İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gündən problemli kreditlərə görə ödənişlər başlayır

1086 22.04.2019 08:55 İqtisadiyyat A A

Ekspert: “Bəzi məsələlərlə bağlı suallar var ki, onların cavabları hələ verilməyib...”

Bu gündən etibarən problemli dollar kreditlərinə görə kompensasiyaların ödənilməsinə başlanılır.  Əvvəlcə məlumat verək ki, prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.   

Bununla bağlı ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Nazirliyi birlikdə açıqlama ilə çıxış ediblər. Açıqlamada qeyd olunur ki, Palata kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası ile ilgili görsel sonucu

Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək.    

“Yeni Müsavat”ın məlumatına görə, artıq bu gün  kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayır.  Bütün ödənişlərin yuxarıda qeyd olunan Fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

Onu da qeyd edək ki, Palata tərəfindən kompensasiyaların alınması prosesində yarana biləcək hər hansı mübahisələrin həlli ilə məşğul olacaq Apelyasiya Komissiyası formalaşdırılıb. Komissiyaya Palatanın internet portalı vasitəsilə elektron müraciət imkanı da yaradılıb. Bundan əlavə, bütün banklara Palatanın nümayəndələri təhkim olunub. Vətəndaşlar üzləşdikləri çətinliklərlə bağlı elektron müraciətdən əlavə, banklardakı Palata nümayəndələrinə də müraciət edə bilərlər.

Ä°lgili resim

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli söylədi ki, hazırkı prosesdə məsələ ilə bağlı sosial reklam çarxlarının hazırlanmasına ehtiyac var: “Çox böyük ehtimal ki, proses başladıqdan sonra harada boşluqların olması məsələsi üzə çıxacaq. Lakin hələ ki, ilkin məlumatlara görə, insanlarda elektron qaydada problemli kreditlər barəsində məlumat almaqda müəyyən çətinliklər olub. İnsanlar bəzən ya proseduru, ya da qaydaları bilmirdilər. Çox yaxşı olardı ki, Azərbaycan televiziyaları bununla bağlı xüsusi reklam çarxları hazırlayardılar. Hələ ki, böyük problemlər yoxdur. Ancaq ilkin gedişatda problemlərin üzə çıxması mümkündür. Çünki bəzi məsələlərlə bağlı suallar var ki, hələ də onların cavabları verilməyib. Məsələn, bağlanan banklarla bağlı problemli kredit məsələsinin həlli yolları necə olacaq? Bu günə qədər həmin banklarda krediti olmuş insanlar necə kompensasiya alacaqlar? Bununla bağlı bəlli bir məlumat yoxdur. Hələ də prosedur qaydalarının hansı formada həyata keçirilməsi ilə bağlı müxtəlif suallar var. Hesablama qaydaları ilə bağlı da suallar mövcuddur. Əsasən də birinci və ikinci devalvasiya arasında olan problemli kreditlərlə bağlı məsələlər fərqlidir. Sonradan həmin kreditlərin manata çevrilməsini də görmüşük. Birinci devalvasiyadan sonra bəzi banklar müştərilərinə kredit borcunu manata çevirməyi də təklif etdilər. Bəs orada hesablama qaydası hansı məzənnə ilə aparılacaq? Bununla da bağlı suallar mövcuddur. Mənə sosial şəbəkələrdə, yolda gedərkən bu barədə tez-tez suallar verirlər. Ümumilikdə prosesdə ilkin olaraq normadan kənar söz demək də olmaz. Bir çox işlər görülüb, altyapı hazırlanıb. Ancaq məlumat qıtlığının olması, prosedur qaydalarının insanlara normal formada izah edilməməsi məncə, kompensasiyalar  verilməyə başlayandan sonra bir çox problemlərin üzə çıxamasına səbəb olacaq. Kompensasiyalar artıq real ödənişə keçdikdən sonra isə daha çox sual və iradların olacağı gözlənilir”.

Əli Rais,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR