İnsanlara hürriyət, millətlərə istiqlal!

AİDA QƏMBƏR AD GÜNÜNDƏN VƏ OĞLUNUN HƏBSİNDƏN DANIŞDI

12354 24.10.2012 17:59 Bizim qonaq A A

- Aida xanım, ad günü əhvalındasınız? Birinci onu soruşum...

- Elə bil adi ad günləri kimi. Açığını deyəcəm, ad günlərindən xoşum gəlir. Onu qeyd etmək xoş olur mənimçün. Xüsusi şəkildə və ya təmtəraqla qeyd etməsəm də çalışıram adi günlərdən seçilsin.

- Adətən biz qadınlar üçün ad günü müəyyən yaşdan sonra kədər gətirir həm də. Yaşlanmaq zərif cinsin kabusudur. Belə başa düşürəm, siz bu məsələdə istisnalardansınız...

- Bu barədə fikirləşmək istəmirəm. Allah verən yaşdır. Xoşumuza gəlsə də, gəlməsə də təqvim öz sözünü deyir. Təbii prosesdir. Onun ləzzətini də dadmaq lazımdır. Əsas odur ki, bu, kompleks yaratmasın. Adi yanaşmaq lazımdır: yaşımızın üstünə bir yaş gəlir. Dünən gecə saat 12-ni keçən kimi birinci məni İsa bəy və oğlum İlkin təbrik etdi. İlkin dedi ki, nəhayət, 26 yaşın oldu (gülümsünür). Belə çox xoşdur. Heç bir kompleks də keçirmirəm.

- O zaman soruşanlara yaşınızı da deyirsiniz...

- Onu söyləməyə ehtiyac duymuram. Bunu məndən soruşan olanda deyirəm, neçə yaş verərsiniz. Adam var ki, xoş söz demək istəyir, onda yaşımı azaldır. Mən də deyirəm, məni hansı yaşda görürsünüzsə, o yaşdayam.

- Bəs hədiyyə baxımından? Ad günündə qəbul etmək istədiyiniz hədiyyələr nədir deyə soruşsam...

- Ürəkdən gələn kiçik hədiyyə də olsa çox xoş olur. Bilirəm ki, bu adam məni ürəkdən təbrik edir, sayır, seçir. Yadındadır ki, bu gün mənim ad günümdür. O, çox dəyərlidir mənimçün.

- Bəs İsa bəyin hədiyyə seçimi necə olur?

- Hər il müxtəlif formalarda olur. Xoş sözlərlə, müxtəlif hədiyyələrlə. Hərdən ad günlərimdə ölkədə olmur. Elə olanda da dərhal məni arayıb təbrik edir. Deyir, qayıdan kimi ad gününü qeyd edəcəyik. Elə il olmayıb ki, İsa bəy bunu unutsun, ya da diqqətsizlik etsin.

- Yəqin bu tarix həm də yadınızda Turqutun həbs günü kimi qalacaq...

- Dünəndən facebook vasitəsilə yüzlərlə insan təbrik edib. Yaxın adamlar, qohumlar, çoxsaylı tələbələrim, keçmiş tələbələrim, müsavatçılar, əqidə yoldaşlarımız, jurnalistlərimiz. Çox təşəkkür edirəm hamısına. Turqutun dostlarından biri yazdı ki, belə bir gündə oğlunuzun həbsi heç yaxşı iş olmadı. Dedim ki, bu “hədiyyə” yaddaqalan olacaq. Gələn ad günlərində də yadımda qalacaq. Hətta zarafatla yazdım ki, ad günümü yadımdan çıxarmayacaqları üçün onlara minnətdarlıq məktubu da göndərmək istəyirəm. O ki qaldı bu həbsi gözləyib-gözləməməyimə, adam hər vaxt gözləyir. Çünki bu, Azərbaycandakı bütün gənclərin və gənc olmayanların, mübariz insanların başına gəlib. Turqut da birinci dəfə deyil ki, bununla üzləşir. Dəfələrlə saxlayıblar. Müəyyən saatlar saxlanıb. Qobustana da aparıblar. Amma 7 sutkalıq həbsi ilk dəfədir. Hamı necə, o da elə. Mən onu digər mübariz gənclərdən ayırmıram. Bu hadisəni də fövqəladə hal kimi qəbul etmək istəmirəm. Turqut da bu yolu davam edir.

- İlk dəfədir həbsi. Hər dəfə aksiyaya gedəndə bu ehtimalı düşünürdünüzmü?

- Aksiya günü qapıdan çıxanda iş görürdüm. Dedi, sağ ol, getdim, qapını bağla. Ondan bir gün əvvəl yaxın dostunun toyunda idi. Gənclərin arasında deyib-gülmək, şəkil çəkdirməklə bir xoş gün keçirmişdi. Bir gün sonra isə belə bir hadisə baş verdi. Bu dəfə evdən çıxanda nəsə... (düşünür). Demirəm ki, həbs olunacağı ürəyimə dammışdı. Amma hər halda, xoş olmamışdı. Bunu sözlə demək çətindir.

- Evdə əhval necədir? İsa bəylə bu barədə danışırsınızmı? Başqan nə düşünür bu haqda?

- Təxminən başqan da mənimlə eyni cür düşünür. Deyir ki, onun oğlu da mübarizədə digər gənclər kimi, əqidə yoldaşları kimi olmalıdır, istisna etmək olmaz. Hamı özünə görə uşaqdır, hamının da valideynləri var. Mübariz insanların taleyində bu kimi həbslər var və olacaq.

- Aida xanım, universitetdə işləriniz necədir? Müxalifətçilərlə eyni ailədə olmaq iş yerində sizə problem yaratmır?

- Çalışıram ki, iş yerində boynuma düşən vəzifələri layiqincə və professional səviyyədə yerinə yetirim. Onlara yaxşı dərs keçim, nəsə öyrədim. Bu məsələlərdə can ürəkdən yanaşıram. O ki qaldı məsələnin o biri tərəfinə, hamıya öz təzyiq forması tətbiq olunur. Yəqin hamı bilir: doktorluq dissertasiyası məsələm 2004-cü ilin aprelindən həll olunmamış qalır. Müdafiəmə imkan vermirlər. Bu, geniş mənada haqsızlıqdır. Bunu artıq hamı bilir. Digər təzyiq forması bundan savayı olmayıb.

- Yəqin bugünlərdə sizə çox adam çox arzular deyib. Bəs siz özünüzə nə arzulayırsınız?

- İlk növbədə cansağlığı. İllər boyu ətrafımda olan adamlar, ailə üzvlərim, o amallar uğrunda ki, vuruşurlar, can qoyurlar, Azərbaycanın azad, firavan olmasını arzulayırlar, onların arzusunun çin olmasını istəyirəm. Bütün insanların nə ki arzusu var, onlara çatsınlar.

- Adətən analar, xüsusən də oğlan anaları arzularının siyahısına oğlanlarının evlənməsini, evə gəlin gətirmək, nəvə görmək kimi “punktları” da daxil edirlər. Sizdən bunu eşitmədim...

- Bu, onların öz seçimi olmalıdır. Çox adam soruşur ki, oğlanlar nə vaxt evlənəcək. Həmişə deyirəm, mənə nə vaxt desələr ana, adət-ənənəyə uyğun addım at, mən də onda həmin addımı atacam. Onların şəxsi işlərinə qarışmıram. Çünki mən həyat yoldaşımı özüm seçmişəm. Məni də seçiblər. Ən uyğun olanı budur. Hərə öz gələcək ömür yoldaşını özü seçməlidir.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR