İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz niyə “bacararıq!” demirik?..

1700 19.07.2018 08:30 Yazarlar A A

Deməyin, bunu da artıq qarabasmalar təqib edir və hər şeydə siyasət görür. Otuz ilə yaxındır ki, siyasi təhlillər yazıram və nadir hallarda bu janrdan kənara çıxmışam.

İndi də adətimi dəyişmək fikrim yoxdur, gəl, fikrim janrdan kənara çıxmaq olmasa da, azacıq mövzunu dəyişməkdir - futbol üzrə dünya çempionatı, xüsusən onun bir məqamı mənə o qədər təsir etdi ki, düşündüm, bunun “siyasi” tərəflərinə toxunmamaq günah olardı.

İlk oyunlardan gözüm Xorvatiya komandasını tutmuşdu. Yox, elə də futbol bilicisi deyiləm, amma bu komandanın meydanda özünü necə inamla aparmasını, əzmlə çarpışdığını görəndə ürəyimdə dedim ki, mən bunlara azarkeşlik edəcəm.

Həm də nə gizlədim, böyük dövlətlər, onların həmişə hamıdan və hər şeydə birinci olması yorubdur məni. Xorvatiya isə “bizimkilər”dəndir - dövlət kimi 27 yaşı var, 1991-ci ildə müstəqillik qazanıb, Azərbaycanla təxminən eyni vaxtda.

Əlbəttə, xorvatlar çempion ola bilmədilər, hətta finalda möhtəşəm, mənim gözlədiyim mübarizəni də göstərə bilmədilər. Gəl, ikinci olmaq da, gümüş qazanmaq da az deyil; bir görün, hansı möhtəşəm komandalar çıxdaş oldu!..

Xorvatiya futbolçuları nə etdilər? Onlar siyasətçilərinin 27 ildə edə bilmədiklərini bir neçə həftənin içində etdilər! Əminəm, bu günlərdə milyonlarla insan Xorvatiya və ya xorvatlar haqda daha çox bilməyə, bu ölkə və xalqla bağlı daha çox maraqlanmağa başladılar.

Bəli, xorvatlar “Biz də bacararıq!” dedilər və bunu etdilər. Bilirsiniz, maraqlı Amerika filmi var. Aviasiya qəzası nəticəsində meşəyə düşmüş bir neçə insanın qurtulmaqçün mübarizəsindən bəhs edir. Bu adamların ərzaqsız - filansız meşədə qalması bir tərəfə, həm də nəhəng bir ayı təqib edir onları. Axırda qərara gəlirlər ki, ayını öldürsünlər. Bunu onlardan biri deyən kimi, o birilər qayıdır ki, bacarmarıq, amma o bir nəfər israrla deyir: “Başqaları bacarıbsa, biz də bacararıq!”...

Belə də edirlər və ayını öldürürlər... İndi bir daha deyirəm ki, xorvat idmançıları da sanki dedilər ki, başqaları futbolda bunu bacarıbsa, biz də bacararıq və finala qədər gəlib çıxdılar.

Biz azərbaycanlılar da çətinliyə düşəndə, dolaşıq və qarışıq situasiyalarda özümüzə belə deməliyik: BAŞQALARI BACARIBSA, BİZ DƏ BACARARIQ...       

Yox, yox, demirəm ki, futbolda gəlib dünya çempionatının finalına çıxmalıyıq. Söhbət bundan getmir. Hərə idmanın bir növündə güclü olur və biz də hansısa idman növünü adımızla bağlamasaq da, hər halda, fərd olaraq idmançılarımızın müəyyən uğurları var. Həm də mən “BACARARIQ!” deyəndə tək idmanı nəzərdə tutmuram. Eybi yoxdur, qoy, geriliyimiz futbolda olsun, təki başqa məsələlərdə geri olmayaq...

80-90-cı illərin prosesləri gözlərim önümdən keçib. Bilirsinizmi, nə qədər insan, xüsusən də mühafizəkar yaşlı nəsil  “Əşi, biz müstəqil dövlət ola bilərikmi? Rus buna heç imkan verərmi?” - soruşurdu. Amma gənclər “Bacararıq!” deyirdi...

İndi qarşımızda iki çox vacib problem dayanır. Birincisi təbii, Qarabağdır. Bununla bağlı da tərəddüdlər qalır. Hey soruşulur ki, nə vaxt həll olunacaq, nə vaxt bitəcək axı bu proses?

Ərkim çatanlara deyirəm ki, Dağlıq Qarabağ problemi o vaxt həll olunacaq ki, biz daha “Nə vaxt həll olunacaq?” soruşmayacağıq, “Həll edəcəyik!” deyəcəyik.

Belə deyəndə yenə suallar gəlir: Bacararıqmı? Cavabımız birmənalıdır: əgər başqaları bacarıbsa, biz də bacararıq! Başqa yol yoxdur: bacarmalıyıq!..

Tərəddüd duyduğumuz digər vacib məsələ demokratiyadır. Amma hamımız - idarə edənlərimiz də, idarə olunanlarımız da tədricən bunu öyrənməli və alışmalıyıq.

Eyni sözləri bu konteksdə də demək olardı. Bunu iki min il əvvəl Afinada, 200 il bundan əvvəl Amerikada bacarıblarsa, biz də bacararıq!

Bir neçə gündür ki, müəyyən gərginlik yaşayırıq. Əlbəttə, xüsusi narahatlıq üçün əsas yoxdur. Amma təəssüf, dini radikallar ilk “debüt”lərini etdilər, hətta müəyyən itkilərimiz də oldu. Əlbəttə ki, tez zamanda hər şey stabilləşəcək. Amma bu, artıq bizim üçün yeni situasiyadır: əvvəl belə şey olmamışdı. Fəqət, bir daha deyirik ki, təəssüf ki, dini radikallar bura da yol tapdı.

Ona görə daha bir sınaqdan keçməliyik: əzmlə sübut etmək ki, Azərbaycanı sabit, demokratik və dünyəvi dövlət kimi qoruyacağıq, bura cəhalətin, xurufatın yol açmasına imkan verməyəcəyik. Elə bu səbəbdən heç “Bacararıqmı?!” sualını gözləmirəm də, çünki BACARMALIYIQ!

Hamımızdan asılı məsələdir bu. Şəxsən bəndəniz çoxdan qət edib ki, tamamilə demokratik, ürəyim istəyən qədər azad Azərbaycanı (bu, da bir azacıq fəlsəfi məsələdir: azadlıq susuzluq kimidir, içdikcə doymursan!) görmək qismət olmayacaq mənə - artıq 53 yaşım var...

Amma Azərbaycanı müstəqil və dünyəvi dövlət kimi qoruya bilsək, gələcəkdə gəncliyə onun adına və məzmununa demokratik və hüquqi sözlərini də əlavə etmək çətin olmaz...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR