İnsanlara hürriyət, millətlərə istiqlal!

Əgər Ermənistan sülhə nail olmaq istəyirsə... - Deputat 3 şərti AÇIQLADI

1037 09.04.2024 14:20 Siyasət A A

“Son vaxtlar sülh müqaviləsinin imzalanması ilə bağlı çoxsaylı bəyanatlar, müzakirələr, çıxışlar səslənməkdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ortaya qoyub və Ermənistandan konkret addımlar, ən əsası, adekvat cavab gözləyir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev deyib.

ARZU SON.jpg (42 KB)

Millət vəkili qeyd edib ki, Azərbaycanın konstruktiv mövqeyinin əksinə olaraq aidiyyəti olmayan qurumlar, müxtəlif sabiq məmurlar, politoloqlar və hətta terror təşkilatlarının nümayəndələri cavablar verir, hadisələrə rəy bildirirlər:

“Verilən cavabların heç biri Ermənistan hökumətinin bu və ya digər şəkildə mövqeyini ortaya qoymur və qoymaq istəmir. Qərbin riyakar siyasəti, Rusiyaya və Türkiyəyə qarşı Ermənistandan dolayı və birbaşa istifadə etmək cəhdi də görünür. Görünən əsas məsələ də odur ki, sülh yox, əksinə, münaqişəni böyütmək, müharibəni körükləmək bir məqsəd kimi seçilib. Təbii ki, hərənin öz məqsədi var. Əgər Ermənistan sülhə nail olmaq istəyirsə, separatçı qurumun öz ərazisindəki “nümayəndəliyi”ni ləğv etməlidir, ikinci məsələ 4 kəndlə bağlı danışıqlara son qoymalı və qeyri-şərt irəli sürmədən təhvil verməlidir, üçüncü vacib məsələ - konstitusiyadakı separatçı maddəni dərhal ləğv etməlidir”.

Arzu Nağıyevin fikrincə, hətta gələcəkdə sülh müqaviləsi imzalansa belə, parlament ratifikasiyası zamanı bu məsələ ən ciddi əngəl olacaq:

“Qərbdən, İrandan Ermənistana silah-sursat daşınması ilə bağlı ciddi mövqe ortaya qoyulmalıdır. Həmçinin Türkiyə sərhədinin açılması, humanitar yük adı altında daşınmalar, Gürcüstan yolu, bunların hamısına aydınlıq gətirilməlidir. Ermənistan beynəlxalq tribunalardan öz havadarlarına güvənərək saxta bəyanatlar verməkdənsə masa arxasında əyləşib problemlərin həllini çözməlidir. Ermənilərin özlərinin də etiraf etdikləri “ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin demarkasiyası və infrastrukturların blokdan çıxarılması prosesi” intensiv şəkildə öz həllini tapmalıdır. Əks təqdirdə, Azərbaycanın sülhə məcburetmə metodunu işə salmaq imkanı qalmaqdadır. Bunu həm Ermənistan, həm də onların himayədar və havadarları başa düşməlidirlər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR