İnsanlara hürriyət, millətlərə istiqlal!

“VAHİD NAMİZƏD İP-in NAMİZƏDİ OLMALIDIR”

1680 27.12.2012 09:27 Bizim qonaq A A

(əvvəli ötən saylarımızda)

Pənah Hüseyn:
- AXCP sədrinə, Müsavat başqanına, yəni prezidentliyə namizəd ola biləcək əsas şəxslərə qarşı təhqiramiz ifadələr səsləndirən - mən açıq da danışa bilərəm -, aşağılayan qüvvə ilə bu mühüm, taleyüklü, fövqəladə dərəcədə ciddi bir hadisəni (vahid namizəd məsələsini-red.) o tərkibdə müzakirəyə çıxarmağın mənası nədir?

Fuad Qəhrəmanlı:
- Hansı tərkibdə?

Pənah Hüseyn: “3-5 ayda guya hansısa yeni qüvvənin ortaya çıxacağı çox qeyri-ciddi məsələdir

P.Hüseyn:
- Yəni İctimai Palatanın içərisində həll olunmamış daha geniş formatda müzakirədən danışıram. Siz də burada dediniz ki, əvvəl orada müzakirə edək, həm də bu, artıq bir dəfə müzakirə edilib, bu gün də mən dedim ki, növbəti bir görüş hazırlanır. Orada da vahid namizəd məsələsi müzakirə ediləcək. Sizi inandırıram ki, bu məsələnin heç bir ağlabatan əsası, məntiqi mənə görünmür. Arqumenti yoxdur. Mənim əlbəttə mülahizələrim var ki, bunun səbəbi nədir. Ancaq mən onu sadəcə olaraq hələlik dilə gətirmək istəmirəm. Çünki hesab edirəm ki, ola bilsin, mənim mülahizələrim yanlışdır. Prinsipial fərq bundan ibarətdir. Bu gün biz İctimai Palatanın ətrafında demokratik qüvvələrin geniş koalisiyasının yaranmasını mümkün hesab edirik, real hesab edirik. İctimai Palatanın 62 rayon təşkilatı, 5 minə qədər üzvü, 450 sessiya üzvü var. Açığı, son illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslər İP tərəfindən yönləndirilib və bu, belə də davam edəcək. 5-3 ayda guya hansısa yeni qüvvənin ortaya çıxacağı çox qeyri-ciddi məsələdir. Belə bir qüvvəni kənara qoyaraq onun bir elementi kimi iştirak etdiyi koalisiyada - həm də görün orada hansı qüvvələr var, bayaq adını çəkdim Açıq Cəmiyyət Partiyası, AMİP, KXCP - bu müzakirələri aparmaq insanları sətiraltı cürbəcür fikirlərə sövq etməyə bilməz. O baxımdan da bir daha təkrar edirəm, bunu İctimai Palata üzvləri də bilsin, İsa Qəmbərin də, mənim də tərəfdarı olduğum mövqe, konsept ondan ibarətdir ki, hadisələrin mərkəzində bütün strukturları ilə bir yerdə, iki aparıcı siyasi partiyanın yaratdığı imkanlarla İctimai Palata dayanmalıdır, eləcə də vətəndaş cəmiyyəti institutları, nüfuzlu şəxslər. Əlbəttə ki, bunu qəbul edən, bunu dəyərləndirən, bu istiqamətdə hərəkət edən digər siyasi partiyalarla əməkdaşlıq, kolalisiya da mümkündür. Siz bayaq hüquqşünasların hazırladığı sənəddən danışdınız. Bu, funksional bir əməkdaşlıqdır, vahid namizəd məsələsində razılığa gələrik, gəlmərik, seçkiyə getmək haqqında qərar veriləcək-verilməyəcək, bunu doğru sayan və saymayan qüvvələrin olmasından asılı olmayaraq hamımız bir yerdə seçki islahatı ilə bağlı bir sənədi imzalayırıq. Sabah ola bilər ki, hansısa bir məsələ, məsələn, demokratik seçki mühitinin yaradılması tələbi ilə kütləvi aksiyaların keçirilməsi təşəbbüsü irəli sürüldü, biz bir yerdə işritak edəcəyik, təbii. Ancaq koalisiya ayrı bir məsələdir. Koalisiya artıq hazır, sistemli şəkildə müəyyən strateji hədəflər müəyyənləşdirməklə, buna çatan taktiki yolların müzakirə, müəyyən edildiyi, daha sonra icra edildiyi bir sistemdir. Bu sistemi bir İctimai Palata olaraq görürük. Partiyalar olaraq bu gün Müsavat və AXCP-nin əməkdaşlıq modelini görürük, vətəndaş cəmiyyəti institutlarının, aparıcı media orqanlarının, nüfuzlu şəxslərin rolunu görürük, bundan kənarda yeni bir model, yeni bir format axtarışının başlanmasını və bunun cəmiyyətə bu şəkildə ötürülməsini fövqəladə yanlış hesab edirəm. İndi sizin təkrar-təkrar dediyiniz o Koordinasiya Şurası məsələsinə gəlmək istəyirəm. Koordinasiya Şurası məsələsi bir neçə dəfə çox ciddi şəkildə müzakirə edilib. Çox təəssüf, mən İP KŞ-də AXCP və Müsavatda daha 2 nəfərin təmsil olunması ilə bağlı konsesusa nail ola bilmədim. Çünki məndə belə bir təəssürat yaranır ki, bir sıra partiya funksionerlərinin məsələlərdən bəzən yetərincə informasiyası olmur. Dəfələrlə məsələ müzakirə edilib, dəfələrlə neqativ münasibət bildirilib. Ancaq istər Koordinasiya Şurasının üzvü olaraq, istər siyasətçi olaraq biz hər hansı partiyaya qadağa qoya bilmərik. Hər bir partiya suverendir, istənilən siyasi partiya ilə görüşə qatıla bilər, istənilən məsələni müzakirə də edə bilər. Sadəcə əməkdaşlıq etikası vardır. Bizim son sənədimizlə bağlı İqbal Ağazadə də bildirib ki, geniş koalisiya axtarışı ilə bağlı göstərilən səylər bizim ümumi səylərimizə zidd hesab olunmamalıdır. Koordinasiya Şurasında əksəriyyətin bu məsələyə mövqeyi neqativdir. Buna baxmayaraq, bayaq qeyd etdim ki, heç bir partiyaya hansasa qadağalar qoyula bilməz. Belə bir iddiada bulunmaq fikrində də deyilik. Bu məsələ bundan irəli gəlib. Bir daha təkrar edirəm, mənim bir çox siyasətçilərlə şəxsi münasibətlərim açığı çox yaxındır, biz bir çox məsələləri bilirik ki, kim nəylə nəfəs alır, kim nə danışır. Biz danışarkən informasiyalara əsaslanırıq. Bir daha təkrar edirəm, İctimai Palatanın öz namizədi müəyyən olunmadan, bunun üçün demokratik prosedurlar işləyib hazırlamadan - elə praymerizlə bağlı, daxildə konsensusa gəlmədən - o dediyiniz formatda vahid namizəd axtarışını, kənara çəkilməyi yanlış hesab edirəm. Doğru strategiya müəyyən dövrdə populyar olmasa da, neqativlər gətirsə də, o istiqamətdə getmək lazımdır. Doğru olan da İctimai Palatadır, İP daxilində əsas işi görməkdir və əsas, mərkəz İP olmaqla mümkün, strateji hədəflərə uyğun gələn qüvvələrlə funksional əməkdaşlıqıdır.

F.Qəhrəmanlı:
- Mən də Pənah bəyin intellektinə, siyasi təcrübəsinə həmişə hörmətlə yanaşan bir şəxs olaraq demək istəyirəm ki, çox təəssüf edirəm ki, Pənah bəy bəzən formalaşdırılmış rəyin - bilmirəm bu, onun öz istəyi ilədir, yaxud özünü elə göstərir - təsiri ilə çıxış edir ki, guya “Asiman” restoranında İP-dən kənarda hansısa formada vahid namizədin müəyyənləşdirilməsi prosesi aparılır, mən istəməzdim ki..

R.Arifoölu:
- Aparılmayıbmı?

F.Qəhrəmanlı:
- Mən istəməzdim ki Pənah bəy özü bu rəyin müəlliflərindən biri olsun.

P.Hüseyn:
- Bizə bu məlumatı Əli Kərimli verib.

F.Qəhrəmanlı:
- Mətbuatda da Əli bəyin, Rafiq Əliyevin məsələ ilə bağlı rəyləri yer alıb. Onlar bildiriblər ki, “Asiman”da vahid namizədin müəyyənləşdirilməsi məsələsi aparılmayıb.

R.Arifoğlu:
- Söhbət müzakirədən gedir...

F.Qəhrəmanlı:
- Mən müəyyənləşdirilməsi dedim. Siz siyasətlə məşğul olursunuz, məndən də yaxşı bilirsiniz ki, müzakirə başqadır, müəyyənləşdirmə başqadır. Müəyyənləşdirmə o deməkdir ki, biz hansısa qərarın qəbul olunması üçün bir araya gəlib müzakirə aparırıq. Müzakirə isə o deməkdir ki, mən belə deyək də, Pənah bəyin ağzına qıfıl vura bilmərəm ki, filan məsələdən danışma. Bu gün bura gəlmişiksə, demək...

P.Hüseyn:
- Fuad bəy...

F.Qəhrəmanlı:
- Pənah bəy, 1 dəqiqə, xahiş eləyirəm...

P.Hüseyn:
- Qoy bunu deyim. O yığıncaq ona görə toplanıb ki, bunu iştirakçılar deyir, Əli bəy “Azadlıq” radiosundan çıxış edib deyib ki, vahid namizəd məsələsinu praymerizlə müəyyənləşdirək. İqbal bəy də zəng edib Əli bəyə deyib ki, biz belə bir müzakirəni təşkil edirik. Sonra Sərdar Cəlaloğlu İsa Qəmbərlə danışaraq onu vahid namizəd məsələsinin müzakirəsinə dəvət edib. İsa bəy də bu müzakirəyə getməkdən imtina edib. Bu, faktdır, bunun nəyini inkar edirsiniz?

F.Qəhrəmanlı:
- Baxın, mən nəyi inkar edirəm. Sizin bayaqkı çıxışınızda səsləndi ki, vahid namizədin orada müəyyənləşdirilməsi İctimai Palataya hörmətsizlikdir və müttəfiqlik münasibətlərinə uyğun gəlməyən bir məsələdir. Mən də onu bildirirəm ki, bundan öncəki eyni formatlı toplantıda İsa Qəmbər də iştirak eləmişdi. Əli bəy sadəcə dəvət olunduğu toplantıya gedib, “Asiman”dakı həmin toplantı Əli Kərimlinin təşəbbüsü ilə olmayıb. Əli Kərimli ora, sadəcə olaraq, dəvət olunub. Əli Kərimli o formatda qərar qəbul etmək üçün orada iştirak etməyib. Əli Kərimlinin mətbuatda səsləndirdiyi fikirlərdə də bildirib ki...

P.Hüseyn:
- Fuad bəy, siz bayaq dediniz ki, əsas orada müəyyən olunsun, sonra İctimai Palata bunu müəyyən eləsin...

F.Qəhrəmanl:
- Harda dedim? Mən Koordinasiya Şurasında müzakirə haqqında danışdım.

P.Hüseyn:
- Bax, bunlar hamısı yazılır...

F.Qəhrəmanlı:
- Pənah bəy, burdan-bura mənim sözlərimi təhrif edirsiniz..

P.Hüseyn:
- Yazılır, yəqin dərc də olunacaq.

F.Qəhrəmanlı:
- Mənim fikirlərimi təhrif eləməyin, xahiş edirəm.

P.Hüseyn:
- Mən təhrif etdimsə, üzr istəyirəm, sizdən də, oxuculardan da. Ancaq siz dediniz ki, yaxşı olardı ki, digər qüvvələrin də fikri müəyyən olunandan sonra, bəlkə elə orada İctimai Palatanın namizədləri daha çox üstünlük qazanacaqlar.

F.Qəhrəmanlı:
- Mən yenə deyirəm, yanlış anlaşılma olub. Məsələ ondadır ki, mən dedim ki, biz İP KŞ-də razılığa gələndən, format müəyyənləşdirəndən sonra onların da rəyi ilə bu prosesi davam etdirə bilərik.

P.Hüseyn:
- Söhbət namizəddən getmir...

F.Qəhrəmanlı:
- Mən də onu deyirəm ki, hansı format bu namizədi müəyyənləşdirə bilər.

P.Hüseyn:
- Yəni İctimai Palatada namizəd müəyyənləşməmiş, orada müəyyənləşsin?...

F.Qəhrəmanlı:
- Pənah bəy, İP namizəd müəyyənləşdirməmiş yox... Xahiş edirəm, fikrimi kəsməyin ki, sonra təhriflər olmasın. İP Koordinasiya Şurası məsləhətləşib formatı müəyyənləşdirəndən sonra biz vahid namizədi müəyyənləşdirə bilərik. O formatda razılıq əsasında müttəfiqlərin birgə qərarı, iştirakı ilə vahid namizəd müəyyən oluna bilər. Burada da format müəyyən olunarkən təkcə İctimai Palata deyil, İctimai Palatadan kənarda olan qurumların da bu formata qəbul olunmasından söhbət gedir. Gəlirəm indi həmin məsələyə. Xahiş edirəm, mənim fikrimi yanlış yerə yönləndirməyin, mənim söz ehtiyatı ilə bağlı problemim yoxdur, fikrimi dəqiq ifadə edirəm. Vahid namizəd İctimai Palatada müəyyən olunursa, biz digər qüvvələrə deyirik ki, buyurun gəlin, bu namizədi qəbul edib...

P.Hüseyn:
- Yox, İctimai Palatanın namizədi müəyyənləşir, sonra? Xahiş edirəm, dəqiq deyin.

F.Qəhrəmanlı:
- Pənah bəy, icazə verin, axı siz mənə fikrimi tamamlamağa imkan vermirsiniz... Söhbət ondan gedir ki, İctimai Palatanın Koordinasiya Şurası müzakirə edib formatı müəyyənləşdirir, Rauf bəy, siz də diqqətlə qulaq asın zəhmət olmasa, ola bilər, şahidliyiniz gərək oldu. Format müəyyən edildikdən sonra ki, biz hansı formatda vahid namizədi müəyyənləşdirə bilərik. Yəni İctimai Palatanın Koordinasiya Şurası müzakirə aparacaq formatı müəyyənləşdirir. Bu müəyyənləşdirmədə ilk sırada İctimai Palata da daxil olmaqla, hansı qüvvələrin bu prosesdə iştirakı məqbul hesab edilirsə, deyək ki, Ziyalılar Forumu, Liberal Partiyası, biz məqbul hesab etsək, formata daxil ola bilər...

P.Hüseyn:
- İctimai Palatanı kim təmsil edir orda? İctimai Palata da orada bir namizədlə təmsil olunur?

F.Qəhrəmanlı:
- Rauf bəy, xahiş edirəm, şərait yaradın. Mən aydınlaşdırıram, Pənah bəy, hələ fikrimi bitirməmişəm.

P.Hüseyn:
- Buyur, danışın.

R.Arioğlu:
- Pənah bəy, icazə verin fikrini tamamlasın.

F.Qəhrəmanlı:
- İrəlidə toxunacağım məsələni, siz bəri başdan sözümü kəsib imkan vermirsiniz deyəm.

P.Hüseyn:
- İctimai Palata vahid namizədi müəyyən edən format müəyyən edir - təklif belədir?

F.Qəhrəmanlı:
- Azər bəy, siz məni anlayırsınız?

Azər Rəşidoğlu:
- Bir qədər lokallaşdırsanız, yaxşı olar. Çünki bunu oxucu da anlaya bilməyəcək.

Fuad Qəhrəmanlı: “Biz hesab edirik ki, Liberal Partiyası da, REAL hərəkatı da bu prosesdə iştirak edə bilər”

F.Qəhrəmanlı:
- Vahid namizədin müəyyənləşməsi üçün İP özü də daxil olmaqla, formatı müəyyənləşdirə bilər. Bu formatda İP-də olmayan qüvvələr də ola bilər. Sonra biz müəyyənləşdiririk ki, hansı üsul, hansı metodla biz vahid namizədi müəyyənləşdirəcəyik. Formatdan sonra metodu müəyyənləşdirəcəyik. Sonra həmin qüvvələrə təklif edə bilərik ki, buyurun, gəlin. Biz hesab edirik ki, Liberal Partiyası da, REAL hərəkatı da bu prosesdə iştirak edə bilər. Biz də deyirik ki, praymerizə gedib vahid namizədi müəyyənləşdirək. Hər bir qüvvə də üzərinə öhdəlik götürür ki, o praymerizin nəticəsini tanıyacaq. Şərti deyirəm - üsullardan biri kimi. Bu format çərçivəsində namizəd müəyyənləşir. Hesab edirəm ki, ən iddialı və real namizəd İP-in namizədi olacaq, başqası olmayacaq. Bu da bizə imkan verəcək ki, vahid namizəd təkcə İctimai Palatanın namizədi olmayacaq, eyni zamanda başqalarının da namizədi olacaq. Qaldı ki, Rəsul Quliyev məsələsinə, siz bayaq dediniz ki, o, İP-lə, müxalifət liderləri ilə bağlı həqarətli münasibət bildirib, biz bunlarla necə bir araya gələ bilərik. Bilirsiniz, hər kəs öz məsuliyyətinə görə hərəkət edir. Yəni insanın məsuliyyəti çoxdursa, o, daha təmkinli hərəkət edir. Ölkədə dəyişiklik yaratmaq məsuliyyəti İctimai Palatanın, burada olan şəxslərin üzərindədir, başqalarının üzərində deyil. Ona görə də bir çoxlarının şəxsi münasibətlərini, xoşa gəlməyən ifadələrini kənara qoyub biz həmin qüvvələrə, eyni zamanda cəmiyyətə göstərməliyik ki, biz kimlərləsə şəxsi münasibətlərin davasını aparmırıq. Buyurun, bu, bizim yanaşmamız, bizim məsələlərə baxışımız budur. Pənah bəy, burada mühakimə etmək nə sizin haqqınızdır, nə mənim, nə də müsavatçıların. Biz artıq məsələni cəmiyyətə yönəldirik ki, kimlərsə bizim bu xoş məramımızı, xoş niyyətimizi, birlik istəyimizi, rejimə qarşı səmimi mübarizəmizi qəbul etmirsə, tutaq ki, Pənah Hüseynlə, Əli Kərimli ilə, İsa Qəmbərlə şəxsi münasibətlərin davasını aparırsa, cəmiyyət onları mühakimə edəcək. Bu zaman da onların səhmləri iflas edəcək. Bu prosesdə iştirak etməmələri sonda onların özlərinə zərər vuracaq. Nəticə də o olacaq ki, bizim vahid namizədimizi gerçək müxalifətçilər qəbul edəcək, qəbul etməyənlər isə ictimaiyyət içərisində öz nüfuzunu itirdiyinə görə sabah onların vahid namizədi olsa belə, cəmiyyət onları müxalif qüvvə kimi qəbul etməyəcək.

P.Hüseyn:
- Bir daha məsələni oxucular üçün müəyyənləşdirmək istəyirəm. Fərqli mövqe odur ki, mən də daxil olmaqla İP-in bir sıra üzvləri hesab edir ki, bu prosesin mərkəzi İP olmalıdır.

F.Qəhrəmanlı:
- Biz də o fikirdəyik.

P.Hüseyn:
- Namizəd İP-in namizədi olmalıdır. Əgər dediyiniz o digər qüvvələrlə seçim imkanı olacaqsa, burada İP-in namizədi iştirak etməlidir, İP-in net mövqeyi olmalıdır. Lakin sizin dediyiniz məsələdə İP-in parçalanmış halda, daha doğrusu, İctimai Palata kimi yox, siyasi partiyaların - Müsavatın və AXCP-nin öz namizədləri ilə iştirak edir və bu prosesdən faktiki olaraq İP kənarda qoyulur.

F.Qəhrəmanlı:
- Elə deyil axı.

P.Hüseyn:
- Mən dedim, siz də deyərsiniz ki, elə deyil. Nəticədə də İsa Qəmbərin də ifadə etdiyi kimi, heç bir real nəticə alınması mümkün olmayan həmin mənasız müzakirədə vahid namizəd məsələsi real qüvvələrin vahid namizədi məsələsini üstələyir və biz xeyli ziyana, zərərə düşürük.

F.Qəhrəmanlı:
- Pənah bəy, arqument yoxdur. Bir cümlə deyəcəm, icazə verin... Pənah bəyin dediyinin arqumentasiyası ona görə yoxdur ki, mən açıq şəkildə dedim ki, İP KŞ formatı müəyyənləşdirirsə, bu necə İP-in kənarda qoyulması kimi qiymətləndirilə bilər? Axı biz deyirik ki, formatı İP KŞ müəyyənləşdirir. Əksinə, bu, İP-in böyüklüyünü və özünə əminliyini göstərir. Pənah bəy, məgər biz özümüzə o qədər güvənsizik ki, siz Əli Kərimliyə, İsa Qəmbərə o qədər etimadsızsınız ki, onların həmin formatda qalib gələcəyini güman eləmirsiniz? Məncə, güvənmək üçün kifayət qədər əsaslar var. Əmin olmalısınız ki, həmin formatda həm Əli Kərimli, həm İsa Qəmbər, həm də İP-in digər namizəd ola biləcək üzvləri bu formatda praymerizdə qalib olub vahid namizəd ola bilərlər.

A.Rəşidoğlu:
- Əslində vahid namizəd məsələsinin müzakirəsi daha çox parçalanmaya gətirib çıxarır. Mən konkret sual vermək istəyirdim. İsa Qəmbər “Yeni Müsavat”a müsahibəsində bildirdi ki, o, 2013-cü il prezident seçkilərinə qartılacaq. Yəni şərtsiz qatılacaq. Əli Kərimlinin “məsuliyyəti üzərimə götürməyə hazıram” bəyanatını verməsindən sonra görünən odur ki, artıq İP-in iki aparıcı lideri namizədliklərini irəli sürəcək. Bu baxımdan müxtəlif variantlar irəli sürmək olar. Ya İP tərkibində hər iki liderin namizədliyinin irəli sürülməsi, İsa Qəmbər-Əli Kərimli seçki blokunun yaradılması - bununla protest elektoratındakı dartışmaların qarşısını müəyyən qədər almaq mümkün ola bilər -, ya da bizim də qeyd etdiyimiz kimi, nə Əli Kərimli, nə İsa Qəmbər, üçüncü bir şəxsin namizdəliyinin müdafiəsi. Bu versiyalara necə baxırsınız?

(ardı gələn sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR