İnsanlara hürriyət, millətlərə istiqlal!

Batumi forumunda qalmaqal yaradan Çexiya təşkilatından daha bir ermənipərəst addım... - FOTOLAR

1652 25.11.2014 13:27 Gündəm A A
Bir neçə gün öncə Gürcüstanın Batumi şəhərində “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verənlər hələ də gündəmin əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. 

Belə ki, həmin tədbir çərçivəsində Çexiyanın “People in Need” təşkilatının foyedə Azərbaycan əleyhinə plakatlar asması və bunun ardınca qalmaqalın yaranması isə Azərbaycana qədər uzanan ittihamlarla müşayiət olunmuşdu. 

Eyni zamanda həmin forumda bir müddət öncə cəbhə xəttində - Azərbaycanın döyüş mövqelərinin üzərində erməni vertolyotunun vurulmasına qarşı və Azərbaycandakı mövcud vəziyyətlə bağlı bəyanatların qəbul edilməsinə də cəhd göstərilmişdi. Üstəlik, sözügedən bəyanatları hazırlayan iki şəxsdən birinin Ermənistanın nümayəndə heyətinin üzvü olması da önəmli məqamdır.

Ancaq Azərbaycanın nümayəndə heyətinin israrlı müqaviməti və etirazları sayəsində forumda həmin bəyanatların qəbul edilməsinin qarşısını almaq mümkün olmuşdu. Və bu, Azərbaycanın nümayəndə heyətinin Batumi forumundakı əsas uğuru kimi də dəyərləndirilə bilər.

Xatırladaq ki, Batumi forumunda baş verən qalmaqal və Çexiyanın “People in Need” təşkilatının ermənipərəst davranışları Azərbaycanda da ciddi rezonansa səbəb olmuşdu. Bu təşkilatın anti-Azərbaycan mövqeyini qınayanlarla yanaşı, onu müdafiə etməyə çalışanlar da var idi. Belə ki, bəziləri israrla Çexiyanın “People in Need” təşkilatının ermənipərəst qurum olmadığını sübuta yetirməyə çalışırdılar. 

Ancaq Çexiyanın “People in Need” təşkilatının son davranışı bu quruma haqq qazandırmağa çalışanları yumşaq desək, çətin vəziyyətə sala bilər. Belə ki, Batumi forumunda Azərbaycanın nümayəndə heyətinin səyləri sayəsində qəbulunun qarşısı alınmış bəyanatı artıq forumun rəsmi saytında yerləşdirilib.

Təbii ki, istər-istəməz sual yaranır. Batumi forumunda təsdiqlənməmiş bir bəyanatın forumun saytında yerləşdirilməsinə nail olmaqla hansı məqsəd güdülür? Batumi forumunda qəbul edilməmiş bir bəyanatın forumun rəsmi saytında yerləşdirilməsindən çəkinməyənlər öz ermənipərəst mövqelərini növbəti dəfə biruzə vermiş olmurlarmu?

Yəqin ki, Çexiyanın “People in Need” təşkilatının Batumi forumundakı müəmmalı mövqeyinə haqq qazandırmağa çalışanlar bu suallara cavab tapmaq zəhmətinə də qatlaşmalı olacaqlar.

Bu mövzuda əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı linkdən istifadə edərək Batumi forumunda təsdiqlənməmiş bəyanatın yerləşdirildiyi sayta daxil ola bilərlər:
 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR