İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan dini qurumlara SƏRT SÖZLƏR

2599 15.11.2023 10:55 Müsahibə A A

"Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə bu sahədə heç bir iş görmədiyinə görə din adından danışanlar meydan sulayır"

Son dövrlər yenə dini mövzular, dindarlar ətrafında yaranan qalmaqallar gündəm mövzusu olub. Bunlardan biri Azərbaycanda yeni doğulan körpəyə Kərbəla torpağı yedirdilməsi oldu. Sosial şəbəkələrdə yayılan bu mənzərəni əks etdirən video geniş müzakirələrə səbəb olub. Belə ki, həmin videoda körpəyə torpaq yedizdirən şəxs bunun hədislərdən gəldiyini bildirib və fikrini belə əsaslandırıb ki, körpəyə Kərbəla torpağını yedizdirmək olar. Hər kəsi düşündürən əsas məqam isə bu durumun həmin körpənin sağlamlığında hansı fəsadlara səbəb ola biləcəyidir. Müzakirələrin fonunda həkimlər bildirib ki, yeni doğulan körpələrin immun sistemi anadan aldığı immunitetin hesabına dözümlü olur. Körpələr heç nədən infeksiyaya tutula bilirlər. Həmin uşağın bədəninə hər cür infeksiya daxil ola, onda bağırsaq pozuntusu, hətta sepsis və ağırlaşmalar yarana bilər.

Daha bir müzakirə isə ilahiyyatçı Hacı Təyyar Hüseynlinin dediklərindən sonra başlayıb. Onun “ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir” açıqlaması ictimaiyyətdə rezonans doğurub. Bu fikirlərlə razılaşmayan kəsim ilahiyyatçıya bu fikirlərinə görə sosial şəbəkələrdə tənqid və təhqirlər yağdırıblar. İlahiyyatçı növbəti dəfə açıqlama verərək, ümumiyyətlə, kişi və qadınların harada olmasından aslı olmayaraq bir yerə düşərlərsə, siğə etdirməli olduqlarını deyib: “Evli xanımlar bu cür tibbi proseslərdən öncə həkimlə dini cəhətdən müqavilə bağlamalıdır ki, kişi həkimin qadına toxunması günah sayılmasın. Bu tələb dini cəhətdən vacib sayılır. Bu, cinsi məsələ deyil, qarşılıqlı müqavilə məsələsidir. Bu ilahi qadağanın tənzimlənmə məsələsidir. Qadınlar qadın həkimlərə müraciət etsin, kişilər kişi həkimə. Bu daha rahat olar”.

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla söhbət etdik.

- Ceyhun müəllim, elə ilk uşağa torpaq yedirdilməsindən başlayaq. Bunun dinlə əlaqəsi varmı? 

- Uşağa torpağı yedirtmək mövhumatdan və xurafatdan başqa bir deyil. Əlbəttə, Kərbəlaya hörmətlə yanaşmalıyıq, bu, inancla bağlı məsələdir. Amma ifrata vararaq, uşağın sağlamlığına ziyan vuraraq belə bir addımın atılması birmənalı olaraq qəbuledilməzdir. Bunun dinlə əlaqəsi yoxdur. Bunu da heç kim dinlə əlaqələndirməyə çalışmasın. Bu, dini məsələ deyil, insanlar da diqqətli olmalıdırlar. Bunun gündəmə gəlməsi dinimizə də başucalığı gətirmir, uşağın sağlamlığına da zərər gətirir.

- İlahiyyatçı Hacı Təyyar Hüseynlinin “ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir” deməsinə siz necə baxırsınız?

- Çox təəssüf ki, din adından bəzi adamlar belə məsələləri ortaya qoyurlar. Bu, əslində çox utandırıcıdır. Bu cür açıqlamalar İslamı da gözdən salır. Ümumiyyətlə, İslama görə qadın yalnız qadın həkiminə müraciət edə bilər. Qadının bədəninin müəyyən hissələri var ki, onu yalnız həyat yoldaşı görə bilər. O mənada həmin açıqlama çox yanlışdır. Qadın kişi həkiminə çox ciddi zərurət yarandıqda, ölüm təhlükəsi olduqda istisna hal kimi müraciət edə bilər. Biri həkimin yanına öz həyat yoldaşını, bacısını gətirir, indi o da onunla siğə etməlidir? Bu nə təfəkkürdür, nə düşüncədir? Bunlar dini haradan öyrənirlər? Bu, kökündən yanlış yanaşmadır. Ümumiyyətlə, siğə ilə bağlı fərqli yanaşmalar var. Sünnilik bunu qəbul etmir. Şiəlikdə isə siğə var. Mən inanmıram ki, şiə alimləri belə bir fətva versinlər ki, qadın kişi həkiminə gedirsə, siğə etməlidir. Bu, çox absurd, anormal bir açıqlamadır. 

- Başqa ölkələrlə müqayisə edəndə də böyük bir fərq çıxır ortaya. Misal üçün, bir gün öncə bütün Rusiyanın Patriarxı Kiril deyib ki, regionlardan sonra federal səviyyədə də qadınların aborta sövq edilməsi qadağan edilməlidir. Onun bu tələbi Dumada  dəstəkləndi, müzakirələrə çıxarıldı. Azərbaycan isə selektiv aborta görə dünya üzrə  rekord qırıb. Yaxınlarda BMT nümayəndəsi bu barədə açıqlama verdi. Bu, bir SOS-dur. Bəs bizim dindarlar, dini qurumların rəhbərləri bununla bağlı niyə etiraz etmədi? Axı İslam peyğəmbəri hələ o dövrdə qız uşaqlarının öldürülməsinə qarşı çıxmışdı, qızları qorumaq möminlərə bir ismarış, tələb idi. Selektiv abort da qızlara qarşı bir qətliam sayılır. Niyə dindarlarımız belə vacib məsələləri qoyub, səviyyəsiz müzakirələr açırlar?

- İlk olaraq onu deyim ki, bu gün Rusiya cəmiyyətinin inkişafında, ailə dəyərlərinin qorunmasında, milli-mənəvi dəyərlərin qorunmasında Rus Pravoslav kilsəsi çox böyük rol oynayır.  Mən də onların fəaliyyətini izləyirəm, onlar davamlı olaraq ailə dəyərləri ilə bağlı konfranslar, seminarlar keçirirlər,  bu yaxınlarda mənə də dəvət gəlib. İndi biz rus cəmiyyətini fərqli anlayırıq, amma rus cəmiyyəti əslində çox dindardır. Öz dəyərlərinə də bağlıdır. Bu gün Pravoslav Kilsəsi də Rusiyanın dini, ictimai, siyasi həyatında vacib rol oynayır. Yəni bu gün Pravoslav kilsəsi həm milli-mənəvi dəyərləri, həm ailə dəyərlərini, həm də Rusiya dövlətçiliyinin güclənməsində müstəsna xidmətlərə malikdir. Bunu həm verilişlər vasitəsilə, həm seminarlar, konfranslar vasitəsilə yerinə yetirirlər. Çox da təsiredici bir fəaliyyət qurublar. Pravoslav Kilsəsi hazırda Rusiyanın daxilində bir dövlət rolunu oynayır. Azərbaycanda isə təəssüf ki, bu gün dini qurumların heç biri, nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Azərbaycanda dini duruma, dini düşüncəyə, proseslərə təsir etmək imkanındadır. Bu gün dindarların bir hissəsi fətvanı İrandan, bir hissəsi Türkiyədən alır. Bu gün Azərbaycanda din sahəsində fəaliyyət göstərən təşkilatlara əhalinin inamı sıfırdır.  Bununla bağlı heç bir ciddi iş görülmür. Bu gün həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi  bu sahədə heç bir iş görmədiyinə görə din adından danışan insanlar meydan sulayır. Təəssüf ki, bizim cəmiyyətimizdə dinlə bağlı çox ciddi problemlərimiz var. Bəzi din adından danışan insanlar, özlərini ilahiyyatçı adlandıranlar da dini gözdən salmaqla məşğuldur. Yəni siğə ilə bağlı açıqlama verəndən sonra Azərbaycan vətəndaşı necə dinə normal münasibət göstərə bilər. Həqiqətən də bu gün bu qədər problem ola-ola selektiv abortla bağlı problem ola-ola, cəmiyyətimizdə bundan danışan yoxdur. Abort etdirmək dinimzidə ən böyük günahlardan biridir. Yaxşı olardı ki, bizim din xadimlərimiz, din adından danışanlar da dinin həqiqi mahiyyətini cəmiyyətə çatdırsınlar. Cəmiyyətdə mövcud sosial problemlərlə bağlı fikirlər bildirsinlər. Getsinlər, abortun günah olmasından, israfın günah olmasından, ədalətdən danışsınlar. Çox sərt ifadələr işlətmək istəmirəm, bu cür məsələlərlə gündəmə gəlməsinlər. Toylarda, yaslarda israfçılıq baş alıb gedir. Biz əsas məsələləri qoymuşuq bir kənara, ona görə Azərbaycan gənci yanlış yerlərə, ideologiyalara, yollara gedir. Bunun da əziyyətini sonradan biz çəkirik. Sabah görürük ki, biri Suriyada, biri Əfqanıstanda, biri də başqa yerdə döyüşür. Ona görə də yanaşma, baxış tamamilə dəyişməlidir. Biz bu problemləri həll etməliyik ki, insanlarda dinə düzgün yanaşma və inam formalaşsın.

- Dini qurumların ölkənin ictimai-siyasi həyatında rolundan söz düşmüşkən, erməni kilsəsinin də fəaliyyətini burada qeyd etmək olar. Siz Rusiyada Pravoslav kilsəsini qeyd etdiniz. Elə erməni kilsəsi də öz ölkəsində nəinki insanlara, hətta hakimiyyətə belə təsir edən qurum sayılır, yəni az qala idarəedici bir qurumdur. Biz onların Azərbaycana qarşı apardıqları siyasətində də dəfələrlə bunun şahidi olduq. Necə düşünürsünüz, bizdə dini siyasətdə nə kimi dəyişikliklər olmalıdır? Yeni bir qurum lazımdırmı? Çünki DQİDK-nın, sadəcə, tənzimləyici kimi rolunu görürük.  Yoxsa Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlər verilməlidir? Çıxış yolunu nədə görürsünüz?

- Biz nəzərə almalıyıq ki, din mühüm faktordur. Təəssüf ki, uzun illər Azərbaycanda əvvəlki dövrdə bu məsələyə ölkə rəhbərliyindən yox, bir sıra məmurlardan asılı olaraq düzgün münasibət bəslənilmədi, düzgün dini siyasət həyata keçirilmədi. Bu gün Gürcüstanda da,  Ermənistanda da, Rusiyada da, Türkiyədə də, dünyanın hər yerində dövlət dini məsələlərə çox diqqətlə yanaşır. Dövlətin öz siyasətinin həyata keçirilməsində dindən doğru formada istifadə olunur. Bu gün Gürcüstanda da,  Ermənistanda da, Rusiyada da, Türkiyədə də bu qurumlar ölkənin həyatında ciddi rol oynayırlar. Azərbaycana gəldikdə isə son illərə kimi bütün səlahiyyət Qafqaz Müsəlmanları İdarəsində idi. Amma QMİ öz üzərinə düşən vəzifəni və funksiyanı düzgün yerinə yetirmədi.  Bunun səlahiyyətlə heç bir əlaqəsi yoxdur. Əvvəldə demişəm, mənim şeyx həzrətlərinə böyük hörmətim var. Amma mən düşünürəm ki, QMİ vaxtında daxilində islahatlar aparsaydı, ora savadlı, bilikli, insanların etibar etdiyi şəxslər gətirilsəydi, bu gün vəziyyət fərqli olardı. Bu gün bu səlahiyyətlər verilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə. Komitənin nəzdində bir neçə təşkilat var, amma hesab edirəm ki, hazırda bu qurum da öz funksiyasını tam uğurla yerinə yetirə bilmir. Yəni dövlət dinlə bağlı öz üzərinə düşəni etməyə çalışır. Amma bu qurumlar və strukturlar çalışmalıdır. Təəssüf ki, bu qurumlarda da kifayət qədər peşəkar olmayan, din sahəsindən xəbəri olmayan insanlar çalışırlar. Bu da istər-istəməz prosesə öz təsirini göstərir. Hesab edirəm ki, Azərbaycanda bu sahədə islahatların həyata keçirilməsinə ehtiyac var. Qanunda bəzi dəyişikliklər edilib, amma bu gün yenə çatışmayan, səlahiyyətlər düzgün bölüşülməyən işlər var. Hesab edirəm ki, bir islahatın həyata keçirilməsinə ehtiyac var. Misal üçün, Türkiyə modelində nazirlik səviyyəsində qurum yaradılıb, hesab edirəm Azərbaycanda da belə bir qurumun yaradılmasına ehtiyac var. 

- Ceyhun müəllim, bəziləri bildirir ki, Türkiyədə din ifrata varıb, bu, ölkəni geri apara bilər. Bu fikirlə razısınızmı?     

- Xeyr, burada söhbət siyasətdən getmir, söhbət Türkiyə modelində dinin idarə olunmasından gedir. Türkiyə daxilində gedən proseslər var, məlumatlıyam. Mən təşkilati məsələləri nəzərdə tuturam. Bütün məscidlər dövlətin balansındadır. Məscidlərə din xadimləri dövlət tərəfindən təyin olunur. İndi Azərbaycanda da təyin olunur, amma yarımçıqdır. Maliyyələşdirmə və sairə... Biz bu sahədə islahatlar həyata keçirməliyik ki, qoyduğumuz məqsədlərə nail olaq. Bu gün hələ də Dini Komitə ilə QMİ arasında səlahiyyət bölgüsündə bəzi problemlər qalır. Ona görə də bu istiqamətdə işlər aparılmalıdır. QMİ-nin təşkilat kimi qalması nəzərdən keçirilə bilər. Amma ümumən isə bütün səlahiyyətlər dövlətə verilməlidir. Bu da peşəkar formada olmalıdır. Din xadimi səmimi, savadlı olmadıqda biz heç bir nəticəyə nail ola bilməyəcəyik.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR