İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden və Putin növbəti dialoqa hazırlaşır?

462 03.01.2022 14:58 Yazarlar A A

 

Bəli, adi insanlar bu son günlərdə daha çox bayram qayğıları ilə yaşadıqları halda, böyük ölkələrin böyük siyasətçiləri hətta Milad günlərini və yaxud da yeni il ərəfəsi çağlarını belə özlərinin və ölkələrinin münasibətlərini aydınlaşdırmğa sərf etdilər.

Dekabrın son günlərində belə, siyasət bitmədi. ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı oldu və prezidentlər düz iki saat yanvarın 10-13-də baş tutacaq növbəti görüşə hazırlıqlardan və həm də ötən görüşlərdə çözə bilmədikləri problemlərdən danışdılar. Hansısa bir nəticəyə gəldilərmi?

Düşünmürük, çünki Qərb Rusiyanın növbəti “təhlükəsizlik doktrinası”nı ultimatim kimi qəbul etdi, Rusiya isə onları, ümumiyyətlə, münasibətləri donduracağı ilə hədələdi.

Ona görə də növbəti görüş ən yaxşı halda Co Bayden administrasiyasinın Moskva ilə bağlı siyasətinə aydınlıq gətirəcək. Bu siyasət prezident Donald Tramp dövründəki siyasətdən fərqli olmağı vəd edir. Amma hələki konkretlik yoxdur, sanki gələcək siyasəti formalaşdırmaq üçün kəşfiyyat gedir. Rusiya isə tələblərini daha konkret ifadə edir. Moskva nə az, nə də çox, NATO-nun Şərqə doğru genişlənməsinin dayanmağını tələb edir. Kremlə ilk cavab artıq verilib və deyilib ki, NATO –ya üzv olmaq ölkələrin suveren hüququdur və Varşava müqaviləsinə xitam veriləndən sonra Rusiyanın da belə hüququ tanınmır. Amma Moskva onlarla ölkədən biri olmaq istəmir, halbuki o, iqtisadi gücünə görə dünyanın hətta birinci onluğuna da daxil deyil. Di gəl, nə edəsən ki, onun yetərincə nüvə başlıqları və böyük iddiaları var.

Bu ölkə belə hesab edir ki, post-sovet məkanı onun müstəsna nüfuz sferasıdır. Xüsusən də belə bəyan edilir ki, Ukrayna və Belarus slavyan ölkələrinin birliyinin nüvəsini təşkil etməlidir.

Belarusla bağlı hələ ki, konkret heç nə deyə bilmərik, Aleksandr Lukaşenko rejimi acı bağırsaq kimi uzanır, amma Ukraynanın geriyə qayıdışını artıq təsəvvür belə etmək mümkün deyil. Elə Rusiyanın ABŞ-la dialoqunun böyük hissəsini də məhz Ukrayna məsələsi tutur.

Sonuncu telefon danışığında da belə oldu. Prezident Co Bayden Vladimir Putinin nəzərinə çatdırdı ki, Ukraynaya müdaxilə ediləcəyi təqdirdə Moskva adekvat cavabını alacaqdır.   

Bəs bütün bunlar bizim üçün nə qədər önəmlidir? Əlbəttə ki, ABŞ-ın Rusiyanın post-sovet məkanındakı fokuslarını diqqətdən kənarda qoymaması dolayı yolla bütün post-sovet ölkələrinin maraqlarına cavab verir. Əks təqdirdə Rusiya bu regionda necə deyərlər, atını dördnala çapardı. Sözsüz ki, Vaşinqtonu daha çox Ukrayna və uzağı Gürcüstan maraqlandırır və biz azərbaycanlılar daha əvvəlki dövrlərdə olduğu kimi ABŞ-a arxayın ola bilmirik. Daha keçmişdəki kimi biz ABŞ-ı gənc dövlətlərin və demokratiyaların qarantı hesab edə bilmirik. Güman ki, ABŞ-ın özündə də bunu istəmirlər. Biz bəzən deyirik ki, Vaşinqton bir çox məsələlərə ikili standartlarla yanaşır. Amma diqqətlə baxanda onun iki yox, bəlkə də üç-dörd standartı var.

Sözsüz ki, münasibətlərin soyumasının səbəblərini təkcə ABŞ-ın siyasətində axtarmaq lazım deyil, post-sovet ölkələrinin özlərinin də təqsiri az deyil. Pribaltika ölkələrini və GUAM üçlüyünü çıxmaqla bu ölkələrin çoxunda avtoritar rejimlər bərqərar olub. Ona görə də Vaşinqtonun Türkmənistanı və yaxud da ki, Tacikistanı demokratiya sammitinə çağırmamasının səbəblərini heç də ABŞ-ın geosiyasi maraqlarında və yaxud da prezident Baydenin özəl münasibətlərində axtarmaq lazım deyil, bunun tək bircə səbəbi var və o da budur ki, Türkmənistan və yaxud da Tacikistan demokratik ölkələr deyillər...

Əl qərəz, qədim yunan filosofu Heraklit deyirdi ki, hər şey axır, hər şey dəyişir. Bizə isə elə gəlir ki, doğrudur, hər şey axır, amma dəyişiklikdən söz açmaq hələ tezdir –dünya elə həmin köhnə dünyadır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR