İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin yanlış olduğunu necə sübut edək?

741 30.11.2021 09:40 Yazarlar A A

Qonşu rusların çox məşhur məsəli var: “Xoşbəxtlik olmayacaqdı, bədbəxtlik kömək etdi”. Bəli, bizim üçün xoşbəxtlik ona görə yoxdur ki, Bayden cənabları bizi və Türkiyəni dekabrın birinci on günlüyündə baş tutacaq demokratiya sammitinə dəvət etməyibdir, yəni 110 dəvətli ölkə arasında bizə yer tapılmayıbdır.

Bilirsinizmi, bu hörmətli cənab prezident təkcə Azərbaycanı dəvət etməsəydi bunu birtəhər başa düşmək olardı. Birincisi, biz gənc dövlətik, ola bilsin, demokratiya ilə bağlı işlərimiz tam qaydasında deyil - seçkilərimizdə problem var, ümumilikdə siyasi sistemimiz demokratiya sarıdan bir az axsayır. İkincisi, düşünərdik ki, ABŞ və onun qoca prezidenti Bayden Qarabağa görə Azərbaycanı cəzalandırır. Amma Bayden Türkiyəni də dəvət etməyib və belə çıxır ki, qardaş Türkiyədə demokratiyanın səviyyəsi hətta Ermənistan və Gürcüstanda olduğu qədər də deyil - bəli, o Türkiyənin ki, hörmətli müxalifətçi Kamal Kılıçdaroğlu hər gün televiziyada prezident Ərdoğandan çox danışır...

Biz bunları yazmaqda ikən, güman, oxucu hey düşündü ki, bəs bizə kömək edəcək bədbəxtlik nədir? Demokratiya sammitindən beş-üç gün sonra Brüsseldə Şərq Tərəfdaşlığı Proqramının növbəti sammiti keçiriləcək və orada bizdən cavab gözləyirlər, çünki Aİ ilə heç bir saziş imzalamayan ölkə qismində yalnız biz və Belarus qalmışıq.

Bəlkə də oxucu üçün bu məsələ o qədər də önəmli deyil, ona görə ki, bu illər ərzində Avropa özünü çox ifşa edib. İndi də, faktiki olaraq Qarabağ problemi həll olunandan və xüsusən də Azərbaycanın özü tərəfindən həll olunandan sonra Minsk Qrupunun çıxardığı fokuslara görə insanlar Qərb və Avropa sözlərini eşitmək belə istəmirlər.

Bir sözlə, Türkiyənin və Azərbaycan incik düşməsi üçün kifayət qədər əsasları var. Amma onların yadına böyük Atatürkü salmaq istərdik. Bəli, Atatürk böyük qərbçi idi və qərbçi Türkiyə dövlətini qurmaq istəyirdi və problem ondaydı ki, o, bunun üçün Qərb dövlətlərilə vuruşurdu, o qərb dövlətlərilə ki, onlar Türkiyə haqqında heç eşitmək belə istəmir, onu tam işğal edərək öz aralarında bölmək istəyirdilər.

Amma Atatürk müharibə və diplomatiya onları inandırmağa çalışırdı ki, bu, yeni bir Türkiyə olacaq və Avropa dövlətlərinin ondan ehtiyat etməsi üçün heç bir əsasları yoxdur.

İndi biz də haradasa belə etməliyik. Dekabrın 15-də Aİ ilə saziş imzalasaq çox ölkə başa düşəcəkdir ki, Azərbaycandan bədgüman olmağa dəyməz -bu ölkə bir Avropa ölkəsidir və Avropa dəyərlərinə önəm verən dövlətdir.

Doğrusu, şəxsən mən bilmirəm, biz bunu edəcəyikmi? Bu mövzuda çox yazdığımızdan təkrarlara varmaq istəmirik. Əsas arqument budur ki, indi Qarabağ məsələsinə görə Rusiya ilə həlledici məqamdır, ona görə də risk etməyə dəyməz. Amma məsələ budadır ki, risksiz iş olmur, fəqət, bu məsələdə hansısa bir böyük risk yoxdur, çünki Ermənistan kimi asılı bir ölkə belə hələ S.Sarqsyanın vaxtında Aİ ilə saziş imzaladı.

Bəs Aİ ilə saziş imzalamasaq nə olacaq? Birincisi, Avropa ölkələrinin bizim haqqımızda dedikləri doğrulacaq, hamı razılaşacaq ki, Bayden elə düz edib bizi sammitə dəvət etməyibdi.

İkincisi, biz strateji planda uduzacağıq. İnanın, Avropa heç də həmişə belə etməyəcək. Bəlkə də gün gələcək, yalvaracağıq, amma bizi qəbul etməyəcəklər. Bir gün neft və qaz tamam qurtaracaq və biz Ermənistana, Gürcüstana qibtə edəcəyik, ona görə ki, onlar iqtisadiyyatlarını bizdən dəfələrlə tez Avropa iqtisadiyyatına və bazarına uyğunlaşdıracaqlar.

Üçüncüsü, bizim vətəndaşlarımızı düşünmək lazım deyilmi? Onlar heç də gürcülərdən və ermənilərdən az avropalı deyillər. Bəs niyə Avropa ilə əlaqələrin dividentlərindən onlar da istifadə etməsinlər?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR