İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğrudanmı hər şey əladır?

1108 18.12.2021 12:08 Yazarlar A A

Biz demirik, Milli Məclisdə deputat (özü də hakimiyyət təmsilçisi!) deyir ki, Azərbaycandan 10 ölkəyə vizasız səfər etmək mümkün olduğu halda Gürcüstanda bu ədəd 100-dən çoxdur, Qazaxıstan və Özbəkistan kimi ölkələr üçün isə 70-80 civarındadır.

Ən qəribədi budur ki, onlarla belə detal gətirmək olar və onda ortaya çıxardı ki, biz heç də Cənnətməkan ölkəsinin sakinləri deyilik, hətta əksər parametrlərə görə postsovet məkanının çox ölkələrindən geri qalırıq.

Bir də aydın olardı ki, özümüzü aldatmaqda mahirik. Hamıya “Cənnət görmək istəyən Azərbaycana gəlsin!” deyə bilərik, amma bunun üçün onlar viza almalı, bahalı uçuş xidmətindən istifadə etməli və ölkədə beş – on gün qalmaq üçün ciblərini tamam-kamal boşaltmalı olacaqlar.

Ən pisi budur ki, bu problemlərin bir həlli görünmür. Daha doğrusu, biz onların həllini ölkənin Avropaya və dünyaya inteqrasiya etməsində görürdük, amma bu proses lap acı bağırsaq kimi uzanır və bizi Avropa ilə birləşdirən hələ ki yalnız qaz borularımızdır.

Bəli, neçə gün idi ki, Brüsselə diqqət kəsilmişdik. Əksər siyasi müşahidəçilərin fikrincə, Azərbaycan Brüsseldən istədiyini aldı. NATO və Aİ liderləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə, Azərbaycanın öz ərazi bütövlüyünü və regional maraqlarını təmin etmək üçün göstərdiyi səylərə birmənalı dəstək nümayiş etdirdilər.

Amma biz bir qədər fərqli detalın intizarındaydıq. Gözləyirdik ki, görək, rəsmi Bakı Aİ ilə saziş imzalayacaq, ya yox?

Saziş isə imzalanmadı və məlum oldu ki, bu vaxta qədər gələcək sazişin müddəalarının yalnız doxsan faizi razılaşdırılıb, qalan on faizisə gələcəkdə razılaşdırılacaq,- halbuki indiyədək ən yüksək səviyyələrdə dəfələrlə belə bəyan olunmuşdu ki, gələcək sazişin bütün detalları razılaşdırılıb və yalnız onun imzalanması qalıb.

Nə demək olar bu haqda? Aydın olanı budur ki, bu, prosesi ləngitməkdən, vaxtı uzatmaqdan başqa bir şey deyil və bu minvalla qeyri-adi bir hadisə baş verməsə, saziş heç vaxt imzalanmayacaq və biz də qürurlanmayacağıq ki, axır Avropa ailəsinin də üzvü olduq. Bunun əvəzində “milli dəyər”lərimizi qorumağa güc verəcək, “müstəqilliyimizi” daha da artırmağa cəhd edəcək və özümüzlə mütərəqqi dünya arasındakı sədləri bir az da ucaltmağa çalışacağıq!..

Çox maraqlı məqamdı bu. Axı necə olur bəyənmədiyimiz Ermənistan Aİ ilə saziş imzalayır və bir milyard dollar yardım alır, bizsə yerimizdə saymaqda davam edirik?

Səbəb nədir? Əlbəttə, hamı Rusiya amilini əsas gətirir və sammit ərəfəsində Nazarbayev cənablarının canıyananlıq edib Bakını Avrasiya Birliyinə çağırmasını təsadüf hesab etmirlər. Amma bu, yeganə məqam deyil. Burada daxili amillər də var – bu ölkədə çox vaxt milli maraqlar hakimiyyətin özəl maraqları fonunda itib-batır, görünməz və sayılmaz olur. Düşünürük ki, əsas səbəb budur.

Tutaq ki, Aİ ilə saziş imzalamağa Rusiya mane olur. Dünya Ticarət Təşkilatına qoşulmağa Moskva mane olmur ki! Axı Rusiyanın özü bu təşkilatın üzvüdür! Biz hələ onu demirik ki, konservativ viza siyasətinin də, təyyarə biletlərinin qiymətinin kəllə-çarxa çıxmasının da və onlarla belə neqativ halların da baiskarı Rusiya deyil, bəli, biz özümüzük!

Bəs necə olacaq bunun sonu? Bilinmir. Bircə o bilinir ki, bu günlərdə yeni media qanunu da qəbul olundu, özü də birinci oxunuşda.

Necə deyərlər, uğurlu-düşərli olsun. Amma burada adamın yadına çox məşhur bir hadisə düşür. Hakim gənc şair İosif Brodskidən soruşmuşdu ki: “Sizi kim şair hesab edir?” İ.Brodskinin də cavabı belə olmuşdu: “Bəs məni kim insanlığa aid edir?”. Amma düşünürük və ümid edirik ki, bu xüsusda hər hansı problem yaranmayacaq. Çünki qanunda gələcəkdə bir çox münasibətlərin könüllülük prinsipi əsasında qurulması nəzərdə tutulur. Bir sözlə, inşallah, hər şey yaxşı olar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR