İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilərin çırpıntıları Don Kixotun yel dəyirmanı ilə döyüşməsinə bənzəyir”

9470 31.08.2022 10:30 KİVDF layihələri A A

Əziz Ələkbərli: “300 min qaçqın öz dədə-baba ocağına qayıtmayınca, Ermənistanla hər hansı saziş dayanıqlı ola bilməz...”

Avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasına doğru daha bir addım atılmış oldu. Bəs bundan sonra proseslər necə inkişaf edəcək?

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli “Yeni Müsavat”ın suallarını cavablandırıb:

- Azərbaycan 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəlikləri nöqtəbənöqtə icra edir. Bu, ardıcıl siyasi xətti olan ciddi bir dövlətə yaraşan hərəkətdir. Lakin Ermənistan bütün vasitələrdən istifadə edərək üzərinə götürdüyü öhdəliklərdən yayınmaqda, müxtəlif bəhanələrlə vaxtı uzatmaqda, sağda-solda özünə təzə havadarlar axtarmaqda davam edir. Həm də bunu elə açıq şəkildə edir ki, ciddi siyasətçilərdə gülüş doğurur. Bu, Ermənistanın ciddi dövlət olduğunu şübhə altına alır. Lakin Ermənistanın bütün vurnuxmalarına baxmayaraq, 10 noyabr bəyannaməsinə görə, Azərbaycan Respublikasının suveren əraziləri bütünlüklə dövlətimizin yuridiksiyasına keçməlidir. Laçının, Zabuxun və Susun Azərbaycanın nəzarətinə qaytarılması sübut etdi ki, bu proses ərazilərimizin son qarışına nəzarəti əldə edənə qədər davam edəcək.

- Ərazi bütövlüyümüzü tam bərpa etmək  nə qədər zamanımızı alacaq? Geri qalan ərazilərdə nəzarəti itirməmək üçün Ermənistan hakimiyyəti hansı yollara əl ata bilər?

- Buna görə qətiyyən narahat olmağa dəyməz, Azərbaycanın nəyi nə vaxt və necə edəcəyini bilən Müzəffər Ali Baş Komandanı var. Son hadisələr bir daha bunu sübut elədi. Hesab edirəm ki, torpaqlarımızın son qarışına qədər Azərbaycanın nəzarətinə keçəcəyinə şübhə edənlər ya Azərbaycanın uğurlarına sevinə bilməyənlərdir, ya da psixoloji yardıma ehtiyacı olanlar. Belələri insanların inamını sındırmaqdansa, gedib öz gündəlik işləri ilə məşğul olsalar yaxşıdır. Özünü “şübhə edən” kimi göstərənlər isə Vətən və millət xainləri, “5-ci kolon” nümayəndələridir. Hər kəs əmin ola bilər ki, çox keçməyəcək ki, ərazi bütövlüyümüz tam təmin olunacaq. Ermənistan hakimiyyəti həmin ərazilərimizdə nəzarəti əldə saxlamaq üçün hansı şərəfsiz yollara əl atır-atsın, heç bir qələt edə bilməz. Ermənilər öz cırtdan ağılları ilə hələ də dərk edə bilmirlər ki, qarşılarında necə güclü bir dövlət, güclü dövlət başçısı, güclü ordu və güclü xalq dayanır. Ermənilərin bugünkü çırpıntıları Don Kixotun yel dəyirmanı ilə döyüşməsinə bənzəyir.

- Ermənilərin Paşinyana birmənalı olmayan münasibəti prosesi ləngidə bilərmi?

- Bu, onların daxili işidir. Əslində Ermənistandakı qarşıdurma Ermənistan klanı ilə “Qarabağ klanı” arasında gedən mübarizədir və bu, mütləq Ermənistan klanının tam qələbəsi ilə başa çatacaq. Erməni xalqı Paşinyanı hər hansı bir əlahiddə xüsusiyyətinə görə yox, məhz Ermənistan klanının nümayəndəsi olduğu üçün müdafiə edir. Erməni xalqı Paşinyanı başında Köçəryan və Sərkisyan kimi avantüristlərin dayandığı və Ermənistanı bugünkü uçuruma sürükləyən “Qarabağ klanı”na qarşı çıxan qüvvə kimi müdafiə edir. Ermənilərin bu daxili mübarizəsi Azərbaycanın öz ərazilərini tam nəzarətə götürməsi prosesini qətiyyən ləngidə bilməz.

- Böyük qayıdışın növbəti mərhələsi laçınlılar üçün ola bilərmi? Yoxsa hələ tezdir?

- Təbii ki, ola bilər və olacaqdır. İnsanlar 30 ildir dədə-baba yurdlarına qayıtmaq həsrətindədirlər. Bu həsrət bəzilərinə asan gəlməsin. Biz Qərbi Azərbaycan qaçqınları da 34 ildir bu həsrəti yaşayan insanlarıq. Vətən həsrəti heç bir hisslə müqayisəyə gəlməz. Doğmalarımızın dünyadan köçərkən Vətən həsrəti ilə gözlərinin yol çəkməsini, atasının, anasının, qardaşının məzarı yanında dəfn olunmaq istəyini dilə gətirməsini, 34 il həsrətində olduğu bulağın suyundan istəməsini, öz əli ilə əkib-becərdiyi həyətinin meyvəsindən dadmaq arzusunu hansı başqa bir hisslə əvəz etmək olar?

- Laçının, Zabuxun, Susun Azərbaycanın nəzarətinə keçməsi sülh sazişinin imzalanmasını sürətləndirə bilərmi?

- Təbii ki, sürətləndirə bilər, amma qarşı tərəf psixoloji cəhətdən buna hazır olmalıdır və mənim buna qətiyyən inamım yoxdur. Ermənilər tarixi həqiqətlərə inanmaq iqtidarında deyillər. Onlar yüzillər boyu öz uydurduqları yalanlara inanmış, bir neçə nəsil bu yalanlarla tərbiyə olunmuş, mayası bu yalanlarla yoğrulmuş bir toplumdur. Bu yalanlar yoxsa, erməni xalqı yoxdur. Qərbi Azərbaycan İcması olaraq isə bizi hazırda ən çox narahat edən məsələ Ermənistan dövlətinin və müvafiq beynəlxalq qurumların 1988-1991-ci illərdə Qərbi Azərbaycandan vəhşicəsinə qovulmuş 300 min nəfərə yaxın qaçqının geriyə-öz dədə-baba ocaqlarına qayıtması hüququnu tanıması və bunu təmin etməsidir. Bunsuz Ermənistanla Azərbaycan arasında hər hansı saziş dayanıqlı ola bilməz. Ermənistan tərəfi Azərbaycanla, Türkiyə ilə normal münasibətlər yaratmaq istəyirsə, bunda tam səmimi olmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından tam imtina etməli, Azərbaycanda və Türkiyədə olduğu kimi, Ermənistanda da azərbaycanlıların qayıdıb öz dədə-baba ocaqlarında yaşamasını qəbul etməlidir və bu qayıdış üçün şərait yaratmalı, onlara təzminat verməlidir. İkinci Dünya müharibəsində faşist Almaniyasının yəhudilərə qarşı etdiyi soyqırımına görə bugünkü Almaniyanın bu ölkəyə köç edən yəhudilərə yaratdığı şərait kimi. Onda Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinin dayanıqlılığı təmin olunmuş olar.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR