İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr Duqin

8272 20.04.2019 08:30 Müsahibə A A

Kremlin ideoloqu “Yeni Müsavat”ın müxbirinə eksklüziv və sensasion açıqlamalar verdi

Rusiyanın ünlü politoloqu, Avrasiyaçılıq modelinin yaradıcılarından biri olan Aleksandr Duqinin Musavat.com-a eksklüziv müsahibəsinin 2-ci, sonuncu hissəsini təqdim edirik.

( Əvvəli burada )

- “Lavrov planı”na görə, Qarabağın güney sərhədlərini - yəni Azərbaycan-İran sərhədini hansı qüvvələr qorumalıdır?

- Bu, müzakirə ediləcək. İran da bizim müttəfiqimizdir. Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır. Çünki onlar burada yeni konflikt yaradacaqlar. Qarabağ problemini Azərbaycan, Ermənistan, Rusiya, İran birlikdə çözə bilər. Biz üzərimizə yeni öhdəliklər götürmək fikrində deyilik. Rusiyanın məqsədi Güney Qazqazda barışı, balansı, qarşılıqlı münasibətlərin hormoniyasını təmin etməkdir.

- Cənab Duqin, bu plan Rusiya-Gürcüstan münasibətlərinə necə təsir edə bilər? Osetiya və Abxaziya Gürcüstan üçün hələ çözülməmiş münaqişələrdir...

- Rusiya Gürcüstanı əldən vermək istəmir. Bu, birmənalıdır. Çünki biz Gürcüstanı tamamilə əldən versək, oradan terror fəaliyyəti yayılmağa başlayacaq. İndi ABŞ Abxaziya və Güney Osetiyanı gözardı edərək Gürcüstanı NATO-ya çəkmək istəyir. Buna yol vermək olmaz. Gürcüstan ərazisində NATO bazası olsa, bu, Azərbaycanın da, Ermənistanın da, İranın da, Rusiyanın da müstəqilliyinə təhdiddir. Aydındır ki, Rusiya Gürcüstana “Qərbə yaxınlaşma” tələbi irəli sürə bilməz. Ona görə Gürcüstan üçün yeni strategiya yaradılmalıdır. Bu, hər şeydən öncə Gürcüstan üçün də əlverişli olmalıdır. İndi bu strategiya üzərində gərgin iş gedir.

- Qərbin çox cazibədar təkliflərinin qarşısında Rusiya Gürcüstana nələr təklif edə bilər?

-  Hələlik bu haqda açıqlama vermək istəmirəm. Onu deyə bilərəm ki, İvanişvili ilə başlayan və indi də davam edən dönəmdə Rusiya-Gürcüstan münasibətlərində xeyli yaxınlaşma baş verib. Turizm sahəsində əməkdaşlıqlar genişləndirilir, ticarət yavaş-yavaş bərpa olunmağa başlayır. Bizim yaxınlaşma siyasətini davam etdirmək üçün Tiflisə yeni təkliflərimiz olacaq. Haqqında danışdığımız “Lavrov planı”nda Güney Qafqaza kompleks baxış var. Bir məqamı vurğulayım ki, Rusiya Güney Qafqaza tam nəzarəti bərpa etməyə çalışmır.

Ä°lgili resim

Rusiyanın belə bir imkanı yoxdur. İstəyimiz odur ki, bu ərazilər bizimlə düşmən münasibətlərdə olan Qərb dövlətlərinin nəzarətinə keçməsin. Bizə neytral, mehriban qonşuluq münasibətlərində olduğumuz Güney Qafqaz gərəkdir. Ermənistanın İranla yaxşı münasibətləri var, Azərbaycanın İranla yaxşı, Türkiyə ilə daha yaxşı əlaqələri var. Rusiya indi Moskva-Ankara-Tehran siyasi xətti üzərində işləyir. Bu stratejinin hazırlanması və gerçəkləşdirilməsi üçün bizə Güney Qafqaz tam lazımdır. Gürcüstanda bizim pravoslav qardaşlarımız yaşayır, Ermənistan, Azərbaycan, İranla dostluq münasibətlərimizi genişləndirsək, tam bir barış ortamı yarada bilərik. Biz Atlantika faktorunu dəf edə bilsək, region düşüncəmizdəki kimi şəkillənər. Təcrübə göstərir ki, prezident Putin və xarici işlər naziri Lavrov bu məsələləri region dövlətlərinin başçıları ilə masaya yatıranda nəticə əldə etmək çətin olmur. Təki həmin müzakirələrdə pozucu Qərbin təmsilçisi olmasın. Qərb ələ keçirdiklərinin hamısını məhv edir. Bu gün Yaxın Şərqdə bu mənzərə olduqca aydın görünür. Güney Qafqazda hansı respublika Qərbə tamamilə meyllənsə, onu Suriya kimi, İraq kimi tamamilə parçalanma gözləyir. Rusiya buna imkan verməyəcək.

Paşinyan ile ilgili görsel sonucu

- Dedikləriniz Ermənistana da aiddir? Nikol Paşinyan Qərb meyllərini indiki sürətdə davam eləsə, Ermənistan öz müttəfiqi Rusiyanı qarşısında görəcək?

- Rusiya Ermənistanın daxili işlərinə qarışmır. Müşahidə edirsinizsə, biz Paşinyanın hakimiyyətə gəlməsini çox sakit qarşıladıq. Niyə? Çünki söhbət şəxsiyyətlərdən getmir. Biz Sərkisyanı bəyənirik, yoxsa Paşinyan daha çox xoşumuza gəlir - bunun məsələyə heç bir aidiyyəti yoxdur. Bizim işimiz erməni xalqı və Ermənistan dövləti ilədir. Bu xalq bizə dostdur. Bizim dostluğumuz ənənəvidir, biz bu dostluğa sədaqətliyik və belə də davam edəcək. Ancaq biz bu siyasətin qurbanı olmaq istəmirik. Burada bir neçə format var. Əgər Paşinyan onlara əməl etsə, biz onunla dostuq edəcəyik. Bu, çox praqmatik yanaşmadır. Məsələn, günün birində Azərbaycan Moskvadan üz döndərib NATO ilə yaxınlaşma siyasəti yürütsə, aydındır ki, bizim münasibətlərimiz korlanacaq. İlham Əliyev deyir, biz neytralıq, Ermənistan deyir, biz dostuq. Bu bizim üçün yetərlidir. Əgər bunun üzərinə mehriban qonşuluq əlavə olunsa, çox yaxşıdır, gündəmə müttəfiqlik gəlsə, bu ondan da yaxşıdır, müttəfiqlik yoxdur - problem deyil, neytrallıq var - hər şey yolundadır. Bayaq dediyim kimi, əsas odur regiona sabitliyi pozan faktor - Qərb gəlməsin. Bizim üçün prinsipial məqam budur. Güney Qafqazda Rusiyanın maraqlarını nəzərə almadan hərbi bazalar qurmaq mümkün deyil. Biz buna qarşı çıxacağıq. ABŞ “milli maraqlarımıza cavab vermir” iddiası ilə coğrafi mənada özündən çox uzaq ölkələrə qoşun yeridir. Özünü demokratik dövlət adlandırmalarına baxmayaraq, min kilometrlərlə uzaq məsafələrə hərbi müdaxilədən çəkinmir.

“Rusiya Moskva-Ankara-Tehran xətti üzərində işləyir”

Biz başa düşürük, bu, böyük siyasətdir. Xoşumuza gəlməsə də, biz bunu dərk edirik. Rusiya Sovetlər Birliyinin yanlışlarını təkrarlamaq, öz iradəsini başqalarına güc yolu ilə yeritmək istəmir. Moskva çoxqütblü dünyanın tərəfdarıdır. Məncə, region dövlətləri “beyin mərkəzləri” yaradaraq hansı qütbə aid olacaqları üzərində ciddi araşdırmalar aparmalıdırlar. Sovetlər Birliyi varkən bu, daha asan idi. İki qütb vardı - ya kapitalizm, ya sosializm tərəfdarı idin. Ancaq çağdaş dünyada yeni qütblər yaranıb. Çin artıq müstəqil qütbdür. İslam dünyası toparlanmağa çalışsa da ideoloji ayrımçılıq buna imkan vermir, amma İslam dünyası iqtisadi imkanları ilə ayrıca qütbdür. Hindistan da o sıradan. Bütöv Qərb də artıq yoxdur və proseslər bölünmənin daha da sürətlənəcəyini göstərir. Suveren düşünmək gərəkdir - biz harada olmalıyıq, hansı daha əlverişlidir? Bu qərarı yalnız prezidentlər güc strukturlarının rəhbərləri ilə verməli deyillər. Prosesə intellektuallar da qoşulmalıdırlar.

- Paşinyan bir neçə dəfə Rusiya rəhbərliyi ilə görüşüb. Siz Ermənistanın hansı qütbü seçəcəyini təxmin edirsiniz?

- Demək çətindir. Ermənistanda cəmiyyət çox qəlizdir. Amma real intellektual potensialları güclüdür. Bununla belə, iqtidara çox yaxın gəlmirlər. Onlar erməni xalqının maraqlarını çox dəqiq təsbit edirlər. Düşünürəm ki, rasional düşünə biləcəklər. Onların çoxunu şəxsən tanıyıram, yaxşı münasibətlərimiz var. Sözsüz, iqtidara yaxın intellektuallar da var, müxalifətə yaxın olanlar da, müstəqil fəaliyyət göstərənlər də. Ancaq onların hamısını erməni millətçiliyi birləşdirir - özlərini sol, sağ, mühafizəkar, liberal adlandırmalarına baxmayaraq. Onlar arasında Rusiyanın baxışlarını bölüşənlər çoxdur. Biz heç bir ölkədə - nə Ermənistanda, nə Azərbaycanda, nə Rusiyada, nə Türkiyədə rusiyayanlı siyasilər, intellektuallar aramırıq, biz reallığı dəyərləndirə bilənlərlə, konyukturaya bağlı olmayanlarla, demoqogiya ilə, populizmlə məşğul olmayanlarlala işbirliyi qurmaq istəyirik.

dağlıq qarabağ konflikti ile ilgili görsel sonucu

Azərbaycanda da təbii belə insanlar var. Biz hər ölkənin realistləri ilə yaşadığımız coğrafiyanın gələcəyini qurmaq istəyirik. Bayaq dövlətlərarası münasibətləri misal çəkdim, indi də demək istəyirəm ki, erməni millətçiləri ilə dostluğumuz Azərbaycan intellektualları ilə ortaq fikir tapmayacağımız demək deyil. Türklərə görə, kürdlər separatçıdır. Amma biz türklərlə dostluq edəndə kürdlərlə işbirliyini kəsmirik. Rusiyaya bir tərəf üçün oynayan oyunçu kimi baxmaq olmaz. Türklər düşünür ki, biz onlarla dostluğu qüvvətləndirəcəyiksə, kürdlərin başına bomba yağdıracağıq. Belə deyil. Azərbaycanlılarla dostluğumuz da ermənilərlə düşmənçilik mənası daşımır. Ona görə yox ki, biz hiyləgər və ikiüzlüyük. Ona görə ki, bizim missiyamız başqadır. Bu, bizə çevrəmizdəki bütün millətlər və dövlətlərlə özəl münasibətlər qurmağı diktə edir.

- Türkiyə-Rusiya münasibətlərinin gələcəyini necə görürsünüz?

- Hələlik dəqiq heç nə demək mümkün deyil. Əslində Azərbaycanla da münasibətlərimizdə aydın olmayan məqamlar var. Münasibətlər liderlər üzərindədir. Onlardan sonra nələr baş verə biləcəyini proqnozlaşdırmaq çətindir. Ona görə də nə qədər ki, müdrik liderlərin mehriban qonşuluq, işbirliyi niyyətləri qüvvədədir uzunmüddətli hədəflər üzərində düşünmək gərəkdir. Heydər Əliyev möhtəşəm bir strateji yaratmışdı. Azərbaycan bir dönəm onunla uğurlu yol keçdi. Amma zaman dəyişir, yeni reallıqlar ortaya çıxarır. İndi İlham Əliyev Azərbaycanın gələcəyinin təməlini qoymalıdır.

- Tarixi düşmənçiliklər stratejilərin hazırlanmasına nə qədər mane olur?

- Çox. Axı nə qədər Rusiya ilə Türkiyə arasında neçə müharibə olduğunu saymaq olar? Ruslar gəldi işğal etdi, sonra türklər bizi işğal etdi, sonra türklər yunanları işğal etdi... Bunlar keçmişdə baş verib. Millətlər bu savaşların ağrısını yaşayıb. Düşmənçilik bizi doğru hədəflərə götürməyə bilər. Biz birgə yaşayışın modellərini tapmalıyıq.

- Siz Rusiyanın Sovetlər Birliyinin yanlışlarını təkrar etməyəcəyini dediniz. Amma Avrasiyaçılıq modelinə Sovetlər birliyinin yeni forması kimi baxanlar var. Digər tərəfdən, Rusiyanın postsovet məkanına təsir imkanları azalmaqdadır. Belə təsəvvür var ki, Baltikyanı respublikalar NATO-ya daxil olandan, Gürcüstan, Ukrayna Qərbə inteqrasiyanı seçəndən sonra Rusiya üçün manevr imkanları yalnız Avrasiya coğrafiyasında realdır. Ukrayna ilə münaqişə səbəbindən Rusiya Qərblə münasibətləri son dərəcə pisləşdirdi. Rusiya bu siyasətin doğruluğuna hələ də əmindir?

- Avrasiyaçılıq haqqında Sovetlər Birliyinin yeni modeli kimi danışmaq çox yanlışdır. Bunun necə bir model olacağını bu ideyanı qəbul edən dövlətlər müəyyən edəcək. Onlar bu modeli necə düşündüklərini açıqlayacaq, daha sonra ortaq bir fikrə gəlinəcək. Ukraynaya gəlincə, bu, Rusiya siyasətinin nəhəng yanlışıdır. Bu, məhz o haldır ki, biz birmənalı uduzmuşuq. Hamımız. Rusiya da, Ukrayna da, Ukraynada yaşayan rus kökənli əhali də, müstəqillik ideyasının daşıyıcıları da. Hamı. Mənim haqqımda bəzən yazırlar ki, bütün günahı Ukraynada görürəm. Belə deyil. Qismən etnik ukraynalıyam. Bu iki ölkənin qarşıdurması şəxsən mənim üçün böyük itkidir. Biz Krımla bağlı qərar verənə qədər Ukrayna xalqı ilə işləməliydik. Amma Rusiya sadəcə, Avropaya boru xətti çəkirdi, ora tikinti briqadaları göndərirdi və onların içərisində çox xəbis, dar düşüncəli insanlar vardı. Sonradan bu qrupların içərisindən prezident Putinin yaxın çevrəsinə qədər yüksələn və Rusiyanın yanlış addımlar atmasına səbəb olanlar da çıxdı. Nəticədə biz Ukraynanı itirdik. Bu yeri doldurulmayacaq bir itkidir. Bütün məsuliyyət Moskvanın üzərindədir. Çünki bu siyasətin formalaşdırılması elə bədnam insanlara tapşırılmışdı ki, başqa nəticə sadəcə, mümkün deyildi. Rusiya təşəbbüsü tamamilə qərbyönlü siyasi texnoloqlara vermişdi. Krımı qazanmaq bizim dəhşətli itkilərimizin qarşısında dənizdə damladır. Nə öldürdük, nə xilas etdik, biz Ukraynanı şikəst etdik. Bu ən dəhşətlisidir. Pravoslav kilsəsi belə bölündü.

- Prezident seçkilərindən sonra Ukraynada nələr dəyişə bilər?

- Bu seçki normal inkişaf edən ölkədə yox, “əlillər evində” keçirildi. Bayaq dedim, biz Ukraynanı şikəst etdik. Ukraynanın nə bu seçkidən, nə növbəti seçkilərdən sonra dirçələcəyini düşünmürəm. Bu gün üçün bizim Ukrayna ilə hər hansı pozitiv münasibət qurmaq ümidimiz sadəcə, yoxdur. Çünki Rusiya yanlışlarını davam etdirir. Rusiya mediasının Ukrayna ilə bağlı tənqid tonunu qəti qəbul etmirəm. Bu yazıların, çıxışların, tok-şouların heç birində Rusiyanın məsuliyyəti haqqında danışılmır. Rusiya Ukrayna ilə bağlı heç bir mərhələdə düzgün davranmadı. Maydan hadisələri kulminasiyasını yaşayanda prezident Putin paraolimpiya oyunlarını seyr edirdi. Bu, qara piar idi. Çoxqütblü dünya quran, Suriyada yeni dünya düzəni yaradan liderin həlledici siyasi proseslər zamanı idmançıların halqanın içərisindən necə tullanacağını seyr etməsi Rusiya üçün ölçüyəgəlməz yanlışlar idi.

410b9132-99a9-4f35-b7a2-aafed5f9306b.jpg (75 KB)

Aygün MURADXANLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR