İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərdə və bizdə vətənsevərlik

3168 11.12.2018 08:10 Yazarlar A A

Ermənistanda keçmiş prezident Robert Köçəryanı tutub qoduqluğa salıblar, hansısa cinayətlər törədibmiş. Su çanağı suda sınar, necə deyərlər. Başqa xalqlara qarşı cinayət törətmiş adamın öz xalqına da qarşı haçansa cinayət törədəcəyi gün kimi aydın məsələdir, tarixdə dəfələrlə öz təsdiqini tapmışdır. Cinayətkarın milliyyəti yoxdur deyiblər, eyni zamanda, cinayətin də milliyyəti olmur, biləsiniz. İnsan hər yerdə insandır.

Xocalıda, Qarabağda azərbaycanlıların başını kəsmiş Köçəryanın axırda erməni xalqının da qanını axıdacağı gözlənilən idi. İndi onu yanılmıramsa, 2008-ci ildə İrəvanda mitinqçiləri öldürməkdə suçlayırlar. Hərçənd Köçəryan elə 90-cı illərdə azərbaycanlılara qarşı müharibəni qızışdırarkən də nə qədər günahsız erməninin ölümünə səbəb olmuşdu.

Dünən onun vəkilinin İrəvanda müxbirin sualına bizim dildə “bilmirəm” cavabını verməsi isə əsl lətifədir. İndi nə edək? Yoxsa biz “bilmirəm” sözündən də əlimizi üzək? Ermənilər oğurlayıb-çırpışdırıb indi feillərimizi də qapazlayırlar. Nə gözü doymaz xalqdır... Ancaq nə qədər oğurlasalar da, məncə, ermənilər bizim laqeydlik və qeyri-vətənpərvərliyimizi əlimizdən ala bilməyəcəklər. Daha doğrusu, “alammazlar” yazım, çünki “bilməyəcəklər” sözü artıq ermənicə sayılır, heyf.

Tələbə vaxtı aran rayonumuzdan olan bir dostum danışmışdı, lətifəyə bənzər olay idi, bəlkə də gerçək idi, dəqiq bilmirəm (feili acığa yazdım bu dəfə). Deyir həmin rayondan Nüsrət adlı adam Rusiyada yaxşı iş-güc qurur, zavod direktoru olur. Bunun kəndçiləri isə Azərbaycanda acından ölürmüş. Bir gün həmin kənddən 30 nəfər yığışır gedir Rusiyaya, Nüsrətin qəbuluna yazılır. Katibə deyir, müdir, kəndçilərin gəlib. Nəsə, Nüsrət müəllim bunları qəbul edir. Adamlar deyir, ay Nüsrət, bizim durum çox ağırdır, sənin də imkanın pis deyil, bizə burada hansısa iş-güc ver, dolanaq, balalarımıza çörək aparaq. Nüsrət qəzəblə bunları qovub deyir: “Mən 20 ildir güzgüyə baxmıram ki, öz rayonumuzdan olan adam görərəm, siz də gəlmisiniz iş verim?! İtilin, bir də sizi görməyim!”

Bu mənim yadıma 2-3 gün qabaq, Rusiyada hava limanlarına tanınmış adamların adlarının verilməsi üzrə ümumölkə səsverməsinin nəticələri açıqlananda düşdü. Yəqin xəbəriniz var, məşhur geoloq, neftçi soydaşımız Fərman Salmanovun adını Surqut hava limanına veriblər. Başqa bir həmyerlimiz Sabit Orucovun adını isə Nijniy Urenqoy şəhər aeroportuna vermək ideyası var. Açığı, Salmanovun adını alababat olsa da bilirdim, ancaq Orucov haqda ilk dəfə eşidirdim. O isə nə az, nə çox: SSRİ-nin qaz sənayesi naziri olubmuş!

Onu tanımamaq tək mənim günahımdırmı? Yox. Nə sirdirsə, bizimkilər qırağa çıxanda, özlərini tutanda vətən yaddan çıxır. Bir erməni isə əlinə imkan düşəndə başqa erməniləri də yuxarı dartır. Bunun tipik örnəyini hələ yüz il qabaq Mirzə Cəlil yazmışdı. Deyir erməni kilsəsinin yanında keçirdim, eşitdim içəridə keşiş üç dəfə “vətən, vətən, vətən” dedi. Müsəlman məscidinin yanında isə görür axund kitab açıb camaata oxuyur: “Əgər bir müsəlman yatıb yuxuda həcəmət görə, onun işi yaxşı olar”.

İndi də belədir. 90-cı illərdə ermənilərin Eçmiədzin kilsəsi nə qədər uşağın məktəb xərcini ödəyirdi. Bizdə hansısa məscidin ianəsi ilə bir tələbəyə təqaüd kəsildiyini görmüsünüz?

Rusiyada neçə dənə milyarderimiz var, adları hansısa rəqqasənin göbəyinə milyon dollar qoymaqla çəkilirdi. Ömürləri boyu bir yaralı barmağa “çiş” eləməyiblər. Qarabağda savaş getdi, bir patron alıb yollamağa qanacaqları çatmadı. Dükanlarının gündəlik xərciylə neçə rayonun qaçqınlarına yardım eləmək olardı, ancaq biz Norveçdən, İsveçdən yardım dilənirdik. Vətənin ağır günündə yoxa çıxan bu yaramazlar, maraqlıdır ki, neft pullarımız gələndə - 2005-ci ildən sonra peyda olmağa başlamışdılar. Şirəyə gəlirdilər. Neftin qiyməti düşəndə yenə yoxa çıxdılar. 

Əslində mən Azərbaycandan çıxıb qınını bəyənməyənləri, ya da yuxarıda yazdığım Nüsrət müəllim demişkən, “güzgüyə baxmayanları” anlamağa çalışıram. Görün onlar burda necə pis münasibət, qeyri-insani rəftar görüblər... Misal üçün, Fərman Salmanovun atası 1937-ci il repressiyasının qurbanı olub. 1931-də doğulan Fərman 3 balaca uşağı saxlamaqda anasına kömək edib, min bir əziyyət çəkib. Onun hətta babasını da 1880-ci illərdə Sibirə sürgün ediblərmiş. Səbəbi isə əcaib bir şey: babası Şəmkirdən Gəncəyə gələndə Gəncənin imamı bundan nəsə zorla pul almaq istəyib, kişi verməyib. İmam hökuməti çağırıb, kişini 20 illiyə (!) sürgün ediblər. 

Araşdırsaq Sabit Orucovun da taleyində nəsə bənzər, sağalmaz yaralar tapılacaq, o üzdən heç axtarmayaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR