İnsanlara hürriyət, millətlərə istiqlal!

SABİQ BAŞ NAZİRLƏ SABİQ BAŞ PROKUROR AÇDI SANDIĞI...

17665 10.08.2012 09:46 Bizim qonaq A A

Söhbətə “ev sahibi”nin - “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun Əli Ömərovla Pənah Hüseynin ikisinə də eyni vaxtda verdiyi sual körpü saldı.

Rauf Arifoğlu: - Neçə müddətdir görüşmürsünüz. Bu zamana qədər üz-üzə gəlmisinizmi?

Əli Ömərov: - Bir müddət öncə görüşmüşük. Bir hüzr mərasimində.

R.A: - Arada bir məhkəmə prosesi də vardı. Nə ilə bağlı idi məhkəmə?

Pənah Hüseyn: - 4 iyun Gəncə qiyamı ilə bağlı “Yeni Müsavat”da gedən müsahibə ilə bağlı məhkəməyə müraciət etmişdim. Hələlik ilkin mərhələlər keçib. Nə birinci instansiya məhkəməsi, nə də Apelyasiya Məhkəməsi iddianı təmin etməyib. İndi kasasiya mərhələsi qalır.

R.A: - Hesab edirsiniz ki, məhkəmələr Əli Ömərovun tərəfini saxlayır?

P.H: - Hüquqi baxımdan məncə, iddiam haqlıdır. Ancaq proses davam elədiyinə görə hər hansı fikir səsləndirmək istəmirəm.

R.A: - Əli müəllim, siz nə deyirsiniz bu məhkəmə ilə bağlı?

Ə.Ö: - O məhkəmələrdə iştirak eləməmişəm. Pənah bəylə də aramda elə bir ciddi narazılıq yoxdur. Bu gün qəzetlər müstəqildir, bir kəlmə də mən demişəm, Pənah bəy o ifadəni özünə təhqir sayıb. Ancaq mən onu təhqir saymıram. Azad fikirdir, demişəm.

P.H: - Söhbət şərəf və ləyaqətin qorunmasından gedir. İş orasındadır ki, o müsahibədə 1993-cü il Gəncə hadisələri ilə bağlı, o sıradan mənim də adım çəkilməklə bəzi məlumatlar verilib. Məncə, onlar doğru deyil, məhkəmədə bunu sübut etmək fikrindəyəm. İddia hələ təmin olunmayıb. Məqsəd o dövrün olaylarına düzgün qiymət verilməsinə nail olmaqdır. Mən bu məsələyə şəxsi məsələ kimi baxmıram. Son günlər Gəncə hadisələri ilə bağlı müzakirələr intensivləşib. Bəzi siyasətçilər düşünür ki, ola bilər bu, hakimiyyətə opponentlik edən şəxslər arasında müəyyən ziddiyyətlər yaradılması üçün verilən sifarişdir. Amma tarix göstərir ki, bu hadisə Azərbaycanın çağdaş tarixində ciddi rol oynayıb. Bu təsir hətta bu gün də davam edir. Burda həm də bir mənəvi məsələ var. Hörmətli Əli bəy lazım bilsə, bu məsələyə aydınlıq gətirər. Orda bir informasiya verilmişdi ki, Milli Qvardiyanın əsgərləri hərbi hissənin qarşısında atəşfəşanlıq etdiyi üçün onları öldürüblər. Halbuki Ömərovun baş prokuror olduğu dövrdə aparılan istintaq zamanı müəyyən edilmişdi ki, Milli Qvardiyanın gənc zabitləri Gəncəni silahsız halda tərk edərkən xaincəsinə şəhərin içində güllələnmişdilər. Mən o şəxslər haqda bu şəkildə yanlış informasiyanın yayılmasını qəbul etmirdim və indi də etmirəm. Gəncə hadisələri qanuni dövlət orqanları əleyhinə çıxış idi. Buna qiyam da deyilə bilər, üsyan da. Ancaq hüquqi dildə bunun adı silahlı qüvvələrdən istifadə etməklə qanuni dövlət hakimiyyətinin zorla devrilməsinə yönəlik hərəkətdir. Bu, elə bir dövrdə baş verdi ki, Azərbaycanın taleyində bir dönüş nöqtəsi idi. İyunun 20-də Kəlbəcərin işğaldan azad edilməsi, müharibənin başa çatması, Böyük Sülh Sazişinin imzalanması nəzərdə tutulurdu. Ola bilər Ömərovun bu haqda informasiyası olmasın. Bu sülh planına Azərbaycan hökuməti qol çəkmişdi. Sənədi mən imzalamışdım, Ermənistandan isə baş nazir Baqtaryan. Sənədi mayın 23-də Azərbaycan, mayın 26-da isə Ermənistan imzalamışdı. Ancaq hələlik o, məxfi saxlanılırdı. İyunun 12-də Ermənistan və Rusiya qaynaqları bu haqda informasiya yaydı. Ermənistanın təkidləri ilə sənədi qondarma “DQR”-in nümayəndələri də imzaladı. Ermənistanın sənədin qüvvəyə minməsi haqda qərarında belə bənd var ki, sənədin qüvvəyə minməsi Gəncədə baş verən qarışıqlıqlarla bağlı qanuni hakimiyyət orqanlarını kimin təmsil etməsi məsələsinə aydınlıq gələnə qədər iki aylıq təxirə salınsın. Ona görə də mən baş verənləri Azərbaycan xalqına qarşı xəyanət saymışam, hər dəfə də demişəm.

Ə.Ö: - Savadlı insan kimi Pənah bəyə xüsusi hörmətim var. Ancaq onun bir fikri ilə razı deyiləm. Pənah bəy deyir ki, görünür, kimsə müxalifətin içində fikir ayrılığı yaratmaq üçün yenidən 4 iyun məsələsini qaldırır. Ancaq bu məsələni hakimiyyətdən olan insanlar qaldırmır. Məsələni gündəmə müxalifətin nümayəndəsi İxtiyar Şirin gətirib. O, deyib ki, mən Əli Ömərovu dəfələrlə tutdurmaq istəmişəm, məhkəmələr onu həbs etməyib... (Zəruri ixtisar var - red.) Gəncə hadisələrinə indiyə qədər qiyam deməmişəm, indi də demirəm.

R.A: - Siz İxtiyar Şirinlə məhkəmə çəkişməsindəsiniz...

Ə.Ö: - Bəli, həm bu məsələyə görə, həm də Elçibəyin həbsi üçün sanksiya yazmaması ilə bağlı. Mən də onun öz dəsti-xətti ilə prezident Əliyev Əbülfəz Qədirqulu oğlunun müqəssirlik qərarını məhkəməyə təqdim etmişəm. Əgər Elçibəy Əli Ömərovu baş prokuror təyin etsəydi, Ömərovu assaydılar da o, sanksiya verməzdi.

R.A: - Görünür, asmağa yaxın bir hərəkət eləmisiniz...

Ə.Ö: - Xeyr.

R.A: - Baş prokuror prezidentin tapşırığı ilə Gəncəyə gedir, onların ifadəsi ilə desək, qiyamçılara qarşı tədbir görmək üçün. Sonra orada öz prezidentinin həbsinə sanksiya verir. Bunun öz axarına baş verməsi nə qədər realdır?

“Surətə o səlahiyyətləri hansı hökumət vermişdi? Müşavirə adı ilə Bakıya çağırıb
həbs edəydiniz...”

Ə.Ö: - Ölkənin baş prokuroru ora getməli deyildi. O, otağında oturub qanunun aliliyinə nəzarət etməli idi. O hardan bilirdi ki, qiyam var? Gəncə camaatının nə günahı var? Fəhmin Hacıyev dəfələrlə təsdiq edib ki, Gəncə hadisələri zamanı şəhərdən camaatın çıxarılmasına əmr vermişdim, çünki şəhərin bombalanması planlaşdırılırdı. Surət Hüseynovu Gəncədə bəyənən adam yox idi. O cümlədən də mən ilk gündən bu günə qədər düşmənçilik münasibətindəyəm. Mənim bacımı onun dayısı oğlu qaçırmışdı, zorla əllərindən aldırdım. Bəs Gəncə camaatı nəyə görə Surətin tərəfinə keçdi? Milli Məclisin qərarında da var, 6-7 qoşun növü Gəncəni bombalamağa gəlmişdi. Sual edirəm: Surətə o qədər səlahiyyəti, qoşun hissələrini, döyüş sursatını verən, Milli Qəhrəman elan edən, baş nazirin müavini kürsüsünə əyləşdirən kim idi? Surət sizin hakimiyyətin nümayəndəsi idi. Hakimiyyət özünü gör nə qədər aciz göstərirdi ki, Surət kimi bir insanın öhdəsindən gələ bilmirdi. Çağırardım mən Surəti müşavirə adı ilə, prezidentin yanında müşavirə keçirərdim, elə orada da həbs edərdim. Surət Hüseynov kim idi ki, dövlətə kəllə ataydı? Mən ona görə qiyam demirəm ki, cinayət baş verəndə onun iştirakçıları olur. Surətə o cinayətləri törətmək üçün şərait yaradan siz idiniz. Ona görə də ona bu şəraiti yaradanlar Surətlə bərabər o məsuliyyəti daşımalıdırlar. Deyirsiniz ki, İxtiyar Şirinə təzyiq olub. Sabir Rüstəmxanlı, İmam Mustafayev geniş tərkibdə gəlib Gəncədə yoxlama apardı. Surət İxtiyar Şirinə mənim iştirakımla bir kəlmə dedi ki, sən mənim haqqımda niyə cinayət işi qaldırmısan. O zaman deputatlar imza toplayırdı ki, fövqəladə sessiya keçirilsin. Buna görə də baş prokuror Surətə də, mənə də cinayət işi başlamışdı. Dedi qanuni başlamısanmı, İxtiyar bəy cavab verdi ki, yox. Surət soruşdu ki, kimin göstərişi ilə başlamısan. Dedi prezidentin. Dedi onda mən də göstəriş verirəm, prezidentinə sanksiya ver. Onda İxtiyar bəy mənə dedi ki, Əli müəllim, sanksiya yaz gətir, qol çəkim. Dedim yox, mən nə sanksiya, nə də müqəssirçilik yaza bilmərəm. İxtiyar Şirin müqəssirçiliyi
öz əli ilə yazdı. İndi deyirsiniz ona təzyiq olub. Bəs Cavadov qardaşları Respublika Prokurorluğunda avtomatı ürəyimin başına dirədilər ki, Heydər Əliyevə sanksiya ver. Dedim nəyə görə. Mən İxtiyara dedim...

R.A: - Deyirlər, siz İxtiyar Şirinin başına tapança dirəmisiniz...

Ə.Ö: - Mən insan deyiləmmi? Onda mən İxtiyarı iki aydan sonra niyə azadlığa buraxdım? Məni də silahla hədələdilər, ancaq mən prezidentim üçün sanksiya yazmadım. Dedim şərəfli ölüm şərəfsiz yaşamaqdan üstündür.

P.H: - Ancaq məhkəmə qətnaməsi ilə sübut olunub ki, bu sənədi siz və Nemət Pənahlı yazıb. Yeri gəlmişkən, siz o qətnamədən apelyasiya şikayəti vermisiniz...

Ə.Ö: - Bəli. Məhkəmə xətt ekspertizası keçirmədən belə bir qərar verib. Ekspertiza təsdiq eləsə, mən 20 il də cəza çəkməyə hazıram. Hakimin də soyadı Şirinovdu. Hələ mən bilmirəm, bəlkə o, İxtiyar Şirinin qohumudur, əmisi oğludur...

Y.M. - Hakim İkram Şirinovdu. İxtiyar Şirinlə hər hansı qohumluğu yoxdur.

Ə.Ö. - Kimdirsə, bilmirəm. Mən tələb edirəm ki, mənim də, Nemət Pənahlının da xətt ekspertizası keçirilsin.

Y.M. - Pənah bəy, siz nə deyirsiniz bu məsələyə?

P.H. Əgər İxtiyar Şirin özü olsa, onun haqqında deyilənlərə aydınlıq gətirilə bilər. Mən səhərdən hörmətli Əli Ömərova qulaq asıram. Azərbaycanda həqiqi ədliyyə müşaviri rütbəsi olan çox az hüquqşünaslar var. Əli Ömərovda olub və daha bir neçə baş prokurora verilib...

Ə.Ö. - Məndən başqa heç kimə verilməyib.

P.H. - İxtiyar Şirinə verilmişdi.

Ə.Ö. - İxtiyar Şirin, üzr istəyirəm, sözünü kəsirəm balnan, müsahibələrindən birində deyir ki, Əli Ömərovun təqdimatı ilə mənim həqiqi dövlət ədliyyə müşaviri rütbəmi alıblar. Mən belə bir təqdimat verməmişəm.

P.H. İcazə verin, Əli Ömərov qeyd elədi ki, o məsələlərə hüquqşünas kimi yanaşır. Mən, sözün doğrusu, peşəkar hüquqşünas deyiləm. Səbrlə qulaq asdım və təəccübləndim, sözün doğrusu. Həqiqətən də Əli Ömərov hüquq-mühafizə orqanlarında uzun müddət işləyib, qabaqca prokurorluq orqanlarında işləyib, sonra baş prokuror olub. Yəni onun hüquqşünas olmasını şübhə altına almıram. Amma burada hadisələrə verdiyi şərhə aydınlıq gətirməyə çalışacağam. Fikrimcə, bu, hüquqşünas məntiqi deyil. Əvvəla, Surət Hüseynov bizim dövrümüzdə o vəzifələrə gətirilmişdi. Ona o silahlar verilmişdi. Buna görə o qiyam eləyibsə, bunu ona verən hakimiyyət vəzifəlilərini ittiham etmək lazımdır məntiqini, mülahizəsini istəyirəm bir qədər diqqətə çatdırım. Dünya tarixindəki bir çox dövlət çevrilişlərini adətən ən yüksək rütbəli dövlət məmurları həyata keçirir. Bizə qarşı da o zaman müvafiq maddə ilə iş qaldırılmışdı ki, guya biz silahlı qüvvələrdən hakimiyyət orqanları əleyhinə istifadə eləmişik. Sonradan istər prokurorluğun apardığı istintaq, istər məhkəmə istintaqı nəticəsində bunun belə olmadığı müəyyən edildi. Həqiqətən də bu, absurd bir maddə idi. Çünki hakimiyyət orqanlarına qarşı silahlı qüvvələrdən istifadə olunması maddəsi konstitusion dövlət orqanları əleyhinə, məsələn, deyək ki, hansısa bir hərbi hissənin və yaxud hansısa bir demək, qanunu silahlı qüvvənin istifadə olunmasını nəzərdə tuturdu. Konkret halda bu, əks tərəfdən prezidentə qarşı, hökumətə qarşı konstitusion orqanlara qarşı istifadə olunmuşdu. Ona görə də konkret olaraq bu məsələnin, sonradan hətta elə sizin baş prokuror olduğunuz müddətdə aparılan istintaq zamanı, tamamilə qeyri-hüquqi bir ittiham olduğu ortaya çıxdı və kənara qoyuldu. Biz o dövrdə hakimiyyətdə deyildik. İkincisi, mən bir əks-dəlil deyə bilərəm. Surət Hüseynovu Heydər Əliyev baş nazir vəzifəsinə gətirmişdi. Belə çıxır, 1994-cü ildə Surət dövlət çevrilişi etdiyinə görə Heydər Əliyevə cinayət işi qaldırmaq gərəkdir? Bu, hüquqşünas məntiqi deyil. Əgər Əbülfəz Elçibəy onun baş nazirin müavini olması haqqında fərman vermişdisə, Surət Hüseynov hökumətin başına gətirilmişdi...

Ə.Ö: - Heydər Əliyevin Surəti baş nazir təyin eləməsi o deməkdir ki, onun qiyam eləməsinin məsuliyyəti Heydər Əliyevin üzərindədir?

P.H: - Sizin əvvəl dediyinizdən belə çıxır.

Ə.Ö: - Yox, sizin dediyinizdən belə çıxır.

P.H: - Mən sizin doğru olmadığınızı sübut eləmək üçün bunu dedim... Bilirsiniz ki, aprel ayının, səhv eləmirəmsə, 4-dən bütün ölkədə fövqəladə vəziyyət elan olunmuşdu. Əvvəllər də ayrı-ayrı rayonlarda fövqəladə vəziyyət mövcud idi, ancaq Kəlbəcərin işğalı ilə bağlı, səhv eləmirəmsə, aprelin 4-də bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olunmuşdu. Döyüş əməliyyatları da Gəncəyə yaxınlaşmışdı. Hacıkəndə artıq hücum təhlükəsi vardı. Ermənilər Murov aşırımına çıxmışdılar. Ona görə də Gəncə faktiki olaraq ön cəbhədə olan bir şəhər idi. Və orada istər əvvəllər yerləşdirilmiş hərbi hissələr, onların minlərlə heyəti vardı, istərsə də hərbi vəziyyət elan olunandan sonra ölkənin digər yerlərindən ora göndərilmiş hüquq-mühafizə orqanlarına tabe olan silahlı hissələr, Müdafiə Nazirliyinin qüvvələri var idi. İstintaq materiallarında da belə bir şey yoxdu. Yalnız o zaman Surət Hüseynovun tərəfdarları, qiyamçılar tərəfdən girov götürülmüş şəxslərdən alınan zorla alınmış ifadələr vardı, onların da çoxu sonradan məhkəmə prosesində bunlardan imtina etdilər. Bir neçə belə ifadə vardı ki, - Prezident Qvardiyasının bir neçə zabitindən alınmışdı bu ifadələr - biz Kəlbəcərə vuruşmağa göndərilmişik. Bəzisi demişdi ki, bizi bura başqa əmrlə göndəriblər. Burada əslində qeyri-təbii heç bir şey yoxdu. Bilirsiniz ki, bu və ya digər hərbçiləri, hərbi birləşmələri, hətta operativ bir qrupu özlərinin konkret məlumatı olmadan da tabe olduqları orqanlar hər hansı bir yerə göndərə bilər. Onlara bir şey deyilə bilər, ancaq əslində həqiqi iş gizlədilə bilər.

R.A. - Əməliyyat məlumatının yayılmaması məqsədi ilə...

“Bu məsələlərə aydınlıq gətirilməsi həm tarixi, həm də indi baş verən proseslərə dəqiq qiymət verilməsi baxımından olduqca vacibdir”

P.H. - Bu o qədər təbii məsələdir ki, sizin də həqiqi ədliyyə müşaviri, keçmiş baş prokuror olaraq, hüquq sisteminin işçisi olaraq dediklərinizi mən hər halda, hüquqşünas yanaşması hesab eləmirəm. Həqiqəti mən sizin nəzərinizə çatdıra bilərəm. Burada mən özümlü o dövrün hadisələrinə aid bəzi sənədlər gətirdim. (Qarşısında olan qovluğu göstərir və oradan hansısa sənədin axtarışına başlayır - red.) O cümlədən Ali Məhkəmənin həmin hadisələrin tədqiqatı ilə bağlı qərar və qərardadlarını. Bu qərarlar həm dünyanın, həm də ölkə ictimaiyyətinin gözü qarşısında gedən məhkəmələrdən sonra qəbul olunmuş qərarlardır. Həmin qərarlarda birbaşa göstərilib ki, o dövrdə hakimiyyət orqanları nümayəndələrinin, o sıradan baş nazir olaraq mənim də hərəkətlərimdə bir sıra qanunsuzluqlar olub. İndi biz onlarla razı olarıq, olmarıq, bu başqa bir məsələdir. Amma eyni zamanda göstərilib ki, orda hakimiyyət orqanları tərəfindən qanunsuz hərbi hissənin tərk-silah olunması üçün hərəkətlər edilib. Bu hərəkətlər edilərkən, yəni qanunsuz hərbi birliyin tərk-silah edilməsi nəzərdə tutulur, bu hadisələr baş verib. Əli müəllim, siz hüquqşünassınız, baş prokurorsunuz, bu qərarı Ali Məhkəmə verib. Əgər siz bundan sonra da siz deyirsinizsə ki, yox, bu mənim üçün belə deyil, o zaman siz dəlillərinizi ortaya qoymalısınız. Mən sizi inandırıram ki, bu məsələlərə aydınlıq gətirilməsi həm tarixi, həm də indi baş verən proseslərə dəqiq qiymət verilməsi baxımından olduqca vacibdir. Yox, əgər sizin bu məsələlərlə bağlı ciddi dəlilləriniz olacaqsa, şəxsən mənim üçün də bu maraqlıdır ki, mən də əks arqumentlərimi söyləyim. Nəticəni isə oxucular çıxaracaq.

R.A. - Mən sizdən xahiş edirəm, debatın normal, polemika şəraitində getməsinə imkan yaradasınız. Mövzu çox önəmlidir. 19 il öncə baş vermiş və Azərbaycanın taleyini kardinal şəkildə dəyişmiş bir hadisədə səngərin qarşı tərəfində olan, hətta düşmən olan iki önəmli fiqur bir araya gəlib baş verənlərdən danışır. Zamanımız var, bu məsələni hərtərəfli müzakirə etməyə çalışacağıq.

(davamı növbəti sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR