İnsanlara hürriyət, millətlərə istiqlal!

Enerji sistemində yeni SCADA qurulur

2095 23.03.2019 20:09 İqtisadiyyat A A

 

Osman Gündüz: “58 milyon dollara bütün Azərbaycan üzrə fiber-optik infrastruktur qurmaq olardı”...

Ötən ilin iyulunda Azərbaycanın enerji sistemində baş verən böyük qəzadan sonra bu sahədə irihəcmli işlərin görülməsinə başlanıb.

Xatırladaq ki, qəzadan sonra yaradılmış dövlət komissiyası enerji istehsalı müəssisələri, həmçinin enerjinin ötürülməsi şəbəkəsində ciddi nöqsanlar aşkarlamışdı. Komissiya tərəfindən Energetika Nazirliyinin dəstəyi və xarici mütəxəssislərin iştirakı ilə xüsusi reabilitasiya proqramı hazırlanıb. Üç illik dövrü əhatə edən proqramın maliyyə tutumu açıqlanmasa da, onun nəzərdə tutduğu tədbirləin həyata keçirilməsi üçün ötən il ərzində “Azərenerji” ASC-yə 140 milyon manat vəsait ayrılıb.

Reabilitasiya proqramı çərçivəsində həm də bütün enerji sektorunun real vaxtda avtomatik olaraq idarə edilməsi, dispetçer idarəetmə mərkəzlərinin yenidən yaradılması, yeni texnologiya əsasında əks-qəza avtomatikasının quraşdırılması nəzərdə tutlub.

Bununla bağlı “Azərenerji” ASC-nin yaydığı məlumata görə, qurum etibarlılıq və təhlükəsizliyi gücləndirmək üçün enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur: “Bununla ölkənin enerji sistemi həm idarəetmə, həm də kiber hücumlara qarşı daha dayanıqlı olacaq. Artıq yüksəkgərginlikli elektrik ötürmə xətləri və yarımstansiyalarda qəzaların qarşısını almaq məqsədilə gərginliyin kəskin düşməsinin qarşısını alan mikroprossesor texnikası əsasında əks-qəza avtomatikası işə salınıb.

Yenilənəcək SCADA sistemi daha çox enerji obyektini əhatə etməklə müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılacaq”.

Hal-hazırda istismarda olan SCADA idarəetmə sistemi 45 enerji obyektini əhatə edir. SCADA layihəsinin həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində 30 elektrik stansiyasının və 150-yə yaxın yarımstansiyanın əhatə olunması nəzərdə tutulur. Yeni sistemin imkanları geniş olacaq və müstəqil enerji istehsalçılarının qoşulmasına da imkan yaranacaq. Eyni zamanda yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq.  Bu da ötürmə itkiləri və stansiyalarda yanacaq sərfi nəzərə alınmaqla enerji sisteminin rejimlərinin optimallaşdırılmasına və çəkilən xərclərin minimallaşdırılmasına gətirib çıxaracaq. Bundan başqa kiber hücumlara dayanıqlı olmaqla, qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsini, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə texniki dəstək olacaq. Eyni zamanda yeni sistemin tərkibində elektrik enerjisi bazarını (spot-bazar və balanslaşdırıcı bazar) texnoloji cəhətdən dəstəkləyən alt-sistem nəzərdə tutulacaq.

Hazırda xarici məsləhətçi şirkətin nümayəndəsinin iştirakı ilə texniki spesfikasiya hazırlanır və mart ayında xarici şirkətlərin də iştirakı ilə tender keçiriləcək.

Qeyd edək ki, Azərbaycan enerjisistemində SCADA layihəsinin birinci fazası 2005-2011-ci illərdə həyata keçirilib: “Lakin rəqəmsal texnologiya çox sürətlə inkişaf etdiyinə görə müəyyən komponentləri hal-hazırda istehsalçı şirkətlər tərəfindən dəstəklənmir və artıq istismardan çıxarılıb. Bu da mövcud SCADA sistemində müəyyən problemlər yaradıb. Yenidənqurmanı şərtləndirən amillərdən biri ötən il istehsalçı şirkətin apardığı audit zamanı müəyyən edilmiş texniki qüsurlardır. Digər tərəfdən, ötən ilin iyul ayında enerji sistemin baş vermiş sistem qəzası ilə ilə əlaqədar Ölkə Prezidentinin elektroenergetika sektor qarşısında qoyduğu hədəflərə çatmaq üçün “Azərenerji” rəhbərliyi enerjisistemin Dispetçer İdarəetmə Mərkəzinin yenidən qurulmasını günün tələbi hesab edir”.

Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, faktiki olaraq yeni rəhbərlik tərəfindən yeni SCADA qurulur: “Məlum olduğu kimi, “3 iyul böhranı” zamanı 45 enerji obyektini əhatə edən, 58 milyon dollara başa gələn köhnə SCADA sistemi qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədi və çökdü. Həm də cəmi bir neçə il öncə qurulan SCADA-nın texnoloji cəhətdən də köhnəldiyi bildirilirdi. Dünya Bankının layihəsində 3 Dispetçer Məntəqəsi nəzərdə tutulsa da, məlum olmuşdur ki, yalnız ortabab səviyyədə birisi var və o da real vaxt rejimində enerji sistemini idarə etməyə imkan verməyib. 

Картинки по запросу Osman Gündüz
Yeni SCADA 30 elektrik stansiyasını və 150-yə yaxın yarımstansiyanı əhatə etməlidir. Yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Digər, qonşu ölkələrin uyğun sistemlərinə inteqarsiya olunacaq. Artıq məsləhətçi şirkət müəyyən edilib, ciddi audit aparılıb və görüləcək işlər müəyyən olunub. Yeni sistemin 1 il ərzində qurulacağı gözlənilir.

Yeni SCADA-nın qurulması üçün cari ay ərzində xarici şirkətlərin də iştirakı ilə tenderin elan olunacağı gözlənilir.

Xatırlayıram ki, köhnə SCADA üçün ilk illər SİEMENS-lə iş birliyi qurulsa da sonradan hansısa bir fransız şirkəti tenderi udmuşdur. Nəticəsi də artıq məlumdur. Ümid edirəm ki bu dəfə tender şəffaf və ədalətli formada keçiriləcək”.

Mərkəz rəhbərinin sözlərinə görə, indiki SCADA sisteminin qurulmasına 58 milyon dollar ( 47 milyon dollar Dünya Bankı, 8 milyon dollar Azərbaycan Hökuməti və 3 milyon dollar Almaniyanın KfW bankı) xərclənmişdi: “Bu sistemin quraşdırılmasının birinci mərhələsində dünyada tanınmış şirkət olan SİEMENS iştirak edib. 

Amma nədənsə sonralar, 2007-ci ildən sonra bu şirkətin xidmətlərindən imtina edilib və müvafiq işləri görmək üçün “Azərenerji” Dünya Bankı ilə birgə Fransanın «Areva» şirkətini seçmişdi. Bütün bu işlərin qarşılığında , bu cür nəhəng vəsaitlə başa gələn sistem məlum enerji qəzası zamanı çökdü. Hansı ki bu tip sistemlər enerji obyektlərini, stansiyaları avtomatik rejimdə idarə etməliydi. 

Amma “Areva”nın 58 milyon dollara qurduğu SCADA bunu bacarmadı. İndi o da məlum olur ki, ümumiyyətlə, texnoloji cəhətdən də sistemin yenilənməsi mümkünsüzdür.

Görəsən, “Azerenerji”nin köhnə və yeni rəhbərliyi , Dünya Bankı “Areva”dan bunun səbəbini soruşublarmı?

Düşünürəm ki, 58 milyon dollara nəinki ölkədə elektron və mobil hökuməti qurmaq, tam səmimi deyirəm ki, bütün Azərbaycanı rəqəmsallaşdırmaq olardı. Bu vəsaitə ölkədə mövcud olan 700-dək dövlət xidmətinin tam elektron və mobil versiyasını hazırlamaq olardı. 58 milyona bütün Azərbaycan üzrə fiber-optik infrastruktur qurmaq olardı”.

DÜNYA,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR