İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətdən işğaldan azad bölgələrdə çalışacaq sahibkarlara təklif

1379 27.12.2023 08:51 Media A A

Bir sıra güzəştlər nəzərdə tutulur

İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi bilavasitə məskunlaşdırma, iqtisadiyyatın bərpası mərhələsinə qədəm qoyur. Gözlənildiyinə görə, bu mərhələdə bərpa prosesi Azərbaycanda iqtisadi aktivliyi tətikləməli, sahibkarlığın inkişafını sürətləndirməlidir. İqtisadiyyat Nazirliyinin dekabrın 26-da sahibkarlara yönəlik müraciətindən aydın olur ki, azad olunan ərazilərdə yerli sahibkarların görə biləcəyi işlərin reallaşdırılması zərurəti yaranıb. Belə ki, nazirlik kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olan sahibkarlara və hüquqi şəxslərə işğaldan azad olunmuş ərazilərdə əməkdaşlıq təklif edib.

Bildirilib ki, antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb. Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (hotel, restoran, aptek, çörəkbişirmə, avtomobil servis mərkəzi və avtoyuma, çamaşırxana və quru təmizləmə, təmizlik xidməti, yükdaşıma xidməti, mobil operator məntəqələri və inşaat malları mağazası) bərpası planlaşdırılır.

Sahibkarlardan fəaliyyətə ən qısa zamanda başlama imkanının, müvafiq kadr potensialının mövcud olması; Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması; Fəaliyyətin təmin olunması üçün dövriyyə vəsaitlərinin (maliyyə vəsaiti, xammal, mal-material və s.); Müvafiq sahə üzrə maddi-texniki bazasının(avadanlıq, texnika və s. təminatın); Müvafiq sahə üzrə təcrübənin olması; Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər öhdəliklərinin olmaması tələb edilir.

Qeyd edək ki, iğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra güzəştlər və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur. Onlar 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə ƏDV-dən, istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergidən, İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergidən, işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergidən azad olunurlar. 

Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.

Bundan əlavə, azad olunan ərazilərdə işəgötürənlər işçi heyətini Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur: Əməkhaqqının 50 faizi işəgötürən tərəfindən, 50 faizi isə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək.

Sosial güzəştlərə gəlincə, əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:

2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək - 100 faizi miqdarında;

2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək - 80  faizi miqdarında;

2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək - 60 faizi miqdarında;

2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək - 40  faizi miqdarında.

Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur.

Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20  faizi məbləğində maliyyə yardımı ödənilir.

Yazını hazırladı: Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR