İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğrudanmı Tehranın 18 milyon dolları yoxdur?

2055 29.01.2022 12:00 Yazarlar A A

Qonşu İranda şaha qarşı inqilab baş verəndə bu sətirlərin müəllifi hələ məktəbli idi. Sovet İttifaqında inqilabi İrandakı vəziyyət geniş və ətraflı şəkildə işıqlandırılırdı – gün ərzində bir neçə dəfə informasiya verilirdi. Hətta mərkəzi televiziyada “Dünyada bu gün” adlı xüsusi bir xəbərlər proqramı da açılmışdı.
Bəli, əvvəl hər şey haqqında oxuduğumuz və eşitdiyimiz bütün inqilablarda olduğu kimi idi. Hər yerdə və hər şeydə bir azadlıq havası duyurlurdu. İranın geniş siyasi spektri, o cümlədən də ölkənin kommunist partiyası olan Tudə (səhv etmirəmsə!) inqilaba qoşulmuşdu.

Amma çox tez bir zamanda bu ölkədə hər şey tamam qara örtüyə büründü, ağ qara oldu, qara isə ağ. Hətta bu da İrana və İrandakı hadisələrə SSRİ-də olan marağı azaltmadı, əksinə, daha da artırdı. Başqa cür ola da bilməzdi, İran qonşu ölkə idi, özü də kiçik və əhəmiyyətsiz bir ölkə deyildi.

Həm də İran inqilabı anti-Qərb, xüsusən də anti-ABŞ yönümlü hadisə idi. İnqilab sovet dövlətinin ümidlərini bütövlükdə doğrultmasa da, minimum hədəflərdən birinə nail olunmuşdu – şahın dövründəki amerikapərəst İran indi anti-qərbçi və anti-amerikaçı bir ölkəyə çevrilmişdi. Bu isə o demək idi ki, SSRİ-nin cənub sərhədlərində durum nisbətən rahat və təhlükəsiz olacaqdı – ABŞ bu ölkəni özünün bütün hərbi infrastukturu ilə tərk etdi, daha burada Vaşinqtonun raketləri və ya izləmə sistemləri olmayacaqdı.

O vaxtdan qırx ildən artıq vaxt keçib. Bütün bu illər ərzində İran regional və qlobal geosiyasi teatrın aktiv aktoru olub, ABŞ-la İran arasındakı qarşıdurma isə daimi və permanent xarakter alıb. İndi gənclər belə hesab edir ki, guya iki ölkə arasındakı qarşıdurma İran nüvə silahı əldə etmək üçün çalışmalara başlayandan sonra baş verib. Belə deyil, İran inqilabı başlayandan Vaşinqtonla münasibətlər gərgin fazaya daxil oldu və bu gərginlik indi də davam edir. Sonra nə oldu, – bu, artıq hamıya yaxşı bəllidir, çünki ABŞ-la İran arasındakı “geosiyasi serial” bu illər ərzində bir gün də səngiməyib...

Nəyə görə bu detalların üzərində dayandıq? Bu günlərdə çox maraqlı xəbər oxuduq. Bəli, rus nəşrlərinə görə, Cənubi Koreya Respublikası bu yaxınlarda İranın BMT-yə olan 18 milyon dollar borcunu ödəyib. Əlbəttə, ödəniş Tehranın Cənubi Koreya banklarında dondurulmuş vəsaitlərindən edilib. Ona görə də düşünmək olar ki, burada qeyri-adi heç nə yoxdur, bu, adi bir siyasi – maliyyə məsələsidir. Amma belə demək olar ki, ölkənin sərbəst valyuta xərcləri yox dərəcəsindədir və hətta 18 milyon dolları tapmaq belə elə də asan məsələ deyil.

Məhz buna görə bu kiçik qeydləri İran inqilabından başladıq. İnqilab İran xalqına nə verdi? Onun islama töhfəsi nə oldu? Böyük hesabla heç nə! Əlbəttə ki, monarxiyaya son qoyuldu, amma onun yerini ruhanilərin avtoritar siyasi idarəçiliyi tutdu. Bir dəfə bir amerikalı diplomat prosesləri başa düşmək üçün üç neft ixracatçısını – Norveçi, İranı və bir də Nigeriyanı müqayisə etməyi təklif etmişdi. Bu müqayisələr göstərir ki, böyük neft və qaz ehtiyatları hələ heç nədir, bu sərvətin effektiv və səmərəli istifadəsi üçün həm də optimal və mütərəqqi bir siyasi-iqtisadi sistem də lazımdır ki, o, hədər getməsin. İranda bu, yoxdur. Ölkə faktiki olaraq dünya siyasi və iqtisadi sistemindən izolyasiya edilib. Hakim elita belə hesab edir ki, buna yalnız nüvə silahı əldə etməklə son qoymaq olar. Amma onlar səhv edirlər. Tehran nüvə silahı əldə edəndən sonra onun ətrafında Qərbin hördüyü izolyasiya çevrəsi bir az da daralacaq.

İran inqilabının islama “töhfə”sinə gəldikdə isə, çox təəssüf ki, inqilabdan sonra islam haqqındakı təsəvvürlər daha da pisləşdi. Min təəssüf ki, İran islamının sinonimi indi “Kalaşnikov” avtomatlarıdır. Əlində avtomat silahı tutan çadralı qadın – çox təəssüf ki, Qərb ölkələrində islam haqqındakı təsəvvürlər budur və bunun belə olmasında rəsmi Tehran heç də az rol oynamayıb. Sözsüz ki, burada Qərbin bəzi dairələrinin qərəzli münasibəti də sözünü deyib. Məsələn, soruşmaq olar ki, daim İrana qarşı opponentlik edən Qərb daha sivil siyasi modelə malik olan, Qərblə sıx əməkdaşlıq edən və Qərbə inteqrasiyaya can atan Türkiyəyə qarşı münasibətində səmimidirmi? Təəssüf ki, burada da “hə” deyə bilmirik...

Qərəz, bir neçə il keçəcək və İran inqilabının da yarım əsrlik yubileyi, əlli illiyi tamam olacaq. Amma bu, baş tutmaya da bilər, çünki ABŞ və İsrail daim ərz edirlər ki, Tehrana nüvə silahı əldə etməyə imkan verməyəcəklər.

Bu isə o deməkdir ki, İrana qarşı ən fors-major situasiyalar, hətta hibrid-müharibələrinin ən müxtəlif formaları tətbiq edilə bilər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR