İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyələr növbəti seçkidən sonra birləşəcək, yoxsa... - yeni qanunun tələbi

1879 18.04.2024 12:37 Ölkə A A

Bələdiyyələrin fəaliyyəti ilə bağlı yeni qanun artıq təsdiqləndi. 

Qanunun tələblərindən biri də budur ki, Azərbaycanda əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr birləşəcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.

Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;

- Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

Bu yenilik hansı müsbət nəticələrə səbəb olacaq? Birləşmə zamanı hansı meyarlar əsas götürüləcək? 

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov: “Kiçik bələdiyyələr adi problemlərin həllində belə çətinliklər çəkir”

Sabiq maliyyə naziri, iqtisadi elmlər doktoru, professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda bələdiyyə institutunun müasir tələblərə cavab verən səviyyədə yenidən qurulması ilə bağlı suallar artıq bir neçə illər idi ki, gündəmdən düşmürdü: “Əslində bu sualları bələdiyyələrin fəaliyyətində mövcud olan problemlər yaradırdı.  Məsələn, ərazi idarəçiliyi bələdiyyə tərəfindən həyata keçirilən bir yaşayış məntəqəsində bələdiyyə orqanı elementar problemləri həll edə bilmədikdə bu, insanların narazılığına səbəb olur və onlar haqlı olaraq bələdiyyələrin fəaliyyətini tənqid edir və ya onun lüzumsuz bir qurum olduğunu iddia edirlər.  Yeni qanun bu problemlərin həllinə yol açır. İnkişaf etmiş ölkələrlə müqayisədə bizdə bələdiyyələrin sayı orta hesabla üç dəfəyə qədər çoxdur. Elə bu səbəbdən də kiçik bələdiyyələr nəzarət etdikləri ərazilərdə adi problemlərin həllində belə çətinlik çəkir. Hazırda ölkədə 1 605 bələdiyyə var. Yeni qanuna görə, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaxın ərazilərdə yerləşən böyük şəhər və yaxud qəsəbə bələdiyyələrinə birləşdirilməsi baş verəcək. Bu proses özlüyündə bələdiyyələrin maddi imkanlarının genişlənməsinə və deməli, yerlərdə problemlərin operativ həllinə yol açacaq”.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov: “Bələdiyyələr üzrə yığımların göstəricisi də artıb”

İqtisadçı ekspert Eldəniz Əmirov isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Bələdiyyələrin fəaliyyətinin stimullaşdırılması və optimallaşdırılması üçün müəyyən istiqamətdə islahatların aparılmasına ehtiyac var idi. Bununla bağlı son bir ildə sürətlə aparılan işlər müşahidə edilməkdədir. O cümlədən Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları tərəfindən aktivlik aşkar görünməkdədir. Bunun nəticəsində bələdiyyələrin birləşdirilməsi məsələsi aktuallaşdı. O ki qaldı əhali sayına görə optimallaşdırmanın uyğun olması məsələsinə, düşünürəm ki, bunun üçün dünya təcrübəsini araşdırmağa ehtiyac var. Dünya təcrübəsində bu tip hallara rast gəlinir. Avropa,  o cümlədən Türkiyədə bu təcrübə sınaqdan keçirilib. Bələdiyyə vahidinə düşən əhali sayının göstəricilərinə baxsaq, görərik ki, Azərbaycanda bu göstərici çox aşağıdır. Bələdiyyə vahidinə düşən əhali sayının orta göstəricisi Türkiyədə 601 nəfərə yaxındır, Gürcüstanda 55 min nəfər, Azərbaycanda isə 6500 nəfərdir. Məsələyə bu kontekstdən yanaşdıqda birləşdirməyə ehtiyac olduğu aydın şəkildə bilinir. Elə ərazilər var ki, əhali sayı yetərli olsa da, gəlirlilik baxımından, yəni bələdiyyənin gəlirlərinin formalaşması üçün mövcud durum yetərli deyil. Belə olan halda bələdiyyələrin birləşdirilməsi, digər ərazilər hesabına inkişafa nail olmaq zərurətə çevrilir. Bu baxımdan birləşdirməni məqbul hesab edirəm”.

E.Əmirov hesab edir ki, bu son deyil və dünya təcrübəsinin birbaşa tətbiqi yetərli deyil: “İnsan faktoru, milli faktorlar nəzərə alınmalıdır. Zaman keçdikcə birləşdirilmə davamlı ola bilər. Sonrakı mərhələdə bu və ya digər formada dəyişdirilə də bilər. Hətta parlament seçkilərində dairələrin özlərinin strukturlarında müəyyən yerdəyişmə, dəyişiklik olur. Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının fəaliyyətinin nəticəsi olaraq son dövrlərdə bələdiyyələr üzrə yığımların göstəricisi də artıb. Hesab edirəm ki, bütün hallarda bələdiyyələrin fəaliyyəti ilə əlaqədar aktivlik yaxşı haldır. Ümid edirəm ki, proses müsbət istiqamətdə davam edəcək. Bundan başqa, hər hansı formada bələdiyyələrə nəzarət mexanizminin, ələlxüsus, yerli sakinlərə olan münasibətdə nəzarətin daha da gücləndirilməsinə ehtiyac var. Dəfələrlə şikayət xarakterli müraciətlər qeydə alınıb. Bələdiyyələr göstərilməyən xidmətlərə görə vətəndaşlardan qarşılıq tələb edirlər. Düşünürəm ki, müstəsna hal kimi qəbul edilsə də, bələdiyyələrə daxil olan ərazilərdə yaşayan insanlara münasibəti və bələdiyyələrin fəaliyyətini mütləq şəkildə nəzarətdə saxlayacaq mexanizmin yaradılmasına ehtiyac var”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR