İnsanlara hürriyət, millətlərə istiqlal!

“8-ci km bazarı”nın özəlləşdirilməsində şok maxinasiyalar

3804 09.02.2015 18:08 Gündəm A A
“8-ci kilometr bazarı”nın özəlləşdirilməsi ilə bağlı  müəmmalar mətbuatın gündəmində düşmür. Ekspertlər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi bu hərracda bir sıra qanun pozuntularına yol verdiyini qeyd edirlər. 

Belə ki, dövlət əmlakının səhmlərinin 100 faizinin bir şəxsə satılması, orada çalışan kollektivə səhmlərin 15 faizinin təklif edilməməsi, obyektin səhmlərinin bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirilməsi mətbuatda tənqidlərə məruz qalıb. 

Musavat.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, Azərbaycanda dövlət əmlakının real dəyərindən çox ucuz qiymətə yüksək rütbəli məmurlara, onlara yaxın şəxslərə satılması və sonradan daha baha qiymətə satışa çıxarılması kimi hallara hər zaman rast gəlinib: “İndi “8-ci kilometr bazarı"nın özəlləşdirilməyə çıxarılması qanuni baxımdan, dövlət büdcəsinə kömək məqsədilə həyata keçirilir. Çünki dövlət büdcəsi qəbul edilərkən hər il özəlləşdirmədən müəyyən miqdarda vəsaitin daxil olması da proqnozlaşdırılırdı. Ancaq burada dövlət əmlakının özəlləşdirilməsi üzrə qanunvericiliyin tələblərinə əməl olunmadı. İlk növbədə dövlət əmlakının dəyərləndirilməsi üçün müstəqil ekspertlərdən ibarət komissiya təşkil olunmalı və həmin obyektin dəyəri bazar qiyməti ilə hesablanmalı idi. İkincisi, çox ciddi tender keçirilməli və bu ictimaiyyətə açıq olmalı idi. Bir çox ölkələrdə bu cür böyük obyektlərin satışı üçün keçirilən tenderlər televiziyalarda canlı yayımla efirə verilir. İddiaçıların təklifləri ictimamiyyətə çatdırılır. Azərbaycanda isə bir çox sahələrdə olduğu kimi özəlləşdirmə məsələlərində də şəffaflıq yoxdur. Ona görə də, bazarın özəlləşməsinin arxasında hansısa iri məmura bağlı olan bir qrupun, şəxsin və ya şirkətin olması çox yüksək ehtimaldır”.
 
Ekspertin sözlərinə görə, məhz bu səbəbdən bazarın səhmlərinin qiymətləndirilməsi zamanı da qeyri-obyektivliyə yol verilib: “Əslində, dövlət əmlakının özəlləşdirilməsi zamanı qiymətləndirmə prosesi müstəqil ekspertlərin iştirakı ilə keçirilməli idi və bu, açıq şəkildə bildirilməli idi. Ancaq “8-ci kilometr bazarı"na qoyulan qiymətin nə dərəcədə obyektiv olduğunu bilmək üçün daşınmaz əmlakın satışı ilə bağlı saytlara qısa bir nəzər salmaq kifayət edir. Bu bazarın yerləşdiyi ərazidə torpaq sahəsinin bir sotu 20 min manatdan başlayır. Bu hesabla bazarın sadəcə, ərazisi Əmlak Məsələləri Dövlət Komitəsinin qoyduğu qiymətdən 3-4 dəfə artıqdır”. 

Natiq Cəfərli yeni sahibkarın bazarı ləğv edə biləcəyi ehtimalını da vurğuladı: “Bundan əlavə bazarın özəlləşdirilməsi gələcəkdə bu obyektin ləğv olunması ilə də nəticələnə bilər. Qanunvericilikdə özəlləşdirilən obyektlərin ən azı 3 il müddətində öz profilinə uyğun faəliyyət göstərməsi tələbi var. Ancaq çox zaman bu qaydalar pozulur. Bu bazarda yüzlərlə insan işlə təmin olunurdu. Bakının ən ucuz bazarlarından biri olduğu üçün əhalinin aztəminatlı hissəsi şəhərin müxtəlif yerlərindən bu bazara gündəlik tələbat mallarını almaq üçün gəlirdilər. 

Bu, həm də bir sosial məsələdir. Bazarı özəlləşdirən şəxslə bu obyektin profilini dəyişib-dəyişməyəcəyi ilə bağlı bir yazılı razılaşma olmalı idi. İnsanları bu məsələlər çox narahat etsə də, hələlik bu  haqda ictimaiyyətə heç bir məlumat verilməyib. 

Özəlləşdirmə haqqında qanunvericilik bu prosesdə hər zaman ikinci planda qalır, daha çox fərdi mülahizələrə əsasən qərarlar qəbul edilir. Daha yaxşı olardı ki, “8-ci kilometr bazarı" Açıq Səhmdar Cəmiyyətə çevrilsin, orada çalışanlara səhmlərin bir hissəsi təklif olunsun və s. Ancaq bu qaydalara əməl olunmadı. Bu, o deməkdir ki, qanunvericiyin tələbləri pozulub”. 

Hüquqşünas Müzəffər Baxış da Azərbaycanda özəlləşdirmə məsələlərində qanunvericiliyin arxa plana atıldığını və saxtakarlığa yol verildiyini bildirdi: “Əgər bazar dövlət mülkiyyətində olan bir müəssisədirsə, onu özəlləşdirərkən səhmlərin 15 faizi əmək kollektivinə verilir, 30faizi güzəştli şərtlərlə əmək kollektivinə satılır, qalan 55 faizi isə sərbəst özəlləşdirilir. Əgər “8-ci kilometr bazarı"nın səhmlərinin 100 faizi bir nəfərə satılıbsa, bu, qanun pozuntusu və saxtakarlıq deməkdir. 

Azərbaycanda özəlləşdirmə zamanı bir qayda olaraq dövlət əmlakının qiyməti realda olduğundan dəfələrlə aşağı göstərilir. Çünki bu prosesdə əmlakın dəyərinin bir qismi rüşvət şəklində verilir. Əmlakın rəsmi qiyməti aşağı salınmalıdır ki, real qiymətin qalan hissəsi rüşvət şəklində hansısa məmura verilsin. Bunu sübut etməyə ehtiyac yoxdur. Azərbaycanda ictimai həyatla maraqlanan hər kəs bu proseslərin necə həyata keçirildiyini bilir. Konkret olaraq hərraca çıxarılan dövlət əmlakının səhmləri bütövlükdə bir nəfərə satılıbsa, burada çox böyük qanunsuzluq var və bu, araşdırılmalıdır”.
 
“8-ci kilometr” bazarının yeni sahibinin adının açıqlanmamasına gəlincə, Müzəffər Baxış bildirdi ki, Azərbaycanda adətən, yüksək rütbəli məmurlar obyektlərini sadə bir kəndlinin adına sənədləşdirirlər və bu halda da həmin “təcrübə”nin tətbiq olunması istisna deyil: “Azərbaycanda belə hallar dəfələrlə olub ki, hansısa müəssisə məsələn, Lerikin ucqar kəndində yaşayan bir çobanın adına özəlləşdirilsin və hətta həmin şəxsin bundan heç xəbəri olmasın. Ola bilər ki, “8-ci kilometr bazarı"nı da məhz belə bir fiziki şəxsin adına özəlləşdiriblər”.

Qeyd edək ki, “Trend”in xəbərində "8-ci kilometr bazarı"nın yeni sahibinin adının məlum olduğu bildirilir. Saytın məlumatına görə, "8-ci km Ticarət Mərkəzi" ASC-nin özəlləşdirilməsi ilə əlaqədar keçirilən tenderin qalibi Bəhram Qurbanov olub. Bəhram Qurbanov tanınmış biznesmen Rasim Qurbanovun oğludur. 

Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na müvafıq olaraq, "8-ci km Ticarət Mərkəzi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.

Müsabiqədə iştirak etmək üçün üç iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycanın müvafıq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər üç iddiaçı iştirakçı statusunu əldə edib. Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxdıqdan sonra 16 yanvar 2015-ci il tarixində açıq səsvermə yolu ilə investisiya müsabiqəsinin qalibini elan edib.

Müsabiqənin şərtlərinə görə, qalib dövlət büdcəsinə 312 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öz öhdəsinə götürüb.

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR