İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank sistemində yeni tendensiyalar - qarşıdakı illərdən gözləntilər

2265 27.04.2023 12:02 Müsahibə A A

Elman Sadıqov: “Bankların devalvasiyadan əvvəlki şərtlərlə kredit verməsi cəhdləri özünü doğrultmayacaq”

Azərbaycanda bank sisteminin özünəməxsus çalarları var. Məsələn, dünyanın əksər ölkələrindən fərqli bir kredit, depozit siyasəti həyata keçirilir, xüsusilə faizlər məsələsində. Həmçinin bankların dayanıqlığı da problemdir. Maraqlı olan bir neçə detal da bugünlərdə açıqlanıb.

Belə ki, “Bank VTB Azərbaycan” ASC 2023-cü ilin I rübündə 2,9 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 1,9 dəfə azdır. Bank 2022-ci ilin ilk rübündə 5,4 milyon manat xalis mənfəət açıqlamışdı. Bu arada bəzi şirkətlər “Yapı Kredi Bank Azərbaycan”dan əmanətlərini geri çəkib - 3,2 milyonluq azalma baş verib. Amma “Yapı Kredi Bank Azərbaycan” ASC 2023-cü ilin I rübündə 2,2 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,3 dəfə çoxdur. Bank 2022-ci ilin ilk rübündə 400,1 min manat xalis mənfəət açıqlamışdı. “Qarşıdakı 3-4 ildə Azərbaycanda yeni bank və alternativ maliyyələşmə məhsulları artacaq”. Bunu  isə Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib. O bildirib ki, qarşıdakı illərdə maliyyə-bank sektoru əhəmiyyətli dərəcədə dəyişəcək: “Bazarda bank və alternativ maliyyələşmə məhsullarının çıxarılacağını, sahibkarların əlçatanlığının daha da güclənəcəyini, təhcizat zəncirinin maliyyələşməsi üçün imkanların genişlənəcəyini gözləyirik”. Zakir Nuriyev nəyin anonsunu verdi? Bank sektorunda nə kimi perspektivlər görünür?

Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR… - FED.az

Bu və digər suallarla bağlı bank məsələləri üzrə ekspert Elman Sadıqov “Yeni Müsavat”a müsahibə verib. 

- Elman bəy, bu gün Azərbaycanın bank sektorunda vəziyyət necədir? Nələr baş verir?

- Bu gün bank sektorunda ümumi vəziyyət stabildir. Bu stabilliyin səbəblərindən ən başlıcası ölkədəki makroiqtisadi sahədə olan stabillikdir. Bu da neftin qiymətləri, keçən il neft fonduna daxil olan yüksək valyuta, ölkədəki siyasi-iqtisadi sabitlik - bütün bunlar nəticə etibarilə bank sektorunda sabitliyə əsas şərait yaradan amillərdir. Amma bank sektorunda böyümə və inkişaf nə səviyyədədir, əlbəttə, böyümə var. Bu gün Azərbaycanda 45 milyard manatlıq bir bank sektorumuz var. Yəni bankların icmal balansındakı aktivlərin cəmi 45 milyard manata yaxındır.

- Bu rəqəm bir neçə il öncəki qiymətlərdən nə dərəcədə fərqlidir, bu genişlənmə bank sektorundakı inkişafın göstəricisi sayılırmı?

- Bu, nominal artımdır. Yəni rəqəmlərlə normal artımdır, amma biz inflyasiyanı nəzərə alsaq, pul kütləsinin artımını nəzərə alsaq, ölkədə qəbul olunmuş sosial paketləri nəzərə alsaq, sosial sahədə ölkənin siyasətini nəzərə alsaq, minimum əmək haqlarının, pensiyaların, təqaüdlərin artımını nəzərə alsaq, açığı, bank sektorundakı bu nominal böyümənin qeyd etdiyim böyümələr çərçivəsində baş verdiyi görünməkdədir. Yəni bank sektoru pul kütləsinin artımını, yaxud da sosial sahədə maaşların artımı, pensiyaların artımı, inflyasiya, iqtisadi sahədə böyümə, büdcənin ilbəil artımını qabaqlayırmı, çox texniki detallara getmədən biz görə bilirik ki, bu artım məhz həmin genişlənmənin nəticəsində baş verən artımdır. Bank sektorundakı artım iqtisadiyyatdakı artımı, yaxud pul bazasındakı artımı kifayət qədər üstələyirmi? Hələlik biz buna müsbət cavab verə bilmirik.

- Hazırda bank sektorunun iqtisadi inkişafda rolu hansı səviyyədədir?

- Açığı, biz bu gün bank sektorunda kredit portfelindəki artım tempinə baxdıqda buna da tam olaraq cavab vermək çətindir. Bu bir az incə məsələdir, bunu birtərəfli danışmaq olmaz. Kredit portfelindəki artım daha çox istehlak kreditləri hesabına olur. Amma biznes kreditləri niyə kifayət qədər artmır, burada kimisə günahlandırmaq çətindir. Burada önəmli olan məsələ biznes kreditlərinə olan tələbin iqtisadiyyatda formalaşması məsələsidir. Məsələyə obyektiv yanaşmaq lazımdır. Rentabelli biznes üçün, yaxud da biznesin özünün genişlənməsi, yeni biznes subyektlərinin yaranması üçün tələb olunan kredit həcmi nə qədərdir, bu da bir başqa məsələdir. İstehlak kreditləri hesabına daha çox genişlənən kredit portfeli var, amma kredit portfelinin özündəki artım nisbətən konservativdir. Bu da əslində vaxtilə qəbul olunan normativ aktların nəticəsidir ki, bu gün əhali on il bundan qabaq olduğu qədər çox böyük borclanmalara məruz qalmır. Çünki borcun gəlirlərə nisbəti əmsalı var, bu 45 faizdir. Bu əmsal imkan vermir ki, istənilən şəxs gəlirindən asılı olmayaraq istədiyi qədər istehlak krediti götürə bilsin. Mütləq və mütləq ona istehlak krediti verərkən ona aylıq ödənişlərinin aylıq gəlirlərinə nisbəti bank tərəfindən nəzərə alınır.  Borclanma varmı, əlbəttə yenə var. Amma bu borclanmanın riski nədən ibarətdir. İstehlak kreditlərinin biznes kreditlərini keçməsi, yenidən ev təsərrüfatlarının daha sürətlə borclanması, biznes kreditlərinə nisbətən burada nisbi müqayisədən söhbət gedir. Bunun özü gələcəkdə həmin kreditlərlə bağlı müəyyən problemlərin yaranmasını şərtləndirə bilər. Amma burada inflyasiya amili var. Hər bir halda bu məsələ kreditlərin geri ödənişində də müsbət rol oynayan amillərdən biridir. Çünki inflyasiyanın davam etməsi, maaşların, pensiyaların artımı və sairə, bu gün götürülən istehlak kreditlərinin gələcəkdə qaytarılma imkanlarını nisbətən artırır.

“Azərbaycanın beş ən böyük bankı az qala bank sektorunun 80 faizindən çoxuna nəzarət edir, bu isə...”

- Bəs bu gün bank sektorunda sahibkarların əlçatanlığı nə dərəcədə təmin olunur?

- Açığı, bəzən yanlış olaraq bank sektorunun inkişafı ilə bağlı məsələlər qoyulur. Misal üçün, texnologiyanın, “İnternet Bankinq”in inkişafı və sairə məsələlər qaldırılar ki, bu, əsasən bank sektorunun bir tərəfini əhatə edir, yəni texnoloji inkişaf sayılır. Əslində hər hansı məhsulunuz var, bir var onları ofisdən müştəriyə çatdırasınız, bir də var onları texnologiyanın imkan verdiyi şərtlər daxilində, “İnternet Bankinq”, ya da “Mobile Bankinq” ilə çatdırasınız. Bu, bank məhsullarının çeşidinin artmasından daha çox bank məhsullarının müştərilərə çatdırılması şəbəkəsinin artımı deməkdir. Yəni vətəndaşın əslində kredit məhsullarının çeşidi artmır, sadəcə olaraq, mövcud məhsulları müştərilərə çatdırma zamanı imkanları genişlənir. Amma burada digər bir məsələ də var ki, “kredit əlçatanlığı həmin texnoloji inkişaf kredit əlçatanlığının artması deməkdir”, heç də belə deyil. Çünki əgər kreditə olan tələb varsa, onu müştəri bankdan da götürəcək, “Mobile Bankinq” vasitəsilə də ərizə ilə müraciət edəcək və “İnternet Bankinq” vasitəsilə  də müraciət edəcək. O cümlədən sahibkarlarla bağlı bank məhsulları var. Bu gün mən çox istərdim ki, akkreditiv əməliyyatları genişləndirilsin. Bu gün şəffaflığın artması, ölkə iqtisadiyyatındakı genişlənmə üçün arda-arda verilən siqnallar, Qarabağa böyük qayıdışla bağlı atılan addımlar, orada yeni sahibkarlıq subyektlərinin yaranması, yeni məhsulların yaranmasını mütləq şərtləndirir. İstərdim ki, akreditivlər açılsın, faktorinq əməliyyatları daha geniş şəkildə vüsət alsın. Burada birtərəfli olaraq danışmaq çətin olur, amma hər bir halda buna önəm vermək lazımdır. Çünki biz artıq postdevalvasiya dövrü yaşamırıq, illər keçib, pandemiya artıq keçdi. Artıq stabillik var, banklar kifayət qədər “nəfəs” ala bilirlər. Manata olan təzyiq demək olar ki, o qədər də yüksək səviyyədə deyil. Amma bu dövr də həmişə  belə qalmayacaq. Nə zamansa, neftin qiyməti düşə bilər, müəyyən məsələlər ortaya çıxa bilər. Ən azından qarşıda gələn bir neçə ildən maksimum, səmərəli şəkildə istifadə etmək lazımdır. O cümlədən bank sektorunda məhsulların çeşidliliyini artırmaq mütləq vacibdir. Zakir müəllimin də qeyd etdiyi məsələ budur. Bu gün Azərbaycanın bank sektorunda məhsul çeşidliliyi o qədər də yüksək deyil. Təəssüf ki, məhz məhsul çeşidliliyindəki artım tempi çox aşağıdır. Demək olar ki, yeni məhsullar çıxmır. Kredit məhsulları tamamilə başqa anlayışdır. Misal üçün, kreditin şərtləri dəyişdirilir, bu başqadır, bayaq sadaladığım texnoloji məsələlər başqadır. Amma söhbət gedir bankın məhsullarının çeşidlərinin artırılmasından, xarici ticarət əməliyyatlarının artırılmasından, xüsusilə ixrac əməliyyatlarından, sahibkarların maarifləndirilməsi və sairə. Amma ədalət naminə onu qeyd edək ki, Azərbaycanda risk menecmenti ən çox bank sahəsində inkişaf edib. Beynəlxalq mühasibatlıq standartlarına, beynəlxalq maliyyə hesabatlılığı standartlarına əsasən Azərbaycanda yeganə bank sektorudur ki, bu hesabatlılıq tam təmin olunub. Şəffaflıq yüksək səviyyədədir. Amma burada kreditlərlə bağlı ehtiyatlanma məsələləri var ki,  banklarda bu ən çox gəlirliyinə təsir göstərir.

- Yeri gəlmişkən, bankların gəlirliliyin artması və azalması ilə bağlı açıqladığı rəqəmlər reallığı əks etdirirmi?

- Bankın gəlirliliyi xüsusilə il ortasında həmin bankdakı reallığı tam əks etdirmir. Əsasən gəlirliliyə ilin sonunda baxılır, xüsusilə beynəlxalq auditor tərəfindən və Mərkəzi Bank tərəfindən təsdiq edilməlidir. İlin ortasında bəzi bankların siyasətləri olur ki, daha konservativ yanaşma ortaya qoyurlar. Bəziləri proqressiv yanaşmanı ortaya qoyurlar. Bəzi banklar daha çox ehtiyatlanmağa fikir verirlər. Bəzən yüksək gəlirləri var, ondan ehtiyatlara ayırmağa imkan verir, bəziləri də ehtiyatları ayırmaqda yumşaq mövqe göstərir. Bu gün banklarda müsbət tendensiyaların olması ilə bərabər risklər də var. Bu gün Azərbaycanın 5 ən böyük bankı az qala bank sektorunun 80 faizindən çoxuna nəzarət etmiş vəziyyətdədir. Xüsusilə bu, müxtəlif banklardısa, o qədər də narahatedici məqam deyil. Amma bankların bir-biri ilə əlaqələri olduğu vəziyyətdə nisbətən təhlükəli ola bilər. Bu amil həmin bankların özlərinə daha çox zərər vura bilir. Bu risklərdən biri konsentrasiyanın olmaması, bank məhsullarının çeşidlərinin az olmasında özünü göstərir. Çox istərdik ki, bank sektorunda real artım yüksək olsun. Bu gün Azərbaycanda biznes kreditləri ilə bağlı yeni mexanizmlərin hazırlanmasına ehtiyac var. Bank sektorunda kreditləşmə ilə bağlı mövcud kredit mexanizmlərinin demək olar ki, müəyyən hissəsini kənara qoyub, riskləri də, əksinə, yumşaldaraq yeni  mexanizmlər ortaya qoymağı bacarmalıyıq. Bankların devalvasiyadan əvvəlki şərtlərlə kredit verməsi mümkün deyil. Əgər banklar buna kütləvi şəkildə cəhd edəcəklərsə, bu, özünü doğrultmayacaq. Çünki şərtlər, tələblər dəyişir. Daha bir problem, bank sektorunun özündə rəngarəngliyin olmamasıdır, yəni demək olar ki, əksər banklar eyni istiqamətdə fəaliyyət göstərir. Həm böyük banklar, həm də kiçik bankların istehlak kreditlərinə önəm verməsi yanlışdır. Böyük bankların hansısa böyük xarici ticarət, ixrac əməliyyatlarında ixtisaslaşdığını hələ də görmürük. 

- Bankların kənd təsərrüfatı sahəsinə ayırdığı kreditlərlə bağlı narazılıq da var. Burada nə kimi dəyişikliklər edilə bilər?

- Kənd təsərrüfatı prioritet sahədir. Kənd təsərrüfatı sahəsinə verilən mövcud kredit şərtləri uyğun deyil. Çünki orada fərqli bir nağd vəsaitlər dövriyyəsi var, fərqli bir yanaşma olmalıdır. Bu, həm də ixtisaslaşma tələb edir. Kənd təsərrüfatının prioritet olan ölkələrində, hazırda ərzaq təhlükəsizliyi prioritetdir, bizim üçün də həmçinin, kənd təsərrüfatının kreditləşməsi üçün mütləq ya ayrıca bank olmalıdır, ya da hər hansı bir bankda ixtisaslaşma olmalıdır. Bankda olan kredit mütəxəssisi kənd təsərrüfatı sahəsində, həm də maliyyə sahəsində mütəxəssis olmalıdır. Bu iki sahəni birləşdirə bilən şəxs kənd təsərrüfatının kreditləşməsini daha yaxından hiss edə bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR