İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Azərbaycana qarşı bir neçə variantı işə salmışdı”

3634 15.06.2013 09:45 Gündəm A A

(əvvəli ötən sayımızda)

- Nəhayət, 1993-cü ilin may ayında AXC iqtidarından narazı olan qüvvələri Moskvada bir araya gətirdilər. Azərbaycanla bağlı son qərar da orada verildi. Kremlin təşkil etdiyi toplantıda Surət Hüseynovun, Rəhim Qazıyevin, Heydər Əliyevin, Ələkrəm Hümmətovun təmsilçiləri və tərəfdarları var idi. Orada konkret qərar qəbul edilmişdi ki, Milli Məclis yolu ilə hakimiyyət devrilməlidir, bu plan baş tutmasa, silahlı yolla çevriliş həyata keçirilməlidir. Təsadüfi deyil ki, Gəncədə qiyam başlayan gün Rusiya Gəncə aeroportuna 5 milyard rubl pul atmışdı. Rusiya Azərbaycanla bağlı layihəsini həyata keçirməklə həm də öz daxilində olan türk-müsəlman topluluqlara bir mesaj vermək məqsədi güdürdü. Çünki xalqların tələbi ilə Rusiyanın yenidən parçalanması baş verə bilərdi. Azərbaycan sanki bu coğrafiyada uzun illər Rusiyanın əsarətində qalan xalqlar üçün bir model dövlətə çevrilmişdi və dəyişikliklər dalğası buradan yayılırdı. O zaman Rusiya basqı ilə Özbəkistanı Azərbaycanla münasibətləri dayandırmağa məcbur etdi.

“Azərbaycanın o zaman Rusiyadan aldığı ən ağır zərbə 1993-cü ilin yanvarında Ağdərə istiqamətindən qoşunların geri çəkilməsi idi. Əmri Surət Hüseynov vermişdi. Bu, əslində bir xəyanət idi”

Prezident İslam Kərimovun bu məsələdə öz maraqları da var idi. Ona qarşı əsas müxalifət qüvvələrinin liderləri - Məhəmməd Saleh və Bulatov qardaşları o zaman Bakıda idilər. O zaman özbək müxalifətinin liderləri Azərbaycanı çətin durumda qoymamaq üçün ölkəni tərk edərək Türkiyəyə keçdilər. Daha sonra isə Süleyman Dəmirəlin göstərişi ilə onlar Avropaya mühacirətə göndərildilər. Söhbəti ona gətirmək istəyirəm ki, iyun qiyamına gətirən səbəblər birdən-birə yaranmamışdı. Rusiya Azərbaycana ən böyük zərbəni isə Qarabağ müharibəsində vururdu. 1992-ci ilin oktyabrında Rusiya Qarabağa 7-ci ordunun balansındakı 102 hərbi texnikasını göndərdi. Ondan sonra bir müddət Azərbaycanın xeyrinə olan durum yenidən dəyişməyə başladı. Azərbaycan o zaman Rusiyadan aldığı ən ağır zərbə 1993-cü ilin yanvarında Ağdərə istiqamətindən qoşunların geri çəkilməsi idi. Əmri Surət Hüseynov vermişdi. Bu, əslində bir xəyanət idi.

- Nədən Surət Hüseynov o zaman layiq olduğu cəzanı almadı?

- Belə deməzdim. Müdafiə naziri Rəhim Qazıyev istefaya göndərildi, Surət Hüseynov korpus komandirliyindən uzaqlaşdırıldı. Ancaq itirilən itirilmişdi. Bu olaydan sonra orduda da artıq çox ciddi ruh düşkünlüyü yarandı. Ordunun içərisində təxribatçı bir şəbəkə işləyir və əsgərlərin arxadan vurulması, dövlətin resurslarının tükənməsi haqqında şayiələrlə ordunu gücdən salmağa çalışırdı. Bizdə əməliyyat məlumatları var idi ki, ermənilərin yerinə Rusiya ordusu vuruşur. Faktiki olaraq onlar Azərbaycan ərazilərini işğal edərək ermənilərə təhvil verirdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə Azərbaycan ordusu Rusiyanın 13 əsgərini əsir götürdü. Prezident Yeltsinin müraciətlərinə baxmayaraq Azərbaycan onları Rusiyaya qaytarmadı. Əbülfəz Elçibəy bildirmişdi ki, həmin şəxslər mühakimə olunacaq, daha sonra onların Rusiyaya qaytarılması şərtlərinə baxılacaq. Ancaq çevrilişdən sonra həmin hərbçilər qeyd-şərtsiz Rusiyaya verildi. Beləliklə, Azərbaycan bütün istiqamətlərdən zəiflədilirdi. 1993-cü il aprelin 2-də Kəlbəcərin işğalı bir daha Rusiyanın işğal siyasətini genişləndirməkdə qərarlı olduğunu ortaya qoydu. Ancaq Azərbaycan Kəlbəcər şokundan çox tez çıxa bildi. Bu durumdan narahat olan Rusiyanın mövqeyini Vladimir Kazimirov ifadə etmişdi. O, Bakıda rəsmi görüşlərdən birində demişdi ki, Azərbaycan Kəlbəcər şokundan çıxdı, bəs iç savaş olsa, bunu bacara biləcəkmi? Bu, əslində Bakıya bir mesaj idi. Bütün variantlar işə salınmışdı - ərazilərin işğalı, bu baş tutmasa, vətəndaş savaşı. Üzərimizə böyük bir güc gəlirdi və bizim müqavimət göstərmək imkanlarımız getdikcə məhdudlaşırdı.

- Ancaq o zaman beynəlxalq birlik üzdə ərazi işğalını pisləyirdi. Deyilmi?

- Bəli, beynəlxalq birliyin dəstəyi ilə Ermənistanla Laçın, Kəlbəcər rayonlarına bitişik ərazilərin boşaldılması qrafiki belə razılaşdırılmışdı. O günləri yaşayanlar Vəfa Quluzadənin məşhur teleçıxışını yaxşı xatırlamalıdırlar. BMT-nin qətnamələri vardı və proses 3+2+2 formulu əsasında həyata keçiriləcəkdi. İlkin olaraq Türkiyə, ABŞ, Rusiya Azərbaycan və Ermənistanla danışıqlara başlayacaqdı. Daha sonra isə Qaradağın azərbaycanlı və erməni icmaları prosesə qoşulacaqdı. 14-30 iyun 1993-cü ildə Kəlbəcərin tam boşaldılması qrafiki təsdiqlənmişdi. Çox təəssüf, iyunun ilk günlərində Gəncədə qiyam başlatdılar və bu gün də Kəlbəcər daxil Qarabağ işğal altındadır. Həmin günlərdə Ermənistan belə bir bəyanat vermişdi ki, bizə aydın deyil danışıqları Əbülfəz Elçibəylə, yoxsa Surət Hüseynovla aparmaq lazımdır. Bütün bu proses birmənalı Rusiyadan idarə olunurdu.

- Türkiyənin o zaman Azərbaycan ordusunun quruculuğunda iştirakı planlaşdırılırdı. Rusiyanın planları bu prosesə necə təsir etdi?

- Türkiyə dövlətinin bununla bağlı xüsusi qərarı vardı. Azərbaycana təlim üçün 187 nəfərlik zabit heyəti göndərməyə razılıq verilmişdi. Əslində bu razılıq Elçibəy hakimiyyətinin ilk aylarında əldə olunmuşdu. Ancaq Türkiyə ən son məqamda prosesə start verdi. Bu da artıq Azərbaycan üçün bir qədər gecikmiş addım oldu. 1993-cü ilin aprelində ilk dəfə Azərbaycanda hərbi çağırışla bağlı plan 20 günə doldu. Türkiyə zabitlərinin Azərbaycanda yerləşdirilməsi məsələsi həll edilmişdi. 1 ildə 4 çağırış həyata keçirilməsi, hər çağırışda 550 nəfərlik 10-11 batalyon yaradılması düşünülürdü. Bu o demək idi ki, avqust ayına Azərbaycanın 5500 nəfərlik nizami hissələri hazır olacaq. 1 ildə isə bu say 22 min nəfərə çatdırılacaqdı. NATO standartlarına uyğun hazırlanan bu nizami ordu hissələri Azərbaycan ordusunun özəyi olacaqdı. Kreml bundan xəbərdar idi. Prosesinin qarşısının alınması üçün kəşfiyyat çox güclü işləyirdi. Rusiya Ermənistana açıq şəkildə bildirmişdi ki, əgər biz çəkilsək, avqustda siz NATO standartları üzrə yaradılan ordu qüvvələri ilə üz-üzə qalacaqsınız. Azərbaycanın irəliyə doğru sürətli inkişafı xarici düşmənlərin səyi ilə ölkəni süquta aparan səbəblərə çevrilirdi.

- Cəmiyyətlə təmaslar necə qurulurdu? Azərbaycanın təbliğat vasitələri hökumətin səyləri və siyasəti ilə bağlı yetərincə məlumatlandırılırdımı?

“Marqaret Tetçerin 1979-cu il İran inqilabı ilə bağlı bir sözü var, o deyib ki, İran şahı televiziyadan düzgün istifadə edə bilmədi. Bu sözləri eyni ilə AXC hakimiyyətinə də aid etmək olar”

- Öncə onu deyim ki, cəmiyyətin AXC iqtidarından gözləntiləri həddən artıq idi. Çoxları düşünürdü ki, milli qüvvələr hakimiyyətə gələndən sonra qısa zamanda savaş bitəcək, yüksək rifah təmin olunacaq. Əslində qısa zamanda hökumət vətəndaşlara yönəlik xeyli sosial projelər həyata keçirmişdi. Xüsusən təhsil, səhiyyə sistemində cəmiyyəti yüzdə-yüz qane edən yeniliklər həyata keçirilmişdi. Test üsulunun tətbiqi, azərbaycanlı tələbələrin Türkiyəyə göndərilməsi, dövlətdən maliyyələşən qurumlarda çalışanların, xüsusən təhsil, tibb işçilərinin əmək haqlarının artırılması, nəqliyyat və kommunal xərclərdə xüsusi güzəştlər vətəndaşlarının hökumətə rəğbətini artırmışdı. Ancaq AXC hakimiyyətinin təbliğat resurslarından istifadə təcrübəsi də yox idi. Azərbaycanda marağı olan ölkələr geniş şəbəkə ilə cəmiyyəti içdən sarsıtmağa çalışdığı günlərdə iqtidar komandasının üzvləri hətta televiziyanın imkanlarından da ehtiyac olunan həddə yararlanmırdılar. Hər kəs öz sahəsində çalışır, bacardığını edir, ancaq bu işlərin reklamı ilə məşğul olmaq zamanı gələndə təvazökarlıq göstərirdi. İndiki gündən baxanda görürük ki, biz o qədər sosialyönümlü projelər həyata keçirmişdik ki, bunların təbliğatını düzgün qura bilsəydik, ölkə içərisindəki anti-hökumət təbliğat qruplarının işi iflas olacaqdı. Bir tərəfdən də demokratiyanın dozasını qaçıran bir sıra qüvvələrin hərəkətləri də dövlətin sarsılmasına yönəlmişdi. Sanki dadlı bir yemək insanlara həddən artıq çox verilmişdi və insanlar davranışlarının məsuliyyətini anlamaqda çətinlik çəkirdilər. Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin 1979-cu il İran inqilabı ilə bağlı bir sözü var, o deyib ki, İran şahı televiziyadan düzgün istifadə edə bilmədi. Bu sözləri eyni ilə AXC hakimiyyətinə də aid etmək olar. Əslində isə bizim təbliğ edəcəyimiz çox işlər var idi. 1993-cü il martın əvvəlində aktiv hərbi əməliyyatlar aparılan Azərbaycanda iqtisadi tənəzzül dayandırıldı. Mart ayının sonunda isə artıq 6 faizlik inkişaf əldə edilmişdi. Sonrakı aylarda da artım tempi yüksələn xətlə davam edirdi. Hətta o zaman ABŞ prezidenti Klinton prezident Elçibəyə məktubunda Azərbaycanda aparılan iqtisadi islahatların sürətləndirilməsi prosesini bəyəndiyini bildirmişdi. Azərbaycan 1993-cü ildə iqtisadi islahatların sürətinə görə, MDB məkanında birinci yer tuturdu. Biz Rusiyanı da qabaqlaya bilmişdik. Sahibkarlığın inkişafına da çox ciddi önəm verilirdi, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlətin özəl münasibəti var idi. Hətta prezident yanında keçirilən müşavirədə o zaman çoxlarının bəyənmədiyi daxili işlər naziri İsgəndər Həmidov sahibkarlara bildirmişdi ki, əgər siz Azərbaycanın ehtiyacı olan məhsulları ölkəyə gətirsəniz, mən onları çiynimə alıb Yalamadan Bakıya daşımağa hazıram. Bütün çətinliklərə baxmayaraq, Ləl-Cəvahirat Fondu yaradılmışdı. Qısa müddətdə fonda 4 tona yaxın qızıl məmulatları toplandı. Həm də bu qədər qızıl vaxtı keçmiş sovet istiqrazları ilə alınmışdı. Hökumət faktiki olaraq ölü pulları, adi kağız parçalarına dönən istiqrazları Rusiyadakı bir sıra şirkətlərlə biznes əməliyyatları vasitəsilə qızıla çevirmişdi. Ancaq bütün bunların təbliğatı demək olar aparılmırdı.
Az sonra isə Azərbaycandan rus qoşunlarının tamamilə çıxarılması prosesi başladı.

- Sizcə, bu, Rusiya üçün gözlənilən idimi?

(ardı var)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR