İnsanlara hürriyət, millətlərə istiqlal!

“2013-cü İL PREZİDENT SEÇKİSİNDƏ İŞTİRAK ETMƏK VƏ QALİB GƏLMƏK ƏZMİNDƏYƏM”

6541 18.11.2012 09:53 Bizim qonaq A A

(əvvəli ötən sayımızda)

Rauf Arifoğlu:
- Xalqın fəallığı, xarici faktorların hakimiyyətin xeyrinə olub-olmaması, müxalif qüvvələrin dəyişikliklərə hazırlığı baxımından göstəricilər necədir?

“Bu günə qədər olandan daha ciddi və daha prinsipial qərarlar qəbul edilməsi ərəfəsindəyik”

İsa Qəmbər:
- Kifayət qədər geniş cavab tələb edən sualdır. Bu gün bütün şərtlərin toplusunu götürəndə Azərbaycanda yaxın zamanlarda dəyişikliyin real olduğu qiymətini verərdim. Yəni tutaq ki, bu gün cəmiyyətdə fəallıq biz arzu eləyən istiqamətdə deyil. Amma bilirik ki, cəmiyyətdə hakimiyyətdən narazılıq həddindən artıq yüksəkdir və bütün cəmiyyəti əhatə edir. Yaxud biz bilirik ki, hazırda Azərbaycanda siyasi qüvvələrin konsolidasiyası istiqamətində, prinsipial strateji qərarlar qəbul etmək istiqamətində müəyyən addımlar olub, amma bu addımlar davam eləməlidir. Mən bilirəm ki, bu günə qədər olandan daha ciddi və daha prinsipial qərarlar qəbul edilməsi ərəfəsindəyik biz. Yəni bir çox parametrlərlə baxanda heç biri məni yüzdə-yüz qane eləmir, amma bu göstəricilərin toplusu ölkədə dəyişikliklərin real olduğundan, özü də ən qısa zamanda real olduğundan xəbər verir. Mən hətta 2012-ci ildə də dəyişikliklərin başlanacağı ehtimalını istisna eləmirəm. Hələ ay yarım zaman var və özünüz görürsünüz ki, hər həftənin bir xəbəri olur. Çox qəribə proseslər gedir Azərbaycanda və Azərbaycanın ətrafında. Eyni zamanda təbii ki, biz bu fəaliyyətimizi davam etdirməklə yanaşı, prezident seçkisi istiqamətində də diqqətimizi artırmaq zorundayıq.

Azər Rəşidoğlu:
- 2013-də 10 il əvvəlki hadisələr təkrarlana bilərmi? Tutaq ki, xalq müxalifətin namizədinə səs verir, hakimiyyət isə gücdən istifadə edib etirazları yatırır, beynəlxalq aləm isə susqunluq nümayiş etdirir.

“2013-cü ildə beynəlxalq birliyin susqunluq ifadə eləməsini indidən istisna edirəm”

İ.Qəmbər:
- Nəzəri cəhətdən heç bir ehtimalı kənara qoymaq olmaz. Amma 2013-cü ildə beynəlxalq birliyin susqunluq ifadə eləməsini mən indidən istisna edirəm. Bu, mümkün deyil. Çünki əvvəla şərtlər, beynəlxalq şərait 2003-cü ildəki kimi deyil, dəyişib. İkincisi, bu gün hətta beynəlxalq təşkilatların liderləri, böyük dövlətlərin aparıcı şəxsləri öz maraqları naminə susqunluq ifadə etmək istəsələr belə, onların xalqları, vətəndaş cəmiyyətləri, mediası buna imkan verməz ki, onlar avtoritar hakimiyyətlərin öz xalqına qarşı cinayət etməsinə göz yumsun. Artıq 2003-cü il deyil. Bu baxımdan əminəm ki, susqunluq olmayacaq. 2003-cü ildəki xalq coşqusunu, möhtəşəm seçki kampaniyasını və seçkidə müxalifətin qələbəsini təkrar etmək mümkündürmü? Artıqlaması ilə mümkündür. Bu gün daha güclü seçki kampaniyası aparmaq, daha fərqli bir qələbə qazanmaq üçün şərtlər imkan verir.

A.Rəşidoğlu:
- Nəzərə alaq ki, seçkini yenə Məzahir Pənahovun sədrlik etdiyi MSK keçirir. Gülər Əhmədovanın təbiri ilə desək, kimin necə səs verdiyinin əhəmiyyəti yoxdur. Bütün bu amillər nəzərə alınırmı?

“Tamamilə mümkündür ki, hətta rejimin, nomenkulaturanın adamları da mövqelərini dəyişib xalqın tərəfinə keçməyə məcbur olacaqlar

İ.Qəmbər:
- Təbii ki, nəzərə alınır. O istiqamətdə də fəaliyyət göstəririk. Amma bir həqiqət də var ki, proses normal gedəndə ayrı-ayrı şəxslərin verəcəkləri qərarlar onların əvvəlki qərarlarının təkrarı yox, yeni şəraitə uyğun olması ehtimalı da kifayət qədər böyükdür. Biz seçki şəraitinin demokratikləşməyi uğrunda, seçki komissiyalarının yenidən qurulması uğrunda mübarizə aparırıq. Çalışacağıq ki, seçkiyə qədərki müddətdə kifayət qədər ciddi dəyişikliyə nail olaq. Amma istənilən şərtlərdə mübarizə zəruridir və biz mübarizəni aparacağıq. Elə situasiya ola bilər ki, nəyisə dəyişə bilməzsən, ancaq son anda həmin o dəyişməyən subyekt özü dəyişməyə məcbur olar. Reallıqların təsiri altında obyektiv, düzgün mövqe ortaya qoymağa məcbur qalar. Mən bugünlərdə bir sənəd axtarırdım və arxiv şəkillərini gördüm. Şəkillərin birində keçmiş MSK sədri Cəfər Vəliyev Əbülfəz Elçibəyi prezident seçilməsi münasibətilə təbrik edib ona prezidentlik vəsiqəsini təqdim eləyirdi. Yəni tamamilə mümkündür ki, hətta rejimin, nomenkulaturanın adamları da mövqelərini dəyişib xalqın tərəfinə keçməyə məcbur olacaqlar. Bu, kifayət qədər ciddi ehtimaldır.

A.Rəşidoğlu:
- Normal seçki mühiti yaradılmayacaqsa, seçkini boykot taktikasına baxıla bilərmi?

İ.Qəmbər:
- Bu məsələ kifayət qədər aktiv şəkildə müzakirə olunan bir mövzudur və zahirən məntiqli görünür ki, seçki mühiti demokratikləşməyəcəksə, seçkidə iştirak eləməyin anlamı nədir. Biz elə bunu nəzərə alaraq İctimai Palata yaranandan bəri ölkədə köklü demokratik dəyişikliklər uğrunda mübarizə aparır. Amma hələlik şərtləri demokratikləşdirmək mümkün olmayıb. Bu, o deməkdirmi ki, biz seçkidən imtina eləyək? Qətiyyən yox. Əksinə, mən seçkidə iştirakı demokratik şəraiti yaratmaq uğrunda mübarizənin tərkib hissəsi hesab edirəm. Seçkidə iştirak özü vəziyyəti dəyişmək üçün əlavə resurslar, imkanlar, cəmiyyətə əlavə təkanlar verir. Ona görə də mən heç bir nəzəri versiyanı istisna eləmirəm. Versiyalar bilirsiniz ki, çoxdur-müxalifətin vahid namizədi, İctimai Palatanın vahid namizədi, üçüncü namizəd, ziyalıların namizədi. Bunların heç birini istisna eləmirəm. Hətta bu günə qədər deyilməyən versiyaları da istisna etmirəm. Elə bir şərait yarana bilər ki, heç kimin bu günə qədər demədiyi bir versiya inandırıcı olar, cəmiyyət üçün, bizim üçün məqbul olar və onu qəbul edərik. Ancaq bu günə İsa Qəmbər olaraq mənim qərarım prezident seçkisində iştirak etməkdir. 2013-cü il prezident seçkisində iştirak etmək və qalib gəlmək əzmindəyəm. Ölkədəki köklü demokratik dəyişikliklər istəyən insanlardan ibarət komanda formalaşdırıb bu ölkənin problemlərini həll etmək əzmindəyəm. Mənim bugünkü qərarım budur.

R.Arifoğlu:
- Komandada indiki hakimiyyətdə təmsil olunan şəxslərin də olması mümkündürmü?

“Bugünkü hakimiyyətdə təmsil olunan şəxslərdən də kimlərinsə mənim komandamda təmsil olunmasını istisna eləmirəm”

İ.Qəmbər:
- O komandada müsavatçılar olacaq, bizim müttəfiqlərimiz cəbhəçilər və digər demokratik qüvvələr, heç bir partiyada təmsil olunmayan mütəxəssislər olacaq. Eyni zamanda bugünkü hakimiyyətdə təmsil olunan şəxslərdən də kimlərinsə orada təmsil olunmasını istisna eləmirəm. Bu, artıq prosesin gedişinə, həmin şəxslərin davranışına və sair şərtlərə bağlı bir məsələdir.

A.Rəşidoğlu:
- Maliyyə amnistiyasının verilməsinə necə baxırsınız? Siz hakimiyyətə gələrsinizsə, indiki oliqarx məmurların əmlaklarının toxunulmazlığı təmin edilə bilərmi, yoxsa məmurlar qorxsunlarmı?

İ.Qəmbər:
- Bu, çox önəmli bir sualdır. Sadəcə olaraq, mənim qeyd eləmək istədiyim bir məqam var ki, axı biz bu məsələyə münasibət bildirmişik. İctimai Palatanın “Demokratiyaya keçidin Yol Xəritəsi”ndə bu məqam verilib ki, biz xüsusi hallar istisna olunmaqla, konkret sübut olunmuş cinayət halları istisna olunmaqla maliyyə amnistiyası elan etmək fikrindəyik. Bu mövqe Müsavat adından və İctimai Palata adından bildirilib. Əslində 2003-cü ilin oktyabrı ərəfəsində də mən buna yaxın bir mövqeni ifadə eləmişdim. Demişdim ki, 15 oktyabrda əvvəlki tariximizin mənfi məqamları ilə bağlı faktların üzərindən qalın bir xətt çəkəcəyik və yeni bir dönəm başlayacaq. Azərbaycanda real demokratiyanın inkişafı üçün tarix başlayacaq. İndiki halda da Yol Xəritəsində o məqam göstərilib. Təbii ki, bu mövqe cəmiyyətdə o qədər də populyar mövqe deyil. Amma biz əgər Azərbaycanda dəyişikliklərin dinc yolla getməsini, normal bir prosesin getməsini istəyiriksə, təbii ki, biz bilavasitə sübut olunan cinayət halları istisna olmaqla, qalan hallarda maliyyə amnistiyası verməliyik. Bu, Müsavatın da, İctimai Palatanın da mövqeyidir.

R.Arifoğlu:
- Bəzi təhlilçilər qeyd edirlər ki, xarici faktorlar hakimiyyəti təmsil edənlərin qarşısında dəyişiklik məcburiyyətini yaradır, amma Azərbaycan xalqının fəallıq imkanları və əmsalı lazım olan səviyyədə deyil. Xalqın virtual səhnədən, real siyasət səhnəsinə keçməsi ilə bağlı bir problem yaşanır. Bir müddət öncə siz də demişdiniz ki, hamı dəyişiklik istəyir, amma hamı istəyir özü bu prosesdə iştirakçı olmasın, seyrçi olsun. Bu müşahidədə dəyişən məqam varmı? Azərbaycan xalqının öz taleyini, hakimiyyətini dəyişmək, yaxud başqa yollarla müəyyən etmək istiqamətində inkişafından söz etmək olarmı? Necədir, bu dəqiqə Azərbaycan xalqının siyasi dəyişikliklərə və orada iştiraka münasibəti?

İ.Qəmbər:
- Çox önəmli sual verdiniz təşəkkür edirəm. Dəyişiklik var. Birincisi, xalq, cəmiyyətin əsas qüvvələri artıq başa düşür ki, əgər dəyişiklik istəyiriksə, bunu biz etməliyik. Artıq başa düşüblər ki, evdə oturub ölkədə köklü dəyişiklikləri TV-də müşahidə eləmək real variant deyil. İkincisi, mən hiss edirəm ki, cəmiyyət bu gün kütləvi xalq hərəkatına hazır vəziyyətdədir. Hansısa bir məqamı gözləyirlər. O məqamla bağlı bizim çoxlu söhbətlərimiz olub. O məqamın nə şəkildə yetişə biləcəyi ilə bağlı, bizim o məqamı yaxınlaşdıra biləcəyimizlə bağlı müəyyən fikirlərimiz var. Hesab edirəm ki, çox az qalıb həmin məqama.

R.Arifoğlu:
- Bu dəyişikliyin təşkilatı nə olacaq? İctimai Palatamı, Müsavatmı? İctimai Palatanı 2013-cü il prezident seçkilərində əsas təşkilat eləmək mümkün olacaqmı? Yoxsa, başqa bir model olacaq?

İ.Qəmbər:
- Əvvəlki suallara cavab verərkən bunun bəzi məqamlarına toxundum ki, biz 2010-cu ilin sonlarında İctimai Palatanı yaradarkən onun qarşısında köklü demokratik dəyişikliklərə nail olmaq kimi ciddi bir hədəf müəyyənləşdirmişdik. Eyni zamanda konkret hədəfimiz mövcud parlamentin buraxılıb yeni parlament seçkisinin keçirilməsi idi. İki illik mübarizə müddətində çox uğurlar əldə olundu. Amma köklü hədəflərə nail olmamışıq. İstər-istəməz, öncə də dedim, nə qədər hesab etsək də ki, parlament seçkisi keçirmək daha düzgün olardı, prezident seçkisi yaxınlaşır və onun məntiqi dalğası artıq ictimai rəyə və bütün siyasi qüvvələrin davranışına hakim olmaqdadır. Bu məqamı qeyd edim ki, yenə də az da olsa zaman var. Əgər bu ilin sonuna qədər mövcud parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi barədə qərar qəbul olunsa, 2013-ün yazında bunu etmək olar. Bu yenə də hesab edirəm ki, Azərbaycan üçün ən düzgün çıxış yoludur...

R.Arifoğlu:
- Siz bunu hakimiyyətə xitabən deyirsiniz?

İ.Qəmbər:
- Mən xalq sözündə deyildiyi kimi sözümü deyirəm, qəbul edən edəcək, qəbul eləməyən də özü bilər, xalqa pislik eləmiş olsa da özünə də pislik eləmiş olacaq. Zaman qalır, yenə də bu barədə düşünməlidir hər kəs. Çünki parlament seçkisi ölkədə islahatlara başlamaq üçün, parlamentdə bütün aparıcı siyasi qüvvələri, bütün zümrələri obyektiv şəkildə təmsil edərək ölkənin problemlərini həll etməyə başlamaq üçün ideal bir istiqamətdir. Bu olsa, bir çox çətinliklərdən, qarşıdurmalardan Azərbaycan cəmiyyəti yayınacaq. Əgər bu olmayacaqsa, çox dəhşətli dərəcədə gərgin il bizi gözləyir. Bəlkə də 2003-cü ilin gərginliyi yaddan çıxacaq 2013-cü ilin gərginliyinin fonunda. İctimai Palata dediyim kimi, prezident seçkisində iştirak məqsədi ilə yaranmayıb. Amma indi o mövzu gündəmə gəlir. Burda da bir sıra məqamlar var. Təcrübədən də bilirik ki, hər dəfə parlament seçkiləri ərəfəsində Azərbaycanın aparıcı siyasi qüvvələri birliyə meyl edib, prezident seçkiləri ərəfəsində isə bu birlik meylləri zəifləyir və mərkəzdənqaçma qüvvələri artır. Bunun da konkret səbəbləri var. Səbəblərdən ən üzdə olanı ondan ibarətdir ki, parlamentdə 125 yer var və ölkədə fəaliyyət göstərən aparıcı siyasi qüvvələrin bir çox şəxslərini bir araya gətirmək, hər kəsin istədiyi dairədə namizədliyini irəli sürmək kimi şanslar yaranır və sair. Prezident seçkisində isə bir şəxsin namizədliyindən söhbət gedir və ona görə də burda birlik yaratmaq vəzifəsi daha çətin, daha məsuliyyətli bir işə çevrilir. Ona görə də İctimai Palatanın da fəaliyyətində elə bir məqam gəlib çatıb, təsadüfi deyil ki, islahat çağırışları artıb. Bu günlərdə də Koordinasiya Şurasının iclasında İctimai Palatada struktur dəyişiklikləri barədə islahat paketi hazırlamaq qərarı qəbul olunub. 2013-də prezident seçkilərində bizim, Müsavatın, demokratik qüvvələrin nə şəkildə iştirak edəcəyi məsələsi də xeyli dərəcədə islahat təkliflərinin müzakirəsinin gedişindən, qəbul edilməsindən və sairdən asılı olacaq. Bunlar bir-birinə kifayət qədər bağlı məsələlərdir. Bu məsələlər bitəndən sonra biz həmin mövzuya qayıda biləcəyik. Amma bir dəfə demişdim, yenə də qeyd eləmək istəyirəm ki, vahid namizəd ideyası çox cəlbedici ideya olsa da əsas namizəd termininin tərəfdarıyam. 2003-cü ildə də mən vahid namizəd deyildim, “Bizim Azərbaycan” blokunun namizədi olaraq demokratik düşərgənin əsas namizədi idim. Yenə də əsas namizəd olmağa mən daha çox üstünlük verirəm, vahid namizəd axtarışlarına baş vurub həlli bəlkə də qeyri-mümkün olan mövzunu canlandırmağa maraq duymuram. Çünki baxın, nə qədər partiyalar var, nə qədər özünü qüvvə mərkəzi hesab edən birliklər var. Bunların hamısının razılığını alıb vahid namizəd müəyyənləşdirmək mümkün olan şey deyil axı. Xüsusən nəzərə alsaq ki, onların arasında fərqlər yalnız siyasi, ideoloji seçimləri ilə bağlı deyil. O qüvvələrin bir çoxu hakimiyyətin, hakimiyyətin müxtəlif qollarının nəzarətindədir. Hətta bəziləri xarici mərkəzlərin nəzarətindədir. Bu qədər müxtəlif mərkəzlərdən idarə olunan qüvvələrin bizim kimi milli qüvvə ilə vahid namizəd mövzusunda söhbətinin nə anlamı var mən onu bilmirəm. Mən vahid namizəd mövzusunu əsas müzakirə mövzusu eləmək istəmirəm sözün doğrusu. Sadəcə, axı obyektiv şəkildə müxalifətin vahid namizədi mümkün deyil.

R.Arifoğlu:
- İctimai Palatanın necə?

İ.Qəmbər:
- İctimai Palata başqa məsələ... Bu variant müzakirə ediləcək.

A.Rəşidoğlu:
- 2003-cü ildə seçki kampaniyasının gedişində açıq göründü ki, müxalifətin əsas namizədi sizsiniz. Vahid namizədi də praymerizlə və ya hansısa şəkildə müəyyənləşdirmək mümkün deyil?

İ.Qəmbər:
- 2002-ci ildə - mən seçkiyə 1 ildən çox qalmış bütün aparıcı siyasətçilərə müraciət elədim ki, gəlin birləşək, vahid namizədi müəyyənləşdirmək üçün müqavilə imzalayaq praymeriz keçirdək, kim praymerizi udsa vahid namizəd olsun, kim ikinci, üçüncü, dördüncü yerləri tutsa əvvəlcədən razılaşdırılmış qaydada vahid komandada yüksək vəzifələrdə olsun. Etibarla üç dəfə görüşdüm, başqaları ilə görüşdüm saatlarla söhbətlərim oldu. Faktiki olaraq, heç kim razılaşmadı. İndi niyə axı mən enerjimi, vaxtımı bu olmayan işə sərf eləməliyəm. Bir halda ki, hansısa partiyanın kifayət qədər tanınmış lideri var və biz də onu müxalifət kimi qəbul eləmək zorundayıq, amma bilirik ki, hakimiyyətin nəzarətindədir, hakimiyyət imkan verməyəcək ki, müxalifətin vahid namizədi olsun. Mən niyə özümü də, o adamı da yormalıyam ki, gəl səninlə bir yerdə vahid namizəd müəyyənləşdirək. Sonda da o adama hakimiyyət deyəcək ki, getmə, o da getməyəcək. Ya hansısa bir adam Rusiyadan, İrandan idarə olunur. Bilirəm ki, məsələn, Rusiya vahid namizəd olmasında maraqlı deyil. Necə ola bilər, o adamla mən vahid namizəd məsələsində razılığa gələm, mümkün deyil axı! Bir bəhanə uydurub razılaşmayacaq.

A.Rəşidoğlu:
- Deməli, bir yol qalır ki, siz deyirsiniz “Mən İsa Qəmbər heç bir halda namizədliyimi geri götürməyəcəyəm, əsas namizədəm”?

(davamı gələn sayımızda)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR