İnsanlara hürriyət, millətlərə istiqlal!

Buxara əmiri ilə Tağıyevin dostluğu – Firdavs Abdulxalıkov: “Bu, önəmli nümunədir”

1448 08.11.2023 08:35 Müsahibə A A

Ölkəsində və ondan kənarda çoxları onu milyonçu, hətta milyarder hesab edir. Çünki Firdavs Abduxalikovu daima böyük maliyyə vəsaiti tələb edən yerlərdə, müxtəlif layihələrin icrasında görmək olar.

Mən də 2018-ci ildən bəri Özbəkistanın Mədəni İrsinin Öyrənilməsi, Qorunması və Populyarlaşdırılması üzrə ümumdünya cəmiyyəti idarə heyətinin sədri, 2019-cu ildən Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru, Özbəkistanda ilk qeyri-dövlət televiziya şirkətinin və qəzetinin yaradıcısı, Özbəkistan Respublikasının əməkdar jurnalisti Firdavs əkədən beləcə də soruşdum: “Haqqınızda məlumat çoxdur, amma bir tapmaca var: siz milyonçusunuz, ya milyarder?”

Abdulxalıkov sualımı təbəssümlə qarşıladı və dedi, bəli, əslində məni varlı adam saymaq olar, çünki mənim əsas sərvətim Özbəkistanın mədəni mirasıdır və mən onu qorumaq, saxlamaq, populyarlaşdırmaq üçün 7 ildir davamlı çalşıram.

3382fae3-dc36-4735-abdf-6f31c3e18c70.jpg (102 KB)

Hazırda onun 60 yaşı var, 1963-cü ilin avqustunda Səmərqənddə həkim Firidun Abduxalıkov və ictimai xadim Mohirə Latipovanın ailəsində doğulub. Firdavs bəy ata tərəfdən yazıçı Mirzo Abduxalıkovun, ana tərəfdən isə sənayeçi və xeyriyyəçi Mirzo Buxarinin nəvəsidir.

F.Abdulxalıkov əvvəlcə Səmərqənd Dövlət Universitetinin filologiya fakültəsində, 2001-2007-ci illərdə isə iqtisadiyyat fakültəsində təhsil alıb.

O, əmək fəaliyyətinə peşə məktəbində müəllim kimi başlayıb, sonra poliqrafiya məktəbinin tədris işləri üzrə direktor müavini işləyb.

1989-1998-ci illərdə gələcək prodüsser Özbəkistanda STV adlı ilk qeyri-dövlət televiziya şirkətinin baş direktoru və təsisçisi olub. 1998-ci ildə Özteleradioşirkətinin sədr müavini vəzifəsinə təyin edilib. 1999-2004-cü illərdə 2-ci çağırış Özbəkistan Respublikası Ali Məclisinin deputatı seçilib, parlamentin gənclərlə iş üzrə komissiyasının sədri olub.

NtnphI16059683410313_l.jpg (143 KB)

Bundan sonra o, dövlət işinə irəli çəkilib, 2002-ci ilə qədər Özbəkistan Respublikası Prezidentinin mətbuat xidmətinin baş məsləhətçisi olub.

2003-2022-ci illərdə Özbəkistan Elektron Media Milli Assosiasiyasının təsisçisi və idarə heyətinin sədri vəzifəsində çalışıb.

2018-ci ildən Özbəkistanın Mədəni İrsin Qorunması, Öyrənilməsi və Populyarlaşdırılması üzrə ümumdünya cəmiyyəti idarə heyətinin sədri, 2019-cu ildən Özbəkistan Respublikası Kinematoqrafiya Agentliyinin baş direktorudur. Onun bir sıra digər vəzifələri də var, Özbəkistanın tarixi irsi haqqında 10 kitabın müəllifidir, onlarla kitabın naşiridir, 11 bədii filmin prodüsseridir, bu yaxınlarda, oktyabr ayında “Bədii şərh” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək elmi dərəcə də alıb.

scJpJDDtWlXFnyFO4BCUC0I0SsX5rZnj.jpg (88 KB)

Düzü, müxtəlif ölkələrdən, eləcə də Özbəkistanın paytaxtından və digər şəhərlərindən “Özbəkistanın mədəni mirası – yeni intibahın əsası” adlanan beynəlxalq konqresin işini işıqlandırmağa gəlmiş jurnalistlərin əlindən Firdavs Abdulxalıkova yaxın getmək, müsahibə, açıqlama almaq çətin idi. Bu fikirdə olanlar çox idi. Nəhayət, möhtəşəm konqresin təşkilatçısı bizə vaxt ayırdı.

5c592909-4ef2-4a0b-a489-1cf98f3a6094.jpg (107 KB)

Abdulxalıkovdan soruşduq ki, o, Özbəkistanın mədəni mirasının öyrənilməsi, qorunması və populyarlaşdırılması, yəni təbliğ edilməsi işinə necə könül verib.

Həmsöhbətimiz bildirir ki, 2017-ci ildə Özbəkistan yeni seçilən prezidenti Şavkat Mirziyayev (yeri gəlmişkən, o da əslən Səmərqəndlidir) iş və elm adamlarına, ictimai xadimlərə müraciət edərək, Özbəkistanın dünyaya açıq ölkə olmasına töhfə verməyə dair çağırış ünvanlayıb, ondan sonra o və digərləri bu sahədə fəaliyyətə başlayıblar və dövlətdən dəstək görüblər. Artıq 7 ildir ki, Özbəkistanda belə bir möhtəşəm konqres təşkil olunur, Avropa və region ölkələrindən mütəxəssislər, jurnalistlər dəvət olunur, onlar həm Özbəkistan mədəniyyətinə dair öz ölkələrinin arxivində apardıqları araşdırmaları təqdim edirlər, həm də bilmədiklərini öyrənir, təbliğatıyla məşğul olurlar.

Abdulxalıkov qeyd edir ki, bu illər ərzində məqsədlərinə doğru xeyli yaxınlaşıblar, fəaliyyətlərinin səmərəsini görüblər, artıq Özbəkistan dünyaya açılmış ölkədir və bu, turizm sektorunun intensiv inkişafında da özünü göstərir.

6f4a6266-f958-4d58-8c7a-b85a56ad3b88.jpg (143 KB)

Firdavs Abdulxalıkov rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələri, əməkdaşlığı barədə danışarkən, dəfələrlə Azərbaycana getdiyini, muzeylərdə olduğunu, Bakıda keçirilən kinofestivalda iştirak etdiyini dedi və masanın üstündəki kitablardan birini götürüb izahat verdi: “Bax, bu, “Özbəkistanın mədəni irsi Azərbaycan kolleksiyalarında” cildidir, bu yaxınlarda nəfis tərtibatla nəşr etmişik. Çox adam bilmir, amma 130 il öncə Azərbaycanla Özbəkistan arasında parlaq dostluq münasibətləri olub. Məsələn, Buxara əmiri Seyid Mir Əbdüləhəd xanla sizin milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin unikal dostluğu olub. Xan Bakıya gələndə Tağıyevin nişanlı qızı Leyla xanıma cehizlik hədiyyələr gətirib, öz foto-portretini Tağıyevə bağışlayıb, bundan başqa, onu ordenlə təltif edib. Bütün bu eksponatlar Bakıda muzeydə qorunub saxlanılır. Tağıyev isə Əbdüləhəd xanın Sankt-Peterburqda məscid tikdirməsinə səxavətlə kömək edib. Bütün bunlar unudulmaz və önəmli nümunələrdir”. Abdulxalıkov onu da əlavə etdi ki, ölkələrimizin dostluğu məsələsində siyasi irada var, möhtərəm prezidentlər İlham Əliyev və Şavkat Mirziyayevin qarşılıqlı səfərləri, görüşləri müasir Özbəkistan-Azərbaycan dostluğunun sağlam təməlidir.

Söhbət əsnasında Abdulxalıkovun kino sənayesindəki fəaliyyətinə də toxunur və onun prodüsserliyi ilə çəklimiş, ötən il Bakıda da nümayiş etdirilmiş “Qadın qisməti” filmindən danışırıq. Firdavs əkə deyir ki, film real hadisələrə əsaslanır, Özbəkistanın bir çox gənc ailələrinin aldadılaraq Suriyaya, İraqa müharibəyə aparılmasından, ərlərin orada öldürülməsindən, qadınların köləyə çevrilməsindən, ard-arda “mücahid”lərə ərə verilməsindən bəhs edir. “Hörmətli Mirziyayev prezident seçiləndən sonra bu məsələni qabartdı, hüquq-mühafizə orqanlarına əsirlikdə olan özbəklərin geri qaytarılması barədə göstəriş verdi, xüsusi əməliyyat hazırlandı və uğurla başa çatdırıldı. Bir xeyli qadın və uşaq İraq və Suriyadan alınaraq ölkəmizə gətirildi. Prezident humanistlik göstərərək aldanan yetkin şəxsləri hüquqi məsuliyyət daşımaqdan azad etdi. Bu mövzu 3 filmimizdə kifayət qədər əks olunub”, - prodüsser qeyd edir.

34378cc0-3f67-4d0e-af00-235168c5e9ca.jpg (130 KB)

Söhbətimizin sonunda Firdavs Abdulxalıkov bu qədər böyük maliyyə vəsaiti tələb edən layihələri uğurla həyata keçirməsinin arxasında “Eriell Group”, “Enter Engineering” və “Ferkensco” kimi böyük Özbəkistan və beynəlxalq şirkətlərin əsas səhmdarı, özbək oliqarx və xeyriyyəçi Bəxtiyor Şuxratoviç Fazilovun durduğunu deyir və qeyd edir ki, adı çəkilən sahibkar məqsədyönlüyü xeyriyyəçiliyini davam etdirmək, Özbəkistanı dünyada tanıtmaq, sevdirmək əzmindədir.

Xalid Kazımlı, Musavat.com

Səmərqənd, Özbəkistan

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR