İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənişünas alimdən sensasion müsahibə - budəfəki dərs

6903 11.11.2023 18:53 Müsahibə A A

Qafar Qaxmaqlı: “Əgər gələcəkdə bu qüvvələr yenidən baş qaldırarlarsa, erməni revanşizminə yeni bir savaş dərsi veriləcək!”

“Azərbaycanın yanında NATO ölkəsi olsa da, Amerikanın hər dediyi ilə oturub-durmayan bir Türkiyə var”

Ermənistanın sərgilədiyi destruktiv mövqe gərginliyin günbəgün artması ilə müşayiət oluna bilər, son günlərin müşahidələri bunu deyir. Azərbaycan yüksək səviyyədə bəyan edib ki, bölgədə əbədi sülhün təmin olunmasında maraqlıdır və bu istiqamətdə öz tərəfindən lazımi addımları atmağa hazırdır. Bununla belə, rəsmi İrəvanın xarici təsirlər nəticəsində sülhün əldə olunmasından yayınması, yekun sənədin imzalanmasını uzatmaqla məkrli planlarını həyata keçirmək üçün fürsət qazanmaq cəhdləri aydın görünür.

Erməmnişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı Musavat.com-a müsahibəsində mövcud durumla bağlı olduqca maraqlı açıqlamalar söyləyib.

- Qafar bəy, Xankəndi paradında Prezidentin Ermənistana və havadarlarına xəbərdarlıqları oldu. Ümumi atmosfer necədir: erməni cəmiyyəti və hakimiyyəti yenidən revanşa cəhd edə bilərmi?

Adsız-tasarım-2021-01-06T175003.638 (1).jpg (178 KB)

-Öncə onu deyim ki, hərbi paradın Xankəndidə keçirilməsi dünyaya mesaj idi ki, ermənilərin himayə edilməsi belə onları məğlubiyyətdən xilas edə bilməz, Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək haqqından döndərə bilməz

Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında yeni mesajlar verdi, mühüm məqamları- Fərrux, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatları və Ermənistanla sərhəddə strateji mövqelərimizi xatırlatması ermənilərin də ağıllarına başlarına yığmasına bir çağırış idi. Bu çağırışlar Ermənistanda yeni təşvişlər yaradıb. Təbiidir. Neçə gündür ki, erməni cəmiyyəti içərisində Azərbaycanın nə planlaşdırdığı barədə müzakirələr gedir.

Azərbaycan nə planlaşdırır? İlham Əliyevin dediyi bu fikirlərdə Azərbaycanın mövqeyi öz əksini tapıb: “Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror tədbirlərinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb”.

- Necə bilirsiniz, ermənilər ötənlərdən lazımi dərs çıxarıblarmı?

- Elə indinin özündə də bəzi revanşist qüvvələr dinç durmurlarsa, demək dərs çıxarılmayıb. İndi Qarabağa erməni əhalinin geri dönüşü və iddiaları ilə bağlı heç də 90-cı illərdən geri qalmayan bəyanatlar səsləndirirlər. Ermənistan sərhədləri boyunca əlverişli mövqedə olduğumuz barədə Prezidentimizin dilindən səsləndirilən fikirlərin anlamının nə olduğunu bilsələr də, yenə durumu gərginləşdirəcək bəyanatlar səsləndirirlər. Ermənilər İlham Əliyevin mesajlarını da yaxşı oxumalıdırlar: Əgər gələcəkdə bu qüvvələr yenidən baş qaldırarlarsa, erməni revanşizminə yeni bir savaş dərsi veriləcək! Növbəti dərs bu dəfə Ermənistan ərazisində ola bilər. Azərbaycan bütün ərazisində öz dövlət suverenliyini bərpa etsə də, hələ işğal altında olan, anklav 8 Azərbaycan kəndinin taleyi həll olunmayıb. Paşinyanın özü də Azərbaycanın 86, 6 min kvadrat kilometrlik ərazisininə bu anklavların da daxil olduğunu deyir. Amma gedən müzakirələrdə anklavların verilməyəcəyi, yaxud bizdə olan Başkənd kəndi ilə dəyişdirilməsi təklifi səsləndirilir. Amma ermənilər anlamırlar ki, Qazaxın 7 kəndi və Sədərək rayonun Kərki kəndi strateji olaraq Azərbaycan üçün önəmli ərazillərdir, onların Azərbaycana verilməsi qaçılmazdır, heç bir dəyişdirmədən söhbət gedə bilməz. Ermənistan bu kəndləri geri verməsə, əlbəttə, Azərbaycan başqa vasitələrə əl atacaq. Ermənistanla qalıcı sülhə o zaman nail olunacaq ki, Azərbaycanın haqqı olan bütün məsələlər həll edilsin. Ermənistan 44 günlük müharibədə kapitulyasiya aktına imza atıb və bundan irəli gələn məsələlər hələ yerinə yerinə yetirilməyib. Onlardan ən başlıcası Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək koridordur, Zəngəzur dəhlizidir.

­- Qarabağ separatçıları İrəvanda bir araya gəlməyə, nələrsə qarışdırmağa çalışırlar. Onları ortaya salan hansı qüvvələrdir?

- Qarabağ separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyan Xankəndidə olarkən qondarma “Artsax Respublikası”nın ləğv olunduğunu elan etdi. Dünya bilir ki, artıq belə bir qurumun varlığı müzakirə mövzusu deyil. Ancaq həmin adam basqılarla Ermənistanda imza atdığı sənədi təkzib eləməyə çalışdı. Separatçıların qondarma “parlamenti” və “ höküməti” elə həmin Şahramanyanın başçılığı ilə bir araya gəlib, həmin qurumun “yaşadığını” elan etdilər. Və arada toplaşıb müzakirələr aparmaqda, Qarabağa geri dönüşün “yollarını” aramaqdadırlar. Erməni cəmiyyətinin irqçi ünsürləri də onların “fikir babası”na çevrilib.

- Məntiqlə revanşistlər Paşinyan hakimiyyəti üçün prblemlər yaradırlar, elə deyilmi?

- Əslində Paşinyana müxalif və onu həzm etməyən qüvvələr üçün Qarabağdan ermənilərin çıxması və ölkədə sabitliyin pozulması üçün şərait yaratmışdı və bu faktordan istifadə edib Paşinyanı uzaqlaşdırmaq istəyirdilər. İlk günlərdə belə cəhdlər oldu. Hətta Paşinyanı terror yolu ilə aradan götürmək planları da işlənmişdi, erməni mətbuatı bunlardan yazırdı. İndinin özündə də Qarabağ ermənilərindən istifadə edib siyasi məqsədlərini həyata keçirmək istəyən qüvvələr var. Rəsmi İrəvanın qondarma qurumun bərpa edilməsi və erməni əhalinin geri dönüşü ilə bağlı hələ ki, bir planı yoxdur. Amma Ermənistanda fəaliyyətdə olan bəzi siyasi təşkilatlar Qarabağdan gələn ermənilərin ölkələrinə inteqrasiya olunmasını yanlış siyasət olduğunu və gələnlərə vətəndaşlıq kimi və ya buna bənzər haqlar verilməsinə qarşı çıxırlar. Paradoks alınır. Qarabağ erməniləri indiyədək hansı ölkənin vətəndaşı idilər? Ermənistan buradakı qurumu tanımayıb, amma orada yaşayan əhaliyə qeyri - rəsmi də olsa vətəndaşlıq vermişdi. Buradakılar başqa ölkələrə Ermənistan pasportları ilə gedirdilər. İndi onları həmin haqdan da mərhum edib, onları məcburi köçkün kimi qeyd etsələr, geriyə dönmək üçün Ermənistanın Azərbaycanın tərkibində tanıdığı Qarabağ Azərbaycan ərazisi olaraq qəbul edilməlidir. O zaman Qarabağa qayıdan ermənilər Azərbaycandan vətəndaşlıq almamlıdırlar və Azərbaycan vətəndaşı olan hər hansı şəxslə bağlı Ermənistanın heç bir öhdəliyi və haqq tələbi olmayacaq. Yox, əgər bu ermənilər Ermənistan cəmiyyətinə inteqrasiya olunsalar, o zaman Qarabağa dönmə haqları olmayacaq. Bəzi siyasilər, qondarma qurumun institutlarının Ermənistanda deyil, üçüncü bir ölkədə yaradılmasını və Azərbaycana qarşı mücadiləyə başlamasını təklif edir. Deyirlər ki, bu ölkə İsveçrə, ya da başqa bir Avropa ölkəsi də ola bilər.

Ermənistan siyasi rəhbərliyi də, parlamentdaxili və kənardakı qüvvələr də düşdükləri durumun şokunu yaşamaqdadırlar. Nə edəcəklərini bilmirlər, bir sürü erməni, içi Paşinyan qarışıq, Avropanı “su yolu”na döndəriblər, qarışdırdıqları oyunlar isə düşdükləri duruma heç də ciddiyyət qazandırmır.

- Eyni zamanda Qarabağdan öz xoşu ilə köçən ermənilərlə bağlı demoqogiya davam edir. Ermənistan bu kartla nəyə nail olmağa çalışır?

- Ermənistan Qarabağ separatçılarına, onların qurumlarına öz büdcəsindən bəlli miqdarda pullar ayırırdı və bunlar büdcə təşkilatlarında çalışanlara maaş olaraq verilirdi. İndi qarışıq bir durum yaranıb... Ermənistanın daha öncə ayırdığı pullar da, digər vəsaitlər də ortada yoxdur. Həmçinin separatçılar Qarabağı tərk edərkən bütün sənədləri yandırıblar. İndi tələblər səslənir: bu pulları və digər qiymətli vəsaitləri kim mənimsəyib? Özü də cinayətlər törətmiş Samvel Babayan deyir ki, Qarabağın keçmiş “rəhbərləri”nə, 22 deputata və hökümət üzvlərinə cinayət işi qaldırılmalıdır. Belə çıxır ki, cinayətlərdə əli olan və hazırda Azərbaycanda mühakimə olunan şəxslər belə, mühakimə olunacaq. Onları Ermənistan bu adla tələb edib, öz ölkəsində mühakimə etməlidir… Qarabağdan köç etmiş əhali isə ölkənin bir çox vilayətlərində yerləşdirilib. Onların ən xırda məsələsi belə, problemlər yaradıb. Ermənistan dövləti bu qarışıq durumdan çıxmaq üçün tədbirlər görməkdə acizdir. Beynəlxalq təşkilatlara müraciətlərin də predmeti yoxdur. Bu səbəbdən bir çox ərazilərdə yerləşdirilən Qarabağ erməniləri ölkəni tərk etmək məcburiyyəti qarşısında qalıb. Ermənistan rəhbərliyi və bəlli irqçi dairələr Azərbaycana qarşı bu kartdan istifadə etməyə çalışacaq. Amma Azərbaycanın bu sahədə aydın bir siyasəti mövcud idi, hər bir iyrənc erməni propaqandasının nəticə verməyəcəyi açıq görünməkdədir. Azərbaycanı suçlama demoqoqiyası davam edir. Guya Azərbaycan əslində öz xoşu ilə gedən bu əhalini zorla çıxarıb. Beynəlxalq qurumlara məhz bu şəkildə təqdim olunarlarsa, nəsə bir nəticə alacaqlarına ümid edirlər. Bəzi siyasi qurumlar qondarma qurumun təşkilatlanmasını və Azərbaycana bir subyekt kimi dönmə variantının üzərində işlənməsini doğru hesab etməkdədirlər. Kosova variantı müzakirə olunur. Deyirlər ki, kosovalılar da yerlərindən edilmişdi, onlar dövlət strukturlarını kənarda bərpa etdilər və sonra geri dönüb, müstəqilliklərini ala bildilər. Bunlar hamısı, xəstə təxəyüllün məhsullarıdır və ermənilərin bəlli irqçi düşüncədən, bölücü təfəkkürdən uzaqlaşmadığını göstərən cəhətlərdir.

- Nikol Paşinyan yenidən Makronla görüşdü və onlar həm də Qarabağdan danışdılar. Necə bilirsiniz, Fransa reallıqla barışıbmı, yoxsa qarışdırmaqda davam edəcək?

- Məlumdur ki, Ermənistan nicatı Qərbdə axtarır və kifayət qədər fəallığını hiss edirik. Gürcüstanın Avropa İttifaqına namizəd kimi elan olunması onları ürəkləndirib. Fransadan hərbi dəstək alması da Ermənistanı Qərbə inteqrasiya anlamında siyasət yürütməsinə səbəb olub. Amma nə Fransası, nə də başqa Avropa ölkələri bölgə dövləti deyillər və burada fəallıq bir effekt verməz. Paşinyanın Parisdə Makronla son görüşündə rəsmi Parisin Ermənistanla əməkdaşlığın davam etdirilməsi müzakirə edilib. Fransa hərtərəfli şəkildə Ermənistana yardım edəcəyini ifadə edir və hərbi yardımlar, silah satışı anlaşmaları həyata keçirilir. Bunların, Ermənistanı daha zor duruma salacağını deyən erməni politoloqlar var. Ermənistanın bu cür görüşlərinin qonşuları ilə münasibətləri yaxşılaşdırmaq əvəzinə, gərginliyi artırdığını düşünənlər haqlıdırlar. Bir zamanlar Rusiyaya himayəçi kimi baxırdılar, indi isə Fransanı və ya Hindistanı özlərinə dayaq, silah deposu hesab etməyə başlayıblar. Fransa Afrikadan qovulandan sonra dövlət imicini qorumaq üçün başqa bir bölgədə sadəcə olaraq fəallaşmaq siyasətini izləməkdədir. Ermənilər onun üçün bu gün daha cəlbedici görünür, sabah belə olmaya bilər. Həmin ermənilər deyilmi ki, 1918-20-ci illərdə Fransanın onları satdığını deyir və yazırlar?

- Bu arada ABŞ-dakı erməni lobbisinin təmsilçiləri. konqresmenləri tərəfindən Azərbaycana qarşı absurd iddialar, tələblər səsləndi. Ağ Ev 1992-ci ilin payızındakı səhvini təkrar edə bilərmi?

- Eyni şeyi ABŞ-dakı erməni fəaliyyətləri ilə əlaqədar demək olar. Bu ölkənin Cənubi Qafqazdakı maraqları məlumdur: Ermənistanı yanına çəkməklə, bölgədə Rusiyanın təsir imkanlarını azaltmaq istəyir. Əslində Azərbaycandan da eyni şeyi istəyir. Amma Amerika bizimlə bunu edə bilmir. Çünki Azərbaycanın yanında NATO ölkəsi olsa da, Amerikanın hər dediyi ilə oturub-durmayan bir Türkiyə var. Erməni lobbisi Amerikada Azərbaycanın əleyhinə bəzi qərarlar verdirə bilər, belə hərəkətlər 90-cı illərdə də olmuşdu. Amma bu, reallıqları dəyişdirə bilməz.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR