İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatimə gileyləndi: “Qadınsansa, bozbaşını bişirməlisən, uşaqlara baxmalısan”

861 12.12.2018 19:51 Şou-biznes A A

Rəqqasə Fatimə Fətəliyeva son günlərin əsas mövzusuna çevrilən qadınlara qarşı törədilən şiddətdən danışıb.

Musavat.com saytının suallarına cavab verən rəqqasə qadına qarşı şiddəti qınadığını, onlar adına çox üzüldüyünü bildirib: “Sosial şəbəkələrdən, xəbər portallarında gün ərzində onlarla qadına şiddət xəbərləri oxuyuruq. Mən də şiddətə məruz qalmışam. Biz xanımlar hər zaman özümüzü güclü hesab edirik. Deyirik ki, güclüyük, daha dözümlüyük. Bu sözlə həm razıyam, həm də razı deyiləm. Bir qadının bətnində 9 ay övlad gəzdirməsinə çox böyük güc lazımdır. O, dünyaya bir can gətirir. Bu Allahın verdiyi qüvvədir. Qadınlar zərif məxluq olduqlarına görə kişi diqqətini sevirlər. Onlara qarşı sevgi, sayğı çox olsa, yaxşıdır.

Xaricdə qadınlar öz istəklərini önəmsəyir, hüquqlarını qoruyurlar. Bizdə isə deyirlər ki, qadınsansa, evdə oturub bozbaşını bişirməlisən, uşaqlara baxmalısan və s. Biz artıq XXI əsrdə yaşayırıq və Avropalaşırıq. Bütün bunlara baxmayaraq, yenə də elə qadınlarımız var ki, özlərini çox bədbin aparırlar, hər şeydən əllərini üzərək həyatlarına qəsd edirlər. Bu dünyadan istəmədən əl çəkirlər. Bu dünyaya gəliriksə, yaratmalıyıq, işləməliyik, övlad böyütməliyik, ona savad verməliyik. İndiki dövrdə qadınların 70 faizi nədənsə özlərinə qəsd edirlər”.

- Son dövrlər tək qadınlara deyil, uşaqlara, heyvanlara qarşı da şiddət göstərilir. İnsanların psixoloji durumunun pozulmasına səbəb nədir?

- Bunun təməlini tapmaq və son qoymaq lazımdır. Sosial şəbəkədə kimsə öz sevincini, sevgisini paylaşanda əksəriyyət qıcıqlanır, onun ünvanına xoşagəlməz sözlər yazmağa başlanılır. Adına layiq olmayan sözlər yazırlar. Bu, acınacaqlı haldır. Bu gün kişilərin də psixologiyası pozulub. Neçə-neçə kişi özünü öldürür.  Əslində isə hər insan özünün psixoloqu olmalıdır. Həyatda elə bir insan yoxdur ki, problemi olmasın. Oliqarxların, kasıbların, orta təbəqənin də özünə uyğun problemləri var. Oliqarxın oliqarx problemi var. Bizdə insanları təbəqələrə bölürlər. Amma Hindistanda küçədə yatana da hörmət qoyurlar. Hər canlı dəyərlidir. Bunu bilməliyik. Əsas isə insan özü-özünün psixoloqu olmalıdır.

- Deməli, Fatimə xanım özü-özünün psixoloqudur...  

- Heç vaxt psixoloqum olmayıb. Əslində, olması daha yaxşı olardı. Bir də görürsünüz ki, ehtiyacım olur.

- Tanınmışlar sirlərinin yayılmasından daha çox ehtiyat edirlər. Məşhur olduğunuz üçün mütəxəssisə müraciət etməyə çəkinminiz?

- Bizim psixoloqlar özləri özlərini öldürür (bir neçə il öncə psixoloq Dəyanət Rzayev intihar etmişdi). Hansı psixoloqa gedim? Xaricdə yaşasaydım, mütləq şəxsi psixoloqum olardı. Ailəmdə övladlarıma ciddi yanaşıram, onların psixoloji durumu mənim üçün vacibdir. Qızımı keçid dövründə Dəyanət Rzayevin yanına aparmışam. Allah rəhmət eləsin. Çox dəstək, kömək oldu. Görürsünüz, hətta elə insanların özünə dəstək lazım olur.

- Həyatda Fatiməyə güc verən nədir?

- Mən ətrafımdakılara, ailəmə dəstəyəm. Mənim işim elədir ki, istədim-istəmədim gülməliyəm. Hamı bilir ki, Fatimə xanım həyatda rol oynamır, necə varamsa, eləyəm. Əsəbi, kədərli, sevincli olanda hər şey üzümdə görünür. Mən efirə çıxıb yalandan ağlayanlardan da deyiləm. İş rejimimi elə qurmuşam ki, problemi düşünməyə vaxt qalmır. Mən çöksəm, komandam, doğmalarım da həmin vəziyyətə düşərlər. Mən onlardan, onlar da məndən güc alırlar.

- "Cümhuriyyət suitası" adlı patriotik klip təqdim etdiniz. Dağüstü parkda rəqs etdiyiniz üçün sizi qınadılar...

- Bəli, mən Fatimə bir dənə "çıqqıdı-çıqqıdı” oynasaydım, bir səs-küy salacaqdır ki... Bir gün xına mərasimində idim, eskpromt hind rəqsi oynadım. Onu çəkib qoydum “Instagram”a, “Youtube”a yükləyiblər və minlərlə baxış gəldi. Budur bizim psixoloji problemimiz. Vətənpərvər obrazını yaradan Fatimə üçün 3 dəfə əl çaldılar və yaddan çıxdı. Vətənpərvər obrazı yaratdım. Açığı deyim, heç klipi bəyənməmişəm. İstədiyim kimi alınmamışdı. Amma istədiyim alınsaydı da, yenə diqqət görməyəcəkdi.

- Sözləriniz klipin rejissoru, dostunuz Nail Naiboğlunu əsəbləşdirəcək.

- Hər dəfə özümə söz verirəm ki, ona klip çəkdirməyəcəyəm. Nə edir, nə etmir, yenə onunla çalışıram. Nail dostumuzdur.

- Şou-biznesdə dost var?  

- Dost yoxdur. Amma mən Naili 20 ildir, tanıyıram. O, mənim evimdə, mən də onun evində çörək kəsmişəm. Aramızda hörmət var.

- Sənət adamları tez-tez tənqid olunur. Depressiyaya düşüb, rəqqasəliyi tərk etmək istəmisiniz?

- Elə şeylər bir dəfə yox, çox olub. Qardaşım xaricdə yaşayır. Hərdən istəyirəm ölkədən gedim. O qədər özümə qapanıram, fikrə gedirəm. Yenə də güclü olduğuma görə qalib gəlirəm.

Könül,
Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR