İnsanlara hürriyət, millətlərə istiqlal!

EKSKLÜZİV! AMEA-nın prezidenti onu qınayanlara CAVAB VERDİ: “Kim onu deyirsə, gəlsin...”

2356 30.05.2023 18:52 Müsahibə A A

Bu gün Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırılma mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibəyli də iştirak edib.

O, Musavat.com-un əməkdaşının suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- İsa müəllim, siz prezident təyin olunanadək AMEA ətrafında söz-söhbətlər, qalmaqallar, institutların narazılığı səngimək bilmirdi. İndi vəziyyət necədir?

- AMEA özünün yenilənmə, islahatlar dövrünü yaşayır. İnstitutların tərkibində xeyli təkmilləşdirmələr aparılır. Bir çox lüzumsuz şöbələr bağlanıb, bəziləri birləşdirilib. Tamam yeni xarakterli, müasir dövrün çağırışlarına uyğun şöbələr yaranıb, elmi istiqamətlər formalaşdırılıb. Çalışırıq ki, AMEA-da gedən islahatlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik prinsiplərinə, xalqımızın milli maraqlarına xidmət etsin.

- Niyə son illər Azərbaycan alimlərinin yüksək elmi nailiyyətləri dünya reytinqlərində gözə dəymir? Niyə dünyanın nüfuzlu nəşrlərində bizim alimlərin məqalələri ya nəşr olunmur, ya da sayı çox azdır?

- Dünyanın nüfuzlu nəşrləri ilə bağlı onu deyə bilərəm ki, son beş ildə bu istiqamətdə böyük məsafə qət olunub. Düzdür, biz hələ də inkişaf etmiş ölkələrin səviyyəsinə çatmamışıq. Amma yerimizdə də saymamışıq. Son illərdə həm Elm və Təhsil Nazirliyi (ETN) sistemində olan alimlərimizin, həm də AMEA-da çalışan alimlərin Avropanın və Asiyanın məşhur jurnallarında məqalələrinin çap olunma əmsalı ilbəil artmaqdadır. Bu istiqamətdə biz də, ETN də təşviqedici addımlar atırıq. Proses getdikcə genişlənir, hesab edirəm ki, artıq orta nəticələrə doğru addımlamaqdayıq. Əlbəttə, bu təkamül tələb edən prosesdir. Mühüm elmi nəticələrin ən yaxşı nümunələri beynəlxalq reytinqli jurnallarda yer ala bilir. İndi aparılan islahatlar, indiki dövrün tələbləri, yüksək reytinqli jurnalda çap olunmağı, alimlərin istinad indeksinə görə yerinin müəyyənləşməsi tələbləri bu istiqamətdə ən yaxın zamanlarda mühüm nəticələrin şahidi olacağımıza əsas verir.

- Hələ də “AMEA ləğv olunsun” deyə çağırış edənlər var, buna münasibətiniz necədir?

- İndi AMEA-nın ləğvi ilə bağlı heç bir söz-söhbət yoxdur. İndi AMEA-nın nüfuzunun bərpa olunması və AMEA-nın gedən proseslərlə bağlı yenilənməsi ilə əlaqədar qarşıya qoyulan tələblər var. Bu istiqamətdə də işimizi davam etdiririk.

- Bəziləri isə deyir ki, İsa Həbibəyli gələndən sonra da xüsusi dəyişiklik yoxdur, buna fikriniz necədir?

- Kim onu deyirsə, gəlsin akademiyanın işindən yaxından tanış olsun. Akademiyada son vaxtlar genişmiqyaslı islahatlar aparırıq. Bunu görmək üçün əvvəla sosial şəbəkələri yaxşı oxumaq lazımdır. İkincisi də, akademiyanın reallığını görmək lazımdır. Onu deyən adamları akademiyaya dəvət edirəm, gəlib görsünlər ki, hansı işlərə başlanıb.

- İsa bəy, Azərbaycan dilinin orfoqrafiya lüğəti nəşr olunmalı idi, niyə yubanır?

- Bu sualı Dilçilik İnstitutuna ünvanlayın.

- Lüğətin nə zaman hazırlanacağından xəbəriniz yoxdurmu? Sizə məlumat verilmirmi?

- Dilçilik İnstitutu bununla məşğuldur, üzərində iş gedir, detalları onlardan soruşun.

Afaq Mirayiq,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR