İnsanlara hürriyət, millətlərə istiqlal!

“Evdə kustar üsulla hazırlanmış bu məhsullar çox təhlükəlidir” - İnfeksionistdən önəmli AÇIQLAMALAR

1901 29.04.2023 08:00 Müsahibə A A

“Məktəblərdə məhsulların saxlanılma qaydalarında səhvlər var”

Azərbaycanda qidadan zəhərlənmə halları çoxalıb. Son bir ay ərzində üç orta məktəbdə kütləvi zəhərlənmə baş verib. Bayram günlərinin zəhərlənmə statistikasından isə məlum olub ki, 5 gündə 72 nəfər zəhərlənib, 1 nəfər ölüb.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından, zəhərlənib. 1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib.

Bu, hələ bəlli olan faktlardır, bayram günlərində yalnız Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı müraciət edənlərdir. Sirr deyil ki, ölkədə zəhərlənmə zamanı çox adam xəstəxanaya müraciət etmir, türkəçarə ilə özünü sağaldır. Səbəblərə nəzər saldıqda bunun böyük faizi qida zəhərlənmələridir. İkinci yerdə özünə qəsdlər və dərman zəhərlənmələri, daha sonra narkotikdən zəhərlənmələr gəlir.

Bəs zəhərlənmələrin artması mövsümi xarakterlidir, yoxsa...

Bu və digər suallarla bağlı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Fərrux Sədirov “Yeni Müsavat”a danışıb. 

- Fərrux bəy, qida zəhərlənmələri niyə artıb? Bu zəhərlənmələr mövsümi xarakter daşıyır, yoxsa məsuliyyətsizlik faktoru əsas rol oynayır? 

Fərrux Sədirov: ÜST koronavirusun AY.4.2 növünü tədqiqat altında olan  variant olaraq qiymətləndirir - AZƏRTAC

Fərrux Sədirov

- Bu, hər il olan hadisələrdir. Təəssüf ki, insanlarımızı məlumatlandırmağımıza baxmayaraq, qidanın qəbulu qaydalarına riayət etmirlər. Xüsusən də hisə verilmiş, tutma dediyimiz bağlanmış turşular, pomidor, xiyar turşusudur ki, bunlar da botulizmə səbəb olur və ölümcül qida zəhərlənməsinə gətirib çıxarır. Bunların hamısı qaydalara riayət olunmamaqdan irəli gəlir.

Yay aylarında əsasən toyuq ətindən, kremli məhsullardan, dondurmalardan zəhərlənmələr çoxalır. Çünki burada bir sıra bakteriyalar var ki, düzgün saxlanılma qaydalarına riayət olunmadıqda və ya süd məhsulları tam bişirilmədikdə belə yoluxma halları arta bilər. Qida zəhərlənməsi diaqnozunu qoyarkən bir nəfərdəki hal qida zəhərlənməsi olaraq dəyərləndirilə bilməz. Kütləvi hal varsa, o zaman qəbul olunur. Eyni qidadan, eyni saatda bir neçə nəfər qəbul edibsə, onların hamısında bu əlamətlər varsa, o zaman kliniki hal, qida zəhərlənməsi demək olar. Yoxsa bir nəfər gedib dönər yeyir, qarnı ağrıyır, qusur, bu qida zəhərlənməsi deyil. Çünki həmin dönərdən minlərlə insan alıb yeyir. Həzmsizlik, mədə-bağırsaq traktı ilə əlaqədar başqa problemlər ola bilər. Amma bu çox zaman qida zəhərlənməsi ilə qarışdırılır, bu yanlış diaqnoz olaraq deyilir də.

- Narahatlıq doğuran əsas məsələ orta məktəblərdə zəhərlənmə hallarının artmasıdır. Məktəblərdə nələrə diqqət edilməlidir? Nəzərə alsaq ki, uşaq orqanizmi ilə  böyüklər eyni olmur, daha həssasdır. Məktəb bufetlərində nələrə diqqət edilməlidir?

- Məktəb bufetlərindəki vəziyyətlə bağlı, eləcə də iaşə obyektləri, restoranlarda qidaların təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyan cavabdeh qurum Qida Təhlükəsizliyi Agentliyidir. Burada başqa məsələlər də var ki, bütün bunlar nəzərə alınmalıdır. Məhsulların saxlanılma qaydalarında səhvlər var. Misal üçün, ət və süd məhsullarını uyğun temperaturda və uyğun qablaşdırmalarda saxlamaq lazımdır. Bunu saxlamadıqlarına görə bakteriya yükünün artması ilə zəhərlənmə halı baş verir. Süd məhsulunu günəşin altında çox saxlasaq, burada bakteriyalar çoxala bilər. Ət məhsulunu da eyni qaydada. Əsas məsələ saxlanma qaydaları və təhlükəsiz qaydalarına satıcılar tərəfindən düzgün riayət olunmamasıdır. Bu istər məktəb bufetlərinə, istərsə də iaşə obyektlərinə aiddir.

Bir məsələni də vurğulayım, bəzən bunu qarışdırırlar, əsas əl gigiyenasına əməl olunmasına diqqət edilməlidir. Bu, xüsusilə fərdi hallarda olur, uşaq məktəbdən çörəkarası nə isə alıb yeyir, sonra zəhərlənmə baş verir. Halbuki burada əsas məsələ çörəkdə deyil, əgər kütləvi deyilsə, burada əl gigiyenasına diqqət edilməməsi səbəb olur. Təbii ki, yeniyetmələrdə, körpələrdə əl gigiyenası, şəxsi gigiyena zəif olduğu üçün belə hallara daha çox rast gəlinir. Böyüklərdə artıq bu vərdişlər formalaşdığına görə nisbətən az görünür. Burada əsasən mövsümi olaraq batulizmdən əlaqəli ola bilir, yay aylarında süd, kremli məhsulların, mayonez dondurmadan olur. Dediyim kimi, turşu, şoraba konservləşdirilmiş bütün məhsullarda əgər texniki qaydalara nəzarət olunmayıbsa, orada toksin əmələ gələ bilər və bu ölümcül xəstəliyə səbəb ola bilər. Ona görə də biz tövsiyə edirik ki, marketlərdən zavodlarda istehsal olunmuş, üstündə sertifikatı olan məhsullar alınsın. Yoxsa bazarda, evdə kustar üsul ilə hazırlanmış bu məhsulları istifadə etmək çox təhlükəlidir.

- Bayram günündə statistika açıqlandı ki, 5 gündə 72 nəfər zəhərlənib. Bunun səbəbi insanların Ramazan ayı boyunca düzgün qidalanmaması ilə bağlıdırmı? Bəs bayramdan sonra necə qidalanmaq lazımdır?

- Bunlar qida zəhərlənməsi məsələsinə aid deyil. Buna biz dispepsiya, yəni mədə-bağırsaq pozuntusu deyirik. Bu, bir-birinə uyuşmayam qida məhsullarının eyni anda, kütləvi şəkildə qəbulu ilə bağlıdır. Gün ərzində Ramazanda qidalanmayıb, uzun müddət oruc tutduqdan sonra axşam saatlarında, yaxud obaşdan saat 4-də qalxıb ağır-ağır yeməklərin yeyilməsi zərərlidir, çünki mədə-bağırsaq bu saatlarda ağır qidaları qəbul etmir. Həzmsizlik problemləri ortaya çıxır. O insanlar da bunu kütləvi zəhərlənmə kimi qəbul edirlər. Belə deyil. Əsas problem dispepsiyadır. Qida rejiminin və qida rasionunun dəyişməsi ilə əlaqədardır. Çünki o uzun müddət ac qalacağı üçün hər şeydən çox miqdarda istifadə etdiyi üçün bunun da fəsadı həzmsizlik problemi yaradır. Yoxsa bayramlarda zəhərlənmə sayının artması deyə statistika yoxdur. Təbii ki, turşu-tutmalardan istifadələr çox deyilsə.

- Yaxınlarda Azərbaycanda karantin rejiminin müddəti uzadıldı. Ölkəmizdə virusla bağlı vəziyyət bu qədərmi təhlükəlidir? Artım gözlənilirmi? Hələ daha təhlükəli virusun da yaranacağı haqda proqnozlar var...

- Bu təxminləri heç kim öncədən bilə bilməz. Yeni virus yaranacaqmı, yaranmayacaqmı. Təbiətin müəyyən bir zənciri, virusların yaşama müddəti var. Onun yaranıb-yaranmayacağını biz deyə bilmərik. O ki qaldı Azərbaycanda COVİD 19-la bağlı hazırda bir sıçrayış gözlənilirmi? Gözlənilmir. Çünki ölkənin 65 faizindən çoxu vaksinasiya edilib. Qalan qismi də xəstəliyi təbii olaraq keçirib və immunitet qazanıb. Naməlum bir virus çıxmadığı zamana qədər belə bir təhlükə görmürəm.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR