İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Yaqubluya 5, İlqar Məmmədova 7 il iş verildi

9427 18.03.2014 08:55 Gündəm A A



Əməkdaşımızın Şəkidən verdiyi xəbərə görə, məhkəmənin işini işıqlandırmaq istəyən jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri salona buraxılmayıb.  Tofiq Yaqublunun və digərlərinin məhkəməsində iştirak etmək üçün Bakıdan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, sabiq deputat İkram İsrafil, hüquq müdafiəçisi Vidadi isgəndərli, eləcə də bir qrup partiya funksioneri Şəkiyə gedib.
Yaradılan maneələrə baxmayaraq, Avropa İttifaqının nümayəndəsi, Amerika səfirliyinin təmsilçisi Steven Qays və Britaniya səfirliyinin siyasi məsələlər üzrə ikinci katib Endrü Harvey məhkəmə salonuna daxil olublar və prosesi izləyirlər. 

Məhkəmə saat 10-da başlayıb. Hakim Rəşid Hüseynov məhkəmə zalına daxil olan kimi məhkəmə hökmünü oxumaq üçün zaldakıların ayağa qalxmasını istəyib. İ. Məmmədov “burada məhkəmə yoxdur” deyərək ayağa qalxmayıb. T. Yaqublu isə məhkəmə başlayan gündən ilk dəfə ayağa qalxıb və deyib ki, cəza hökmünü şərəflə qəbul etmək üçün ayağa durur. 

Daha sonra hakim məhkəmə hökmünü oxumağa başlayıb. Məhkəmə hökmü oxunarkən vəkillər elə birbaşa nəticəni demək üçün hakimə müraciət ediblər. Hakim “hər kəs qanuna riayət etməlidir” deyə etiraz edib. T. Yaqublu “qanuna birinci hakim əməl etməlidir” deyə cavab verib.

*  *  *
Məhkəmədə hakimin elan edəcəyi hökmün əsaslandırılması saat 13-ə qədər davam edib. Bundan sonra 14:30-dək fasilə elan olunub. T. Yaqublu məhkəmə başlayandan fasiləyədək əlində Rəsulzadənin portretini saxlayıb və hökm oxunana qədər, məhkəmə başa çatana qədər də saxlayacağını deyib.

Qeyd edək ki, beynəlxalq ictimaiyyət T. Yaqublu və İ. Məmmədovu vicdan məhbusu sayır, onların siyasi motivlərlə təqib olunmasının yolverilməz olduğunu bildirir.
Əməkdaşımızın verdiyi məlumata görə, fasilədən sonra  “İsmayıllı işi” üzrə mühakimə olunanlara hökm oxunub. Hakim T. Yaqubluya 5, REAL sədri İ.Məmmədova 7 il həbs cəzası kəsib, digər müttəhimlərdən 8 nəfər şərti azadlığa buraxılıb, qalanları isə 4-8 il arasında həbs ediliblər. 

Səftər Ağamalıyev, Vasif İbrahimov və Anar Həsənov 8 il, Səftər Ağamalıyevin qardaşı Qəmbər Ağamalıyev 4 il 6 ay, Şükran Möhübalıyev 2 il 6 ay, Elşən Qurbanov 5 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay, Cəfər Cəfərov isə 4 il iş alıb.

Şərti azadlığa buraxılanlar Ceyhun Abbasov, Şakir Mustafayev, Səxavət Səmədov, Xəyal Şaranov, Mirkazım Abdullayev, Rəşid Məmmədov, Daşqın Ağayev və Aydın Cabbarovdur. 
Həbsdə qalan 11 nəfər məhkəməni və hakimi hökmdən sonra sərt tənqid ediblər. Tofiq Yaqublu onları “qatı cinayətkarlar!” adlandırıb.

Hökmdən sonra ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat verərək bildirib ki, REAL hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun 23-24 yanvar 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etməkdə şübhəli ittihamlarla uzun müddət azadlıqdan məhrum edilməsi ilə barədə 17 mart tarixli məhkəmə qərarından dərin məyusluq hissi keçirir: “Biz məhkəmə prosesindən əvvəl və məhkəmə prosesi ərzində Azərbaycan hökumətinin müxtəlif nümayəndələrinə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsinə ümid etdiyimizi bildirmişdik. Azərbaycan hökumətinin ABŞ və digər beynəlxalq müşahidəçilərə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı digər müşahidəçilər və biz şahid ifadələrində və məhkəmə prosesində ciddi pozuntular müşahidə etmişik. 

Müşahidələrimiz belə bir qənaətə gəlməyə əsas verir ki, məhkəmənin qərarı sübutlara əsaslanmayıb və siyasi xarakter daşıyır”.  

Müsavat Partiyası  da bu məsələ ilə bağlı bəyanat verib.  Müsavat Divanının qəbul etdiyi bəyanatda bildirilir ki, başqanının müavini Tofiq Yaqublunun, REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə həbs olunmuş İsmayıllı sakinlərinin Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinin son mərhələsində də Azərbaycan məhkəmələrinin hökmlərinin siyasi sifarişlə verildiyi təsdiqlənib: “Belə ki, heç bir sübuta əsaslanmayan məhkəmə Tofiq Yaqubluya 5 il, İlqar Məmmədova 7 il, təqsirləndirilən İsmayıllı sakinlərindən bir qisminə 4 ildən 8 ilədək həbs cəzası kəsib, bir qisminə isə şərti cəza verib”.

Günel MANAFLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR