İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempion olub, müəllim ola bilməyənlər...

893 04.05.2023 13:16 Media A A

Kamran Əsədov: “Müvafiq qurumlar mütəmadi monitorinqlər aparmalıdır”

İdmanın fəlsəfəsi şiddət yox, təmkin, səbr aşılamaqdıh, lakin son hadisə göstərdi ki, bəzi məşqçilər bunu bacarmırlar. Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boynu qırılıb.

Sosial mediada yazılanlardan gəlinən nəticə budur ki, valideynlər idman zallarına nəzarətin gücləndirilməli olduğunu bildirirlər. Göründüyü kimi, övladını idmana yönləndirmək istəyən valideynlər məşqçinin Avropa oyunlarının bürünc mükafatçısı olmasına arxayın ola bilməzlər.

Eyni zamanda bəzi idman zallarına valideynlərin girişi qadağan edilir. Bu halda uşaq hansı şəraitdə məşq edir, hər hansı təhlükəli hal yarandıqda müdaxilə edilirmi və s. məqamlarla bağlı suallara cavab tapmaq çətinləşir. Bir sıra məşq zalında kameraların olması valideynləri rahatlaşdırsa da, son hadisədən sonra hətta buna arxayın olmaq çətinləşir.

Vətəni təmsil edənlər, çempion olub bayrağımızı ucaldanlar bəzən davranışları ilə təəssüf və təəccübə səbəb olurlar. Vətən bayrağını ucaldanlar gələcəkdə bu şərəfi yaşada biləcəklərə mənfi nümunə olurlar. Son hadisədə oldu kimi... Bir azyaşlının halının pisləşməsi həm də hadisəyə şahid olan uşaqların psixologiyasında ağır travma kimi yadda qalır. İllər keçsə də, onların uşaq yaddaşında bu travma dərin iz buraxacaq təəssüf ki...

Odur ki, çempionun məşq keçdiyi azyaşlı uşaqlara işgəncə verməsi və 7 yaşlı uşağın ölümünə səbəb olan zorakılıqlara yol verməsi əsl məşqçinin necə olmalı olduğu sualını aktuallaşdırır. Çempion məşqçiliyə hazırdırmı? Müəllim olmaq, şagird yetişdirmək asan məsələ deyil. Uşaqlara təkcə lazımi bilik və bacarıqları aşılamaqla yanaşı, tərbiyə də vermək lazımdır. Özəlliklə, güc göstərməyə meylli gənclərin narkotik vasitələrin, spirtli içkinin, siqaretin və digər pis vərdişlərin təsirinə düşmə ehtimalını nəzərə aldıqda, daha diqqətli olmaqda fayda var.  Müşahidələr də göstərir ki, diqqətdən kənar qalan uşaqlarla bağlı problemlər az deyil. Hər uşaq yaşadığı mənfi hadisəni evdə valideyninə bildirmir. Yalnız vəziyyət ciddiləşəndə hər şey agah olur.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov  

Təhsil eksperti Kamran Əsədov  “Yeni Müsavat”a bildirdi ki, əksər təhsil müəssisələri öz funksiyasını yerinə yetirə bilmir. “Təhsil haqqında” Qanunun tələblərinə görə orta ümumtəhsil müəssisələrinin tədris proqramında idman fənni də var: “Təəssüf ki, son iki ildə Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyəti qənaətbəxş deyil. Əksər valideynlər övladlarının sağlamlığı üçün vacib olan tələbatı kənar yerlərdə ödənişli əsaslarla təmin edirlər, yüksək nəticə əldə olunduqda isə nazirlik bunu təhsilin uğuru kimi təqdim edir. Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən hadisə həmçinin, xidmət sektorundakı daha bir problemi gündəmə gətirdi. Belə ki, istənilən şəxs idman zalını icarəyə götürüb məşq keçə bilir. Məşqçinin fəaliyyət göstərməsi üçün hüquqi, psixoloji, fiziki baxımdan hüququnun olub-olmaması heç bir halda yoxlanılmır. Bu gün istənilən şəxs qeydiyyatdan keçərək azyaşlılara, yeniyetmələrə məşq keçə bilər, lakin bunun üçün bilik və bacarığının olması, məkanda təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsi ciddi şübhələr yaradır. Bu qaydalarda dəyişiklik edilməlidir. Azyaşlılara, yeniyetmələrə xidmət göstərilən məkanlar məcburi qaydada kameralarla təchiz edilməlidir. Eyni zamanda ilkin tibbi yardımın göstərilməsi üçün müvafiq şərait olmalıdır".

Ekspert həmçinin başqa amillərə də diqqət çəkdi: “İctimai iaşə xidmətlərinin göstərilməsi sahəsində keyfiyyət artırılmalıdır. Xidmət göstərən şəxslər minimum ali yaxud orta ixtisas təhsilinə malik olmalıdır. Müvafiq qurumlar məkanlarda monitorinqlər aparmalıdır. Ən vacib məqamlardan biri xüsusilə azyaşlılarla işləyən şəxslərin mütəmadi olaraq psixoloji və fiziki müayinədən keçirilməsidir. Videodan bəlli olur ki, məşqçinin psixoloji vəziyyətində problem var. Bu gün Azərbaycan təhsili böhran içərisindədir. Bu, digər sahələrdə də mənfi nəticəsini göstərir. O cümlədən valideynlər də övladlarını hər hansı kurslara, idman zallarına yazdıranda diqqətli olmalıdırlar.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb.

HAZIRLADI: Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR