İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Ermənistanla sülh sazişi imzalanacaqmı?..

614 08.02.2022 09:10 Yazarlar A A

 

Ermənistanla Türkiyə arasında aviasiya reysləri açıldı. Üstəgəl, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə bildirdi ki, Azərbaycanla da dəmiryolu kommunikasiyalarının açılması yaxın vaxtlarda reallaşacaqdır. Bəli, belə məlum olur ki, Azərbaycanla Ermənistan, Ermənistanla Türkiyə arasında münasibətlər tədricən yoluna qoyulur.

Amma bu günlərdə siyasi müşahidəçilərin diqqəti Ermənistandakı başqa proseslərə yönəlibdir. Hamını maraqlandırır ki, görəsən, ölkənin növbəti prezidenti kim olacaqdır?

Xatırladaq ki, bu günlərdə prezident Armen Sarkisyan istiefa verdi və bunu onunla əsaslandırdı ki, onun faktiki olaraq ölkənin xarici və daxili siyasətinə təsir etmək üçün heç bir “rıçaq”ı yox idi.

Qeyd edək ki, “ölkənin daxili və xarici siyasətinə təsir rıçaqı” prezidentin konstitusion statusu ilə müəyyən olunur və Armen Sarkisyan bu haqda hələ Serj Sarqsyanın dövründə simvolik prezident olmağa razılıq verərkən düşünməli idi.

Belədə isə Ermənistanda hakimiyyət dəyişəndən sonra A.Sarkisyanın istefası daim gündəmdə olubdur. Əvvəl belə gümanlar dolaşırdı ki, onu keçmiş prezident Levon Ter-Petrosyan əvəz edəcək. Bu təxminlər doğrulmasa da yeni hakimiyyət Armen Sarkisyana qısqanc münasibət göstərməkdə davam edir, onu “öz adamı” hesab etmir, S.Sarqsyanın kadrı sayırdılar, baxmayaraq ki, hakimiyyət dəyişikliyi dönəmində A.Sarkisyan özünü müstəqil siyasətçi kimi göstərə bilmiş və hətta hakimiyyətdə qalmağa nail olmuşdu. Amma “inqilabi düşərgə” son günlərə qədər onu öz kadrı hesab etmədi. Odur, belə hesab edirik ki, A.Sarkisyanın istefası məhz bununla bağlıdır.

Növbəti prezident güman ki, kimsə Paşinyanın kadrlarından olacaq və bu, şübhəsiz ki, daxili siyasətdə stabilləşdirici bir amil kimi çıxış edəcək.

Hiss olunur ki, Nikol Paşinyan müharibədən sonrakı sazişlərin qərarlarını yerinə yetirməyə meyllidir. Bəli, Türkiyə ilə Ermənistan, Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Əlbəttə, problemlər qalır və proses özlüyündə çox mürəkkəb xarakter daşıyır: Paşinyan sülhə can atır, amma erməni katalikosu öz həmvətənlərini üçüncü müaribəyə hazır olmağa çağırır! Üstəgəl, Koçaryanlar və Sarqsyanlar da qəti dinc  durmur, aranı qarışdırmaqla məşğuldurlar. Dağlıq Qarabağdakı separatist rejim haqqında isə danışmağı dəyməz - bunlar da gündə min fokus çıxarırlar...

Amma müəyyən qədər optimizm qalır və o, ümid verir ki, bu il sülh prosesində ciddi şəkildə irəliləmək mümkün olacaq. Amma ümumi proqnozlar budur ki, cari ildə sülh sazişini imzalamaq mükün olmayacaq. Biz belə yanaşmaları qəbul etmirik. Prinsipcə, gələcək sazişin əsas detalları müharibədən sonrakı sazişlərdə müəyyən olunub. Bir il ərzində onları bir az da cilalamaq və ümumiləşdirmək olar.

Biz Ankara ilə İrəvan arasındakı danışıqlara da optimizmlə baxırıq. Burada da müəyyən qədər irəliləyiş var - bir az əvvəl aviasiya reyslərinin açılmasını qeyd etdik. Daha ümidverici amil budur ki, insanlar, adi adamlar bunlara dəstək verir və “Qoy, keçmişdəkilər keçmişdə qalsın!” deyirlər.

İndi bütün post-sovet məkanında çox mürəkkəb proseslər gedir. Bundan ermənilər də nəticə çıxarmalıdırlar, əlbəttə, əgər suverenlik və istiqlaliyyət onlar üçün önəmlidirsə! Ötən əsrin təcrübəsi göstərir ki, Cənubi Qafqaz ölkələri yalnız birlikdə müstəqilliklərini qoruya bilərlər. Onlar özlərini N.Krılovun məşhur təmsilindəki kimi aparsalar, bundan hər üç respublika ziyan çəkəcəkdir.

Tale bu respublikalara daha bir şans verib ki, onlar azad olsunlar. Heç də həmişə belə olmur. Belə şanslar yüz ildə bir dəfə olur. Odur ki, onları qiymətləndirmək və qorumaq lazımdır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR