İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir: “2023-cü ildə illik inflyasiya isə 2.1% təşkil edib”

567 15.03.2024 11:42 İqtisadiyyat A A

“2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 9.8% artaraq 3,3 mlrd. dolları üstələyib”.

Musavat.com bildirir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə hesabatı təqdim edərkən deyib.

Hökumət başçısının sözlərinə görə, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib.

“2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd. ABŞ dolları olub və ÜDM-in 8,9%-ni təşkil edib. Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır” - Ə.Əsədov bildirib.

Hökumət başçısı qeyd edib ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 mlrd. manat artırılıb ki, bu da ötən il strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib:

“Bütövlükdə 2023-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 35.6 mlrd. manat olub ki, bu da 2022-ci illə müqayisədə 4,9 mlrd. manat (və ya 16%) çoxdur. Xərcləri isə 36,5 mlrd. manat və ya 99,5% səviyyəsində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4,4 mlrd. manat (və ya 13,7%) çoxdur. Eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir. 2023-cü ildə Portfel Şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74%, EBİTDA göstəricisi 101% artmış və 11 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranıb”.

Baş nazir bildirib ki, 2023-cü ildə əldə olunmuş müsbət makroiqtisadi göstəricilərdən biri olan inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb:

“Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində“İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrup yaradılıb. Qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən “Qiymət İzləmə Tətbiqi” sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8% orta illik inflyasiyaya nail olunub. İllik inflyasiya isə 2.1% təşkil edib”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR