İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Bir zamanlar söyüş idi, indi Londonda brenddir

16147 17.01.2016 10:03 Foto fakt A A
Bu foto İngiltərənin paytaxtı Londonda çəkilib. 

Göründüyü kimi, şəkildə bir kababxana (Kebab House) əks olunub və kababxananın vitrinindəki milli elementlərdən də görünür ki, bu iaşə müəssisəsini işlədənlər həmyerlilərimizdir. 

Zatən, dünyanın 200 ölkəsinin heç birində heç kəs kababxanaya "Yeraz" adı qoymaz. Bu kəlmə yeganə olaraq bizə məxsusdur. Kəlmənin müəllifi isə akademik Ziya Bünyadovdur. Onun 1988-ci ildə yarızarafat-yarıciddi işlətdiyi bu kəlmə ("Yerevan azərbaycanlıları" söz birləşməsinin qısaldılmış variantı) sonradan ölkədə sürətlə populyarlaşdı. 

Qəribəsi budur ki, bu sözə görə ölkəmizin paytaxtında, eləcə də digər şəhərlərində bəlkə minlərlə insan arasında dava-dalaş düşüb. Xüsusilə İrəvandan, Zəngəzurdan, Göyçədən köçüb gəlmiş soydaşlarımız 1991-2001-ci illər arasında bu sözü təhqir kimi qəbul edirdilər (Əslində o şəxslərin israrla bu kəlmə ilə təsnifarlaşdırılmasında təhqiramiz elementlər vardı qəsdən deyirdilər, cırnatmaq, aşağılamaq üçün). Ona görə də dava düşürdü. Döyənlər, döyülənlər, söyüb-söyülənlər olurdu.

2001-ci ildən sonra isə vəziyyət dəyişdi. İlk dəfə Montin tərəfdə toydan çıxan bir şəxsin öz dostuna taksi saxlatmaq üçün canfəşanlıq etdiyini, "a kişi, mən yerazam ey, qonağımı piyada yola sala bilmərəm" deyə qürur dolu nitq irad etdiyini eşitdik. 

Ondan sonra onların bir-birini sevə-sevə "yeraz" adlandırdıqlarının, bunu populyar yumor replikasına çevirdiklərinin şahidi olduq. Hətta sonradan "yeraz" ifadəsi üstün status halına gəldi.

Budur, bu söz artıq brend olub, Londonda müəssisə adına çevrilib. 

İndi dumanlı Albiona yolu düşən istənilən azərbaycanlı bu reklam lövhəsini görən kimi ərk və şəstlə içəri girib "ordan iki şişi kabab qoy" deyə bilər, çünki bilir ki, bu, bizim brenddir. 

N.Asifli


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR