İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANDA KOSMİK SƏNAYENİN İNKİŞAF PERSPEKTİVLƏRİ

4146 28.11.2011 09:11 Gündəm A A

Beləliklə, Azərbaycan kosmosda öz varlığını təmin edən ən iddialı ölkələrdən birinə çevrilmək istəyir və bu, qeyri-neft sektorunun inkişafı üçün yeni sahə kimi seçilib. Bəs Azərbaycan kimi kiçik ölkədə kosmosda mövqe tutmaq, kifayət qədər iddialı sahə olan kosmik sənayenin inkişafı ilə bağlı planlar qurmaq hansı zərurətdən irəli gəlir? Kosmosa “buraxılan” neft pulları nə vaxtsa geri dönə və ölkə büdcəsinə gəlir gətirə bilərmi?
Qeyd olunmalıdır ki, Azərbaycanın kosmosa öz süni peykini buraxmağı qərarı və daha sonra ölkədə kosmik sənayenin qurulmasına dair qəbul edilən qərarlar birmənalı qarşılanmırdı. Bir çox ekspertlər bunu pulların boşuna xərclənməsi kimi şərh edirdilər və hesab edirdilər ki, kosmosa milli peykin buraxılması, eləcə də ölkədə kosmik sənayenin qurulması iqtisadi baxımdan sərfəli olmayacaq. Lakin proseslərin sonrakı inkişafı bu müzakirələrin də tonunu dəyişdirdi. İndi kosmosa investisiya yatırmağın gələcəyə hesablanmış düzgün addım olduğu haqda danışanlar daha çoxdur.
Ölkə prezidentinin 2008-ci ilin noyabrında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması barədə imzaladığı fərmanda bu planların hansı zərurətdən irəli gəldiyi əsaslandırılır. Sənəddə deyilirdi ki, kosmik sənaye ölkədə iqtisadiyyatın diversifikasiyası istiqamətində açılan yeni sahələrdən biridir. Fərmana görə Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılmasını zəruri edir.
Yəni belə məlum olur ki, kosmosla bağlı planlar təkcə kommersiya layihələri deyil, həm də kifayət qədər mürəkkəb regionda yerləşən ölkə üçün informasiya təhlükəsizliyi məsələsidir. Bu isə artıq strateji məsələdir və kosmosa investisiya yatırmağın iqtisadi baxımdan nə dərəcədə sərfəli olacağını ikinci plana keçirir. Digər tərəfdən kosmosla bağlı layihələri təkcə dövlət büdcəsi hesabına deyil, xarici investisiyalar hesabına da maliyyələşdirmək xətti seçilib. Azərbaycan ölkəyə neft-qaz gəlirlərinin axdığı bir vaxtda iqtisadiyyatın diversifikasiyasını təmin etmək üçün informasiya texnologiyaları sektorunu prioritet sahələrdən biri kimi seçib. Mütəxəssislərə görə, bu sahənin hərtərəfli inkişafı üçün telekommunikasiya peyklərinin orbitə çıxarılması zərurəti meydana çıxır.
Məlum olduğu kimi, Azərbaycanın ilk milli peykinin istehsalı üçün elan edilmiş beynəlxalq tenderi ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti udub. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, peykin dəyəri 163 milyon manatdır. Peykin yaradılmasına 87 milyon dollara yaxın pul xərclənəcək. Bundan əlavə, onun orbitə çıxarılmasına 40 milyon manat, peykin idarə mərkəzinin yaradılmasına isə 16 milyon manat vəsait xərclənəcək. Qalan 18 milyon manat isə peykin 100 faizlik sığortalanmasına sərf ediləcək. Bu da qəza nəticəsində peykin nəzərdə tutulan orbitə çıxarılması mümkün olmadıqda ona sərf edilən vəsaitlərin geri qaytarılması üçün təminat verirş Peyk AAO Aeniigo-Eiiigo-ın (US Exim) ayırdığı kredit hesabına əldə ediləcək. Kredit layihəsi bank tərəfindən 2011-ci ilin aprelində təsdiq edilib. Lakin ABŞ Exİm bankının bu layihə üçün kredit ayırması məsələsi Konqresin gündəminə gələndə erməni lobbisi böyük hay-küy qaldırdı. Konqresdəki erməni lobbisi bu maliyyələşmənin qarşısını almaq üçün böyük səylər göstərdilər. Amerikadakı erməni təşkilatları bir-birinin ardınca bəyanatlar yaydılar, erməni dəstək qrupuna daxil olan konqresmenlər və senatorlar etirazlara başladılar, dövlət katibinə məktublar göndərildi, böyük kampaniya aparıldı. Erməniləri narahat edən isə bu idi ki, Azərbaycan kosmosa öz süni peykini çıxardıqdan sonra ondan Qarabağda hərbi məqsədlər üçün istifadə edə bilər. Exİm Bankın sədri və prezidenti Fred P. Hoçberq Konqresdəki dinləmələrdə bildirdi ki, bank bu peykin hərbi təyinatlarının olmadığına əmindir və hətta onun gələcəkdə belə təyinatlarla təkmilləşdirilməyəcəyi barədə də qarantiyalara malikdir. Buna baxmayaraq erməni lobbisinin hay-küyü səngimədi. Konqres isə etirazlara baxmayaraq kredit sazişini təsdiqlədi.
ABŞ-dakı erməni lobbisinin bu dərəcədə narahatlıq keçirməsi göstərdi ki, deyəsən, Azərbaycan kosmosda özünə mövqe tutmaq strategiyasında səhv etmir. Doğrudur, ABŞ şirkəti tərəfindən hazırlanmaqda olan peyk hərbi təyinatlı deyil, lakin xarici mütəxəssislər hesab edir ki, (EurasiaNet.org) hərbi və mülki təyinatlı peyklər arasında fərq çox azdır, yaxud yoxdur. Çünki söhbət kosmosdan yüksək dəqiqliyə malik informasiyaların toplanmasından getdiyinə görə nəzəri olaraq bu informasiyaların hərbi məqsədlər üçün istifadəsi də mümkündür. Bu günlərdə İsrailin “Debka” saytı belə məlumat yaydı ki, Azərbaycan bu ölkədən hərbi kəşfiyyat peyklərinin alınması üçün danışıqlar aparır. Rəsmi qaynaqlar bu xəbərlə bağlı şərh verməsə də, belə görünür ki, Azərbaycan gələcəkdə kosmosdan hərbi məqsədlər üçün istifadəni də istisna etmir. Yəni ölkədə kosmik sənaye infrastrukturları yaradılandan sonra Azərbaycan həm mülki, həm hərbi təyinatlı peykləri idarə etmək gücündə olacaq. Bu da kosmik sənayenin inkişafı ilə bağlı qəbul edilmiş siyasi qərarın həm də gələcəyə hesablanmış strateji məsələ olduğunu deməyə əsas verir.
Əslində Azərbaycanda kosmik sənaye hələ sovet illərindən mövcud olub. 1973-cü ildən Azərbaycanda Milli Aerokosmik Agentliyi fəaliyyət göstərir. Bu agentliyin baş direktorunun birinci müavini Tofiq Süleymanov mətbuata açıqlamasında deyib ki, onun kifayət qədər kadr potensialı var. Hazırda milli Aviasiya Akademiyasında və xarici ölkələrdə də kadr hazırlığı davam edir. Ötən il ölkədə kosmik sənayenin inkişafı proqramı prezident tərəfindən təsdiqlənib. Bu proqramın özəyində əsasən rabitə peyklərinin əldə edilməsi dayanır. T.Süleymanovun bildirdiyinə görə, sonrakı mərhələdə kadr hazırlığı, kosmik sənayenin yaradılması üçün yerüstü infrastrukturun təşkili - yəni kosmik məlumatların qəbulu, emalı və istehlakçılara çatdırılması kompleksinin yaradılması, daha sonra isə bu işlərin tam şəkildə təşkili dayanır.
Mütəxəssis deyir ki, kosmik sənayenin yaradılması və Azərbaycanın kosmosda öz milli peykinin olması iqtisadi baxımdan çox səmərəli olacaq. İlk növbədə Azərbaycan öz rabitə sistemini təkmilləşdirə biləcək, daha sonra təbii ehtiyatların öyrənilməsində və operativ məlumatların əldə olunmasında bundan faydalanacaq. Bütün bunlar çoxlu sayda yeni iş yerləri, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün stimul və s. deməkdir.
Peykin orbitə çıxarılması üçün ilk növbədə orbital mövqe əldə etmək lazım gəlir. SSRİ dağılandan sonra onun hüquqi varisliyi Rusiyaya keçdiyi üçün ittifaqa daxil olan digər ölkələr kimi Azərbaycan da öz orbital mövqeyinə malik deyildi. Lakin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə danışıqlardan sonra bu təşkilat 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun açıqlamasında deyilir ki, onların ikisi ölkənin daxili tələbləri üçün, biri isə beynəlxalq istifadə üçün nəzərdə tutulub. Nazir kosmosa pul yatırılmasının səmərəsini belə əsaslandırır: Azərbaycan peyk tutumlarını kommersiya məqsədilə digər ölkələrə satıb qazanc əldə edə biləcək; ölkənin bütün ərazisində keyfiyyətli internet təmin etmək mümkün olacaq; simli rabitənin mümkün olmadığı yerlərdə peyk rabitəsi ilə internet təmin olunacaq; VPN və bu kimi sürətli IP xidmətlərindən istifadə edilməsi mümkün olacaq; Telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olacaq və regionda bu sahədə öz liderliyini daha da gücləndirəcək.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də hesab edir ki, kosmik sənayenin yaradılmasına və inkişafına dair planlar gələcəyə hesablanmış düzgün istiqamət ola bilər. Lakin iş ondadır ki, bu planlar nə dərəcədə effektli olacaq. Ekspertin bildirdiyinə görə, müasir dövrdə kosmik sənaye təkcə kosmosu fəth etmək vasitəsinə deyil, həm də qlobal və regional sosial-iqtisadi məsələlərin, elmi-texniki problemlərin həlli üçün əsas vasitəyə çevrilib. Kosmos sahəsi elmi-texniki araşdırmalara, o da dolayısı ilə innovasiyalara yol açır. Artıq Avropa institutları tərəfindən kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığı üçün əsas instrument kimi qəbul edilib. Kosmik rabitə digər rabitələrə nisbətən 5 dəfə ucuzdur. Ancaq Azərbaycanın kosmosa buraxacağı peykin dərhal gəlir gətirəcəyini də düşünmək olmaz. Çünki bir qayda olaraq orta tutumlu rabitə peykinin 20-30% -i həmin ölkənin daxili tələbatını ödəmək üçün kifayət edir. Qalan 70% resursu isə satmaq və ya icarəyə vermək lazımıdır. Hazırda bu sahədə kifayət qədər rəqabət olduğundan problemi həll etmək elə də asan deyil. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində isə əmindirlər ki, Azərbaycanın peyk resurslarına müştəri tapmaqda problem olmayacaq.
P.S. Yazı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR