İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜSAVAT BAŞQANINDAN “MİLYARDERLƏR İTTİFAQI”na ÖNƏMLİ MESAJLAR

7548 16.11.2012 09:59 Bizim qonaq A A

- İsa bəy, ilk öncə Azərbaycana aid baş verən və Rusiyanın adı hallanan olaylardan - məlum “Milyarderlər İttifaqı”nın yaradılması, bundan sonra Kremlin regionda rəsmi Bakıya qarşı iddialar göstərməsi, rus səfirin ölkəmizdə fəallaşması, Zaqatalada bir qrup separatçı ilə görüş keçirməsi barədə soruşmaq istərdik. İndiyədək belə bir təəssürat vardı ki, Rusiya bu hakimiyyətin arxasındadır və sona qədər də belə olacaq. Vəziyyət niyə dəyişdi? Üstəlik, hakimiyyətin bu olaylara çox əsəbi, kəskin reaksiyasının səbəbi nədir?

- Maraqlı suala görə təşəkkür edirəm. Amma o qədər geniş sualdır ki, onun əsasında mən inanıram ki, bizim burda iştirak edən hörmətli yazarlarımız 7-8 ciddi analitik yazı da yaza bilərlər. Əgər toparlasaq, proseslərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq prezident seçkisi ilinə daxil olub. Biz Müsavat Partiyası olaraq maraqlı idik ki, ölkə gündəminin əsas məsələsi mövcud qeyri-legitim parlamentin buraxılması və azad, ədalətli seçkilərlə yeni bir parlamentin seçilməsi olsun. Amma prezident seçkiləri yaxınlaşmağa başladı, bütün diqqət ora yönəldi və artıq bütün hadisələrə o kontekstdən baxılır. Ona görə də mən inanıram ki, RATİ, ya “Milyarderlər ittifaqı” deyirsiniz - bu ittifaq tutaq ki, 2012-ci ilin payız aylarında yox, 2011-də, 2010-cu ildə meydana gəlsəydi, ona başqa cür baxılacaqdı. İndi isə sırf prezident seçkiləri ilə bağlı bir hadisədir və o cür də qiymətləndirilir. Sualınızda müxtəlif məqamlara toxundunuz. İstəsəniz bir daha qayıdarıq o məqamlara. Məsələn, Rusiya səfirinin Zaqataladakı görüşünə işarə elədiniz. Mən şəxsən istərdim Rusiya səfiri bir məlumat versin, o görüş barədə fikrini bildirsin ki, onun da fikrini eşidəndən sonra həmin görüşə biz münasibət bildirək. Amma bütövlükdə ortaya çıxan odur ki, Azərbaycandakı hakimiyyət özünü güclü göstərmək istəməsinə baxmayaraq, həddən artıq zəif, bərbad bir hakimiyyətdir, ən adi bir xəbərdən sarsılan bir hakimiyyətdir. Nə olsun ki, Rusiyada zəngin insanlar yığışıb bir təşkilat qurublar və deyiblər ki, biz Rusiyada yaşayan azərbaycanlıların maraqlarını təmsil edəcəyik, onların problemləri ilə məşğul olacağıq və yaranan gündən sonra da heç bir addım atmayıblar; faktiki olaraq, özləri də dəfələrlə etiraf ediblər ki, biz təşkilatı yaratmaqdan başqa heç bir addım atmamışıq. Bakının rəsmi və qeyri-rəsmi mənfi münasibət bildirməsindən sonra Azərbaycan hakimiyyətinə də dayandıqlarını etiraf ediblər. Dayanıblar, gözləyirlər ki, bu işlərin axırı nə olacaq. Yəni adi bir təşkilatın yaranması prezident seçkisi ili olduğu üçün Azərbaycan cəmiyyətini çox ciddi maraqlandırıb. Hakimiyyəti isə lərzəyə salıb. Qorxu içində tir-tir əsirlər. Çünki xalqın içində dayaqları yoxdur, xalqa arxalanmırlar. Əgər hakimiyyət xalqa arxalansaydı, o xarici ölkədə hansısa bir diaspor təşkilatının yaranmasından, Azərbaycanın hansısa bölgəsində hansısa səfirin kiminləsə görüşməsindən bu qədər narahat olmazdı...

R.Arifoğlu:
- Bəlkə Rusiya amilinə görə daha çox narahatdırlar? Ola bilərmi ki, yalnız diaspor təşkilatlarının, bir neçə zəngin adamın təşkilat qurmasına görə deyil narahatlıq, onun arxasındakı gücə görədir?

İsa Qəmbər:
- Gürcüstan kimi Azərbaycandan resursları qat-qat az olan bir ölkədə Rusiya bütün hədə-qorxularına baxmayaraq, etdiyindən artıq bir şey edə bilmədi...

R.Arifoğlu:
- Amma dəyişdi hakimiyyəti...

“Moskvada yeni yaranmış diaspor təşkilatı da bir mesajdır ki, biz başqa qərarlar da qəbul edə bilərik”

İsa Qəmbər:
- Yox. O fikirlə mən razı deyiləm. Ona da qayıdarıq. Hakimiyyət xalqa arxalanmalıdır. Xalqa arxalanan hakimiyyət bütün xarici təhdidlərin, həm real təhdidlərin, həm də imitasion təhdidlərin qarşısında durmağa qadirdir. Azərbaycandakı iqtidar xalqa əsaslanmır. Məsələn, bir körpü təsəvvür edin. Köhnə, qədimi körpülərin hamısı torpağa əsaslanan körpülər olub. Xudafərin körpüsünü yada salın ki, indiyə qədər əsrlərin zərbələrinə baxmayaraq, çökməyib, dayaqları möhkəmdir. Çünki onun fundamenti də, əsaslandığı hər şey də torpaqdır. Müasir körpülər də var - kanatlarla, yoğun “tros”larla asma körpülər adlanırlar; onlar da etibarlıdır. Amma onların torpaqda əsası yoxdur və “tros”lardan bir-ikisi kəsilsə, o körpü ya dağılacaq, ya da işləməyən hala düşəcək. Həmin qaydada Azərbaycan hakimiyyətinin kökü xalqda deyil. Hakimiyyət, Əliyevlər rejimi məhdud sayda ölkədaxili qüvvələrin və geniş sayda da xarici qüvvələrin çox mürəkkəb danışıqları, razılaşmaları, sazişləri əsasında formalaşan, xaricdəki iplərdən asılı olan əndirəbadi bir hakimiyyətdir. O iplər kəsiləndə, ipli körpülər kimi, təhlükəli vəziyyətə gəlməyə başlayır. İndi o iplər kəsilməyə başlayır, yaxud da xəbərdarlıq olunur ki, kəsiləcək.

“Rusiyanın indiki hakimiyyəti ilə Azərbaycandakı hakimiyyət arasında kifayət qədər ciddi problemlər var”

Bilirsiniz ki, hakimiyyətin bu gün Amerika ilə, Avropa ilə kifayət qədər ciddi fikir ayrılıqları var. Rusiya ilə, İranla çox ciddi problemləri var. Türkiyə ilə ciddi problemləri mövcuddur. Bu hakimiyyət də, dediyim kimi, xarici iplərdən asılı bir hakimiyyətdir. O iplər kəsilməyə başlayanda bu hakimiyyət bütün müvazinətini itirəcək. Rusiya və bu hakimiyyət amilinə gəldikdə isə, təbii ki, Rusiya ilə Azərbaycan arasında da müəyyən real problemlər var, eyni zamanda Rusiyanın indiki hakimiyyəti ilə Azərbaycandakı hakimiyyət arasında kifayət qədər ciddi problemlər var. Bu, şəxsi zəmində də mövcud olan problemlərdir; Putin-Əliyev məsələsi “Vikileaks” mətnlərindən də hər kəsə bəllidir. Amma burda daha ciddi məsələ var. Daha ciddi məsələ odur ki, diqqət edirsinizsə, bu günə qədər də İlham Əliyev 2013-cü il prezident seçkilərində iştirak edəcəyini bəyan eləməyib. Deməli, bəyan edə bilmir, əmin deyil, qərarı yoxdur, arxayın deyil. Bu şəraitdə ən müxtəlif versiyalar müzakirə olunur. Aydın məsələdir ki, Azərbaycanda marağı olan ciddi qüvvələr də burdakı növbəti hakimiyyət barədə düşünürlər. Məncə, Rusiyada yeni yaranmış diaspor təşkilatı da bir növ mesajdır ki, biz başqa qərarlar da qəbul edə bilərik. Onlar İlham Əliyev olmayacağı halda, ən azı Rusiya üçün ondan daha pis olmayan bir prezident arzusundadırlar, axtarışındadırlar. O təşkilatın yaranmasının versiyaları arasında mən bu versiyanı kifayət qədər real hesab edirəm ki, həmin təşkilat Azərbaycan cəmiyyətinə mesaj vermək üçündür ki, bizim üçün Əliyev hakimiyyəti yeganə variant deyil. Əliyev rejiminin özünə mesajdır ki, biz sənin ipini kəsə bilərik. Və dünyaya mesajdır ki, bizim başqa yanaşmalarımız da ola bilər. Eyni zamanda, dediyim kimi, İlham Əliyevdən fərqli kimi hakimiyyətə gətirmək mümkündür ki, o ən azı Rusiya üçün İlham Əliyevdən daha pis fiqur olmasın.

R.Arifoğlu:
- Fəaliyyətinin və ideologiyasının əsasını rus işğalına, Rusiyanın Azərbaycanla bağlı tarixdəki mürtəce roluna, bolşevik-kommunist diktaturasına qarşı mübarizə təşkil edən Müsavatın bu epizoda münasibəti necədir? Son faktlarla bağlı Rusiyaya bir simpatiya yaranıb? Yoxsa tam tərsinədir, narahatçılıqlar davam edir?

İsa Qəmbər:
- Sizin də qeyd etdiyiniz kimi, Müsavat Partiyası heç zaman Rusiyaya qarşı olmayıb və ola da bilməz. Məhəmməd Əmin Rəsulzadənin də əsərlərində heç vaxt Rusiyaya qarşı çıxışlar olmayıb. Bütün çağırışlar bolşevizmə, sovet hakimiyyətinə qarşı olub. Təbii ki, biz totalitar düşüncənin, Azərbaycana öz müstəmləkəsi kimi baxan düşüncənin əleyhinə olmuşuq. Yenə də həmin mövqedəyik. Müstəqilliyimizi bərpa etməyimizdən 21 il keçib. Bu müddətdə, hər halda, müəyyən dəyişən şeylər var. Artıq hər kəsə bəllidir ki, Azərbaycanın yenidən Rusiyanın əsarətinə keçməsi mümkün olan məsələ deyil. Sadəcə, Rusiyanın Azərbaycanda təsirinin artması və azalması nəzəri cəhətdən müzakirə oluna bilər. Mən əminəm ki, bu proses də azalan xətlə gedir. Rusiya əvvəl-axır razılaşacaq ki, Azərbaycanla da, digər cümhuriyyətlərlə də normal, qarşılıqlı faydalı qonşuluq münasibətlərinə keçmək lazımdır. Onun başqa variantı yoxdur. Mən Rusiyanın Azərbaycanı yenidən öz müstəmləkəsinə çevirə biləcəyini nəinki mümkün hesab eləmirəm, düşünürəm ki, Rusiyada da kifayət qədər ağıllı, səviyyəli siyasətçilər var ki, heç bu cür xam xəyallara düşməzlər. İndiki halda isə bizim bu məsələyə münasibətimiz onların konkret addımlarından asılı ola bilər. Onlar hələlik iddia edirlər ki, biz Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə bağlı yaranmışıq. Heç kim buna inanmır, ancaq hər halda, iddia etdikləri budur. Sonrakı addımları nə olacaq, onlara baxıb, uyğun münasibətimizi formalaşdıracağıq. Ən azı, biz Azərbaycanda siyasətimizi başqalarının atdığı addımlara uyğun şəkildə atmaq fikrində deyilik. Bizim öz siyasətimiz, öz yanaşmamız var. Başaqlarının atdığı addımları da nəzərə alırıq, hesablarımızda var ki, filan qüvvə bu işi gördü və filan işi görmək fikrindədir. Onların atdığı addımlar bizim mövqeyimizə həlledici şəkildə ciddi təsir edə bilməz.

R.Arifoğlu:
- Siz dediniz ki, “Milyarderlər ittifaqı”nın yaranması həm də mesajdır. O mesajları verənlərin Azərbaycan müxalifəti ilə bağlı rəsmi və ya qeyri-rəsmi, gizli və ya yarıgizli hansısa təmasları olubmu?

“Bizim dünyanın əsas qüvvə mərkəzlərinin hamısı ilə kifayət qədər ciddi təmaslarımız var”

İsa Qəmbər:
- Müsavat Partiyasının kifayət qədər böyük beynəlxalq nüfuzu və əlaqələri var. Bizim dünyanın əsas qüvvə mərkəzlərinin hamısında bu və ya başqa şəkildə, bu və ya başqa miqyasda kifayət qədər ciddi təmaslarımız var. Amma özünüz ağzınızda “Milyarderlər ittifaqı” deyirsiniz. Müsavat Partiyası heç zaman əsas arqumentləri pul olan qüvvələrə birinci yaxınlaşmayıb. Onlara nə vaxt lazımdır, nə vaxt yaxınlaşacaqlar, biz də təkliflərinə diqqət eləyəcəyik. Bizim dünyadakı ciddi qüvvə mərkəzləri ilə heç bir əlaqəmizin olmadığını güman eləmək çox sadəlövh yanaşma olardı. Sadəcə olaraq, yenə də fikrimi təkrar eləmək istəyirəm ki, Müsavat Partiyası hər zaman xalqına, özünə inanan bir qüvvə olub. Biz heç zaman, xüsusən də pullu adamlara birinci müraciət eləməmişik. Onlar istəyiblərsə, müraciət ediblər, biz də baxmışıq ki, nə deyirlər. Ağıllı söz deyiblərsə, diqqətə almışıq, mənasız söhbət edirlərsə, diqqətə almamışıq.
(Buraya qədər sualların əksəriyyətini Rauf Arifoğlu verib.)

Nazim Sabiroğlu:
- Puldan söz düşmüşkən, bir məsələ ortaya çıxıb. Milyarder İvanişvilinin hakimiyyətə gəlməsindən sonra belə bir rəy var ki, pulsuz müxalifətin hakimiyyətə gəlməsi mümkün deyil. Azərbaycan müxalifətinin də məlumdur ki, pulu yoxdur...

İsa Qəmbər:
- Azərbaycan müxalifəti ümumiyyətlə ümumdünya fenomenidir ki, neçə illərdir pul olmadan mövcudluğunu və mübarizəsini davam elətdirir. İvanişviliyə gəldikdə, mən onu Rusiya layihəsi hesab eləmirəm. Kifayət qədər fərqli situasiyadır. İvanişvili haqqında jurnalistlərə məsləhət görərdim ki, onun özünə çıxıb özündən bir müsahibə alsınlar. Suallarını birbaşa ona verib, cavablar alsınlar. Çətindirsə, onun yaxın silahdaşlarına çıxmaq olar və biz də bu istiqamətdə sizə dəstək verə bilərik. İvanişvili Rusiya vətəndaşlığından çoxdan çıxıb; Gürcüstana köçüb gəlib və 2003-cü ildən bəri Saakaşviliyə dəstək verən bir adamdır. Saakaşvilinin islahatlarının əksəriyyətinin maliyyə təminatını o həyata keçirib. Yalnız 2008-ci ildən sonra Saakaşvili ilə İvanişvili arasında münasibətlər korlanıb və İvanişvili də bir qədər fikirləşdikdən sonra siyasətə gəlmək qərarını verib və bu, onda uğurlu alınıb. Gürcüstan siyasətini az-çox bilirəm, məsələnin maraqlı cəhəti ondadır ki, o koalisiyanın əsasını İvanişvilinin qüvvələri ilə Respublikaçılar Partiyası - bizim müttəfiqlər təşkil edib. Bizim müttəfiqlər Gürcüstanda çox sayılan, hörmət edilən bir partiyadır, ancaq eyni zamanda böyük elektoral dəstəyi yox idi. Amma İvanişvili özü Respublikaçılar Partiyası olmadan seçkiyə girərdisə, bəlkə uğurunun 10-dan birini də qazana bilməzdi. Çünki koalisiya qəribə bir şeydir. Həmişə koalisiya haqqında, parçalanmama haqqında danışırlar ki, bu bir sirri-xudadır. Bunun xüsusi tədqiqatlara ehtiyacı var. İvanişvili sadəcə gəlib desəydi “Mən pulluyam, gürcü xalqını xilas eləmək istəyirəm”, ona bəlkə də gürcü seçiciləri səs verməzdilər. Amma gürcü seçicilərin inandığı təmiz, mənəviyyatlı adamlar, intellektual dairələr İvanişvili ilə bir araya gələndən sonra o qüvvə cəmiyyətin bütün təbəqələrində etimad qazanmağa başladı və uğur əldə etdi. Tam əminliklə deyirəm ki, İvanişvili Gürcüstanda hörmət qazanmış partiyalar olmadan indiki uğuru qazana bilməzdi. Bizim isə ya bədbəxtliyimiz, ya da xoşbəxtliyimiz ondan ibarətdir ki, həmin o “Milyarderlər ittifaqı” ilə bağlı olan şəxslər də bildirirlər ki, hələlik belə bir İvanişvili görünmür üfüqdə. Hardadır belə bir adam?

Xalid Kazımlı:
- Türmədə.

İsa Qəmbər:
- Kimdir?

X.Kazımlı:
- Məsələn, Fərhad Əliyev ola bilərdi.

İsa Qəmbər:
- Biz Müsavat olaraq ölkəmizdə iqtisadi azadlıqları, azad iqisadi rəqabəti, normal iş adamlarını hər zaman dəstəkləmişik. Amma təəssüf ki, Azərbaycanın zəngin adamları ancaq maliyyə imkanları sıfıra enəndən sonra müxalifətə yaxınlaşırlar. Ondan sonra da müxalifətə izah eləməyə başlayırlar ki, siyasəti nə cür qurmaq lazımdır. Ancaq zəngin olduqları vaxt yadlarına düşmür ki, bu ölkəni dəyişmək istəyirlərsə, öz bizneslərinə, mülkiyyətlərinə qanuni təminat istəyirlərsə ciddi siyasi qüvvələrlə, cəmiyyətdə nüfuzu olan qüvvələrlə əməkdaşlıq olmadan ölkədə müsbət dəyişikliklərə nail ola bilməzlər.

R.Arifoğlu:
- Yəqin ki, “Milyarderlər ittifaqı”nın tərkibini təhlil eləmisiniz. Abdullətifovun orada olmasının mənası nədir? Bu gün yayılan “Dağıstanda ”Milyarderlər ittifaqı"nın filialı yarandı" informasiyası ilə onun bir bağlılığını görürsünüzmü?

...

(Davamı gələn sayımızda)

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR