İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayrama iki gün qaldı: Qiymətlər artır, alıcılıq azalır… REPORTAJ, FOTOLAR

2423 18.03.2018 18:21 Reportaj A A

Novruz bayramına iki gün qaldığından, artıq bütün evlərdə bayram süftəsi təlaşı yaşanır. Xalqımızın milli adət-ənənəsinə görə, bayram süfrəsi nə qədər bol olarsa, həmin il o qədər ruzi-bərəkətli keçər.

Ona görə də əhali bütün imkanlarını səfərbər edərək, süfrəyə növbə-növ yemək və Novruz şirniyyatı, çərəzlər və sair düzməyə çalışır. Təbii ki, belə olan halda hər kəs bayrama bir neçə gün qalmış yolunu bazarlardan salır. Bu səbəbdən də bazarda alıcı sıxlığı müşahidə olunur. Xüsusən də qiymətlərin nisbətən ucuz olduğu yarmarka və iri bazarlara daha çox insan üz tutur. Tələbatın artması isə hər il olduğu kimi qiymətlərə də təsirsiz ötüşmür.

Bəs görəsən, bu il bazarda qiymətlər necədir? Bayrama iki gün qaldığı ərəfədə bahalaşma müşahidə olunurmu?

Musavat.com-un müxbiri bu suallara cavab tapmaq üçün əhalinin ən çox axın etdiyi “8-ci kilometr” bazarına baş çəkib.
Bazarda adi günlərlə müqayisədə alıcı aktivliyi daha çoxdur. Həm bayram gününün yaxınlaşması, həm də qeyri-iş günü olması səbəbindən insanlar bazarlıq etmək üçün nisbətən ucuz olan bu bazara üz tutublar. Alıcıların sözlərinə görə, burada qiymətlər məhəlləarası market və dükanlardan ən azı 20-30 faiz ucuzdur. Ona görə də, bayram bazarlığı üçün buraya gəlməyə üstünlük verirlər.

Gündəm Novruz bayramı olduğu üçün əsas tələbat qoz və fındığadır. Bu baxımdan müşahidələrimizə bazarda quru meyvə dükanlarından başlayırıq.

Qeyd edək ki, hazırda qabıqlı qozun kiloqramı 5- 12 manat arasında dəyişir, fındığın kiloqramı isə 6 manatdır. Qoz ləpəsinin kiloqramı 14-20 manat arasında dəyişir. Fındıq ləpəsinin qiyməti isə 11-14 manatdır. Quru meyvələrdən qaysının kiloqramı 8-12 manata, kişmiş 7-12 manatadır. Badamın ləpəsi 22-25 manata, hind qozu 32 manata, püstə 22 manatadır.

Satıcıların sözlərinə görə, quru meyvələrdən yerli məhsulların sayı çox azdır. Əksər quru meyvələr, ərik qurusu, kişmiş növləri, badam, püstə və fıstıqlar xaricdən idxal olunur. Yerli məhsullar ancaq qoz, fındıq və dənli bitkilərdir. Satıcılar etiraf etdi ki, bayrama iki gün qaldığı üçün qiymətlərdə 1-2 manat artım var. Məhsulların qiyməti bazarda deyil, topdansatış mərkəzlərində qaldırılır. Satıclar da məcbur olub artımı pərakəndə satışa tətbiq edirlər. Bu da əhalinin alıcılıq qabiliyyətinin azalmasına səbəb olur ki, satıcılar üçün heç də arzuolunan deyil.

Bayram süfrəsinin əsas bəzəyi olan meyvələrin qiymətində də artım hiss olunur. Bananın kiloqramı 2.80-3 manat arasında, kivi 3 manat, portağal 2 manat, narıngi 2.50-3 manat, alma 1.50-2 manat, armudun kiloqramı 4-6 manat, narın kiloqramı 3.50-4 manat, heyva 3-4 manatadır.

Tərəvəzlərdən kartof 0,80-1.20 manata, soğan 60-70 qəpiyə, pomidor 3-4 manat, xiyar 3 manat, acı bibər 4 manat, şirin bibər 3 manat, kök 70 qəpik – 1 manat, kələm 70 qəpiyədir. Kənd yumurtası 25-30 qəpik, fabrik yumurtası 13-16 qəpiyə satılır.

Novruz bayramında süfrənin əsas yeməklərindən biri olan balığın qiymətində isə elə bir dəyişiklik yoxdur. Növündən asılı olaraq, damba balıqlarının kiloqramı 5-7 manat arası, çay və dəniz balıqlarının kiloqramı isə 12-15 manat arasında dəyişir.

Alıcılar bizimlə söhbət zamanı bildirdilər ki, maddi imkanın zəif olduğundan məhsulların ən keyfiyyətlisini deyil, ən ucuzunu almağa çalışırlar. Hətta bəzi məhsulları kiloqramla deyil, qramla alırlar. Əsas odur ki, bayram süfrəsini adət-ənənələrə uyğun düzə bilsinlər.

 

Məğrur MƏRD
Fotolar müəllifindir

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR