmuş demokratikləşmə prosesi ittifaq mərkəzi tərəfindən düşünülüb həyata keçirilmişdi. Bu kompleks məsələlərin öhdəsindən kim gələ bilər, hansı məhkəmə öz qərarını çıxara bilər?

- Ötən həftə Xocalı abidəsini ziyarət etsəniz də bu barədə heç nə danışmamışdınız. Zaman-zaman Xocalı soyqırımına görə ittiham olunubsunuz. Heç nə vaxtsa düşünübsünüzmü ki, baş verənlərdə mənim də məsuliyyət payım var, elə edə bilərdim ki, bu müsibətlər baş verməzdi?

- Xocalı məsələsində mənim məsuliyyətim yoxdur. Mən Ağdamda elə qüvvə toplamışdım ki, o qüvvələr Qarabağı tamamilə azad etməyə qadir idi. Ancaq eləmədilər. Cəbhəçilərdən dəvət etmişdim, Qarabağda xüsusi dairə yaratdım, Tahir Əliyev kimi adamı qərargahın rəhbəri qoydum, bütün qüvvələri ona tapşırdım. O neylədi?!

- Ermənistan Xocalı aeroportunu işə salmağa israrlıdır. Bakı isə buna yol verməyəcəyini bəyan edir. Siz bu problemin çözümünü nədə görürsünüz, müharibə qərarının vaxtıdırmı? Ümumiyyətlə, Ermənistanla 20 ildən çox davam edən danışıqların davamının mənasını görürsünüzmü?

- Bu, kifayət qədər mürəkkəb məsələdir və ona sual-cavab formatında cavab vermək olduqca çətindir. Müasir dünyada müharibə və sülh məsələləri böyük dövlətlər tərəfindən problemin aşkar və ya gizli müzakirəsi və müvafiq qərarın qəbul olunması ilə həll olunur. Çünki dünya bu gün qlobal və lokal maraqlar çərçivəsində yaşayır. Buna görə də əsas dövlətlərin müəyyən nöqtədə fikirləri üst-üstə düşməlidir. Bizim onların fikrinə etinasız yanaşmaq hüququmuz varmı? Yəqin ki, var. Lakin belə olan halda onların özlərini necə aparacaqlarını demək çətindir. Müharibəni başlamaq asandır, nəinki onları başa çatdırmaq.

- Maraqlıdır, sizin ürəyinizdə AXC-yə, Cəbhə hakimiyyətinə qarşı keçmişdə olanlara kin-küdurət varmı, yoxsa onları unutmusunuz?

- Mən təbiətən kin saxlayan adam deyiləm. Ona görə də məni incidənləri çoxdan bağışlamışam. Mənim özümün və yaxınlarımın bu 21 il ərzində çəkdiyi hər bir şeyi xatırlayıram. Xatırlayıram, çünki unutmaq mümkün deyil. Necə unutmaq olar ki, dövlət çevrilişindən dərhal sonra, yəni 1992-ci il, mayın 16-da kamuflyaj formada olan bir neçə nəfər mənim yenicə doğulmuş qız nəvəmi tapmağa cəhd göstərmiş və özlərinin dediyi kimi, onu Qarabağda həlak olanlara qurban vermək istəmişdilər? Yaxşı ki, qonşular bu başıpozuqları qovmuşdular. Ailəm isə dostumuzun bağ evində gizlədilmişdi. Nəyə görə dostlarımın müşayiəti ilə xanımım nəvəsi və uşaqları ilə birlikdə qeyri-leqal formada Mahaçqalaya keçib oradan Moskvaya getməli idi və çəkdikləri əzablar haqqında ürək tutması ilə xəstəxanada yatdığım vəziyyətdə mənə danışmalı idi? Məgər onlar cinayətkar idi?

- Söhbətimiz həm də sizin istefanızın ildönümü ərəfəsinə təsadüf edir. İllər keçəndən sonra həmin günləri necə xatırlayırsınız? Bu gün analoji situasiya ilə üzləşsəydiniz, hansı addımı atardınız?

(davamı növbəti sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR