İnsanlara hürriyət, millətlərə istiqlal!

Çoban kimi məşhurlaşan Pərvin Səfərov daha bir yarışmanı fəth edir FOTO VİDEO

2425 27.02.2023 16:56 Müsahibə A A

Bir zamanlar neftçalalı çoban kimi məşhurlaşan ifaçı Pərvin Səfərov daha bir yarışmanı fəth edib.

Musavat.com xəbər verir ki, adı çəkilən yarışmada iştirak edən Pərvin Səfərov sözləri Zeynal Cabbarzadəyə, musiqisi Cahangir Cahangirova məxsus olan məşhur “Alagöz” mahnısını ifa edib.

Pərvinə ifasının ilk anlarından üç nəfərlik münsiflər heyətinin iki üzvü – İlqar Xəyal və Samirə Əliyeva (Aşıq Samirə) dönüb. İfadan sonra münsiflər, o cümlədən ona dönməyən Xalq artisti Gülyaz Məmmədova Pərvin Səfərovun səsinə, ifasına heyran qaldıqlarını bildirib, onların komandasında yarışmanı davam etdirməsini arzulayıblar. İfaçı sonda Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın komandasını seçib.

Xatırladaq ki, Pərvin Səfərov bundan əvvəl Türkiyənin TV8 telekanalının efirində yayımlanan populyar “O Səs Türkiyə” yarışmasında Murat Bozun komandasında uğurlu çıxışlar edib.

WhatsApp Image 2023-02-27 at 16.16.24.jpeg (133 KB)

Pərvin Səfərov bu və digər məsələlər ilə bağlı Musavat.com-un suallarını cavablandırıb:

- Hər kəs sizin Rusiyada olduğunuzu düşünürdü, amma artıq Bakıdasınız və hətta yenidən yarışmalarda iştirak edirsiniz...

- Bir müddətdir ki, Bakıdayam. Ümumiyyətlə, çox zaman Azərbaycanda oluram. Yalnız tədbirlərə dəvət alanda Rusiyaya gedirəm.

- Necə oldu ki, “Səs Azərbaycan” yarışmasında iştirak etməyi düşündünüz?

- Sözün doğrusu, məni “Səs Azərbaycan” layihəsinə özləri dəvət etdilər və bildirdilər ki, öncəki layihələrdən fərqli olaraq yarışma Azərbaycanın doğma nəğmələri formatında olacaq. Əlbəttə ki, mən də bu cür gözəl təklifi dəyərləndirmək qərarına gəldim.

- 3 münsifdən yalnız ikisi sizə döndü. Bəs gözləntiniz nə idi?

- Bəli, çıxışım zamanı iki ustadı döndərə bildim. Əslində, Xalq artisti Gülyaz Məmmədovanın da dönəcəyini düşünürdüm. Lakin G.Məmmədova komandasında yerlər dolduğu üçün dönmədiyini bildirdi.

- Milli Konservatoriyanı da bitirdiniz. Buna görə sizi təbrik edirik. Bəs bundan sonrakı planlarınız nədir?

- Bəli, artıq məzun oldum. Təbrikiniz üçün təşəkkür edirəm və bu yolda mənə dəstək olan hər kəsə minnətdaram. O ki qaldı bundan sonrakı planlarıma, mədəniyyət sahəsində öz ixtisasım üzrə fəaliyyət göstərməyi düşünürəm.

- Rusiyaya yenidən dönməyi düşünürsünüzmü? Ümumiyyətlə, hazırda Rusiyada və oranın toy bazarında vəziyyət necədir? 

- Adətən qış aylarında Rusiyanın toy bazarında durğunluq olur. Mən də dəvətlər olanda gedib-gəlirəm.

- 37 yaşınız var. Bu il də subay qalacaqsınız, yoxsa?

- Artıq hər kəs mənim ailə qurmağımı istəyir, bütün sevənlər bunu tələb edir. Bu il subaylığın daşını atmaq istəyirəm. Görək necə olur.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR