İnsanlara hürriyət, millətlərə istiqlal!

RUSİYA XƏZƏRİ SÜRƏTLƏ HƏRBİLƏŞDİRİR

6377 07.02.2013 09:59 Gündəm A A
Bundan əvvəl yayılan digər məlumata görə, Rusiya Xəzərdəki donanmasına 5 hərbi gəmi və kater daxil edəcək. Yeni texnikanın və eləcə də əlavə köməkçi gəminin hərbi donanma tərkibinə daxil edilməsi 2013-cü ilin ilk yarım ili üçün planlaşdırılıb. Məlumata görə, ilin ortasında Xəzər donanmasına iki yeni kiçik hərbi raket gəmisi - “Uqliç” və “Qrad Sviyajek”, 2013-cü ilin yazında isə “Serna” layihəsi çərçivəsində üç desant gəmisinin daxil edilməsi planlaşdırılır.
Cənub Hərbi Dairəsinin mətbuat xidməti həmçinin xəbər verir ki, köməkçi donanmanın inkişaf konsepsiyasına əsasən, 2020-ci ilə qədər Xəzər dəniz donanmasına iki dəniz, bir reyd qoşqusu və həmçinin üzən kran daxil olacaq. Köməkçi donanmada da yenilənmə gedir. Cənub Hərbi Dairəsi iddia edir ki, donanmanı gücləndirməkdə məqsəd Rusiyanın dənizdəki iqtisadi zonalarını qorumaqdır. Yazda daha 3 desant kateri flotun tərkibinə qatılacaq.
O da məlumdur ki, yaxın vaxtlarda Rusiya Xəzər flotiliyasının silahlanmasına “Podsolnux” radiolokasiya stansiyaları daxil ediləcək. Flotiliyanın komandanı, kontr-admiral Sergey Alyekminskinin sözlərinə görə, artıq RLS-lər qurulub. Hazırda onun işə salınması işləri gedir. Kontr-admiral flotiliya tərkibinə mini sualtı gəmilərin daxil ediləcəyini istisna etməyib. O, həmçinin müxtəlif obyektlərin axtarışı üçün pilotsuz uçuş aparatların alınması planlarının olduğunu söyləyib.
Digər sahilyanı ölkələr, o sırada İran və Türkmənistan da dənizdə öz hərbi mövqelərini gücləndirməkdədi. Ekspertlər bu şəraitdə Xəzərin hüquqi statusunu müəyyən etməyin mümkün olmayacağını deyirlər.
Xatırladaq ki, Azərbaycan Rusiya və Qazaxıstanla dənizin dibinin bölünməsi haqda ikitərəfli müqavilələr imzalayıb. Lakin Xəzərin yekun statusu barədə Türkmənistan və İranın fərqli və qeyri-konstruktiv yanaşması üzündən (Tehran dənizin 5 bərabər hissəyə bölünməsində təkid edir) anlaşma indiyədək əldə olunmayıb.
Konkret olaraq Rusiyaya gəlincə, Moskvanın Xəzərdə öz hərbi donanmasını gücləndirməsi şübhəsiz ki, təkcə iqtisadi maraqlardan qaynaqlanmır. Bu, eyni zamanda bir neçə mühüm geosiyasi amillə əlaqəlidir. Söhbət İran ətrafında vəziyyətin kritik həddə çatacağı təqdirdə proseslərə hazır olmaqdan, o cümlədən forpost Ermənistanı “fors-major” vəziyyətlərdə müdafiə eləməkdən, dənizin karbohidrogen yataqlarının istismarı və nəqlində söz sahibliyini qoruyub saxlamaqdan, Xəzər hövzəsində hesablaşılan gücə çevrilməkdən gedir. İzlənən hədəflərə təbii ki, Azərbaycanı güzəştlərə sövq etmək üçün hərbi güclə hədələmək də daxildir.
Xəzərdəki rus flotilityasının güclənməsi Moskva ilə Bakılı arasında soyuq ruzigarların əsdiyi dövrə düşməsi ilə də diqqət çəkir. Məlumdur ki, Rusiya Azərbaycanın şimal (Dağıstan) sərhədi boyunca da böyük həcmdə (60 minlik) hərbi birləşmə, silah-sursat, zirehli texnika cəmləşdirib. Təhlilçilər Kremlin bu kimi de-marşlarını həm də Azərbaycanda seçki ilinin olması ilə əlaqələndirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR