İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı yeni sülh təklifləri göndərir, İrəvan yenə əleyhinə çıxır - nə vaxtadək?

5571 14.02.2023 11:28 KİVDF layihələri A A

Ermənistan iki ildən artıq müddətdə sülhə qarşı çıxdığını tam sübut edib, fransız jandarmasının gəlişi də buna xidmət edir; Azərbaycan isə insanlıq əleyhinə törədilən cinayətlərlə bağlı BMT-yə səsləndi

Ermənistan iki ildən çoxdur ki, sülh prosesini əngəlləmək üçün bütün əbləh manevrləri etməkdədir. “Yeni Müsavat” bildirir ki, ötən həftə xarici işlər naziri Ararat Mirzoyan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər gəldiyini açıqlasa da, İrəvanın sərgilədiyi mövqe faktiki olaraq ümumi işi pozmaqdan ibarətdir. Mirzoyan Bakının yeni təkliflərinə cavab veriləcəyini söyləməsinə baxmayaraq, Ermənistanın bu dəfə də sülh sazişi ilə bağlı pozitiv siyasət yürüdəcəyini gözləməyə dəyməz. Azərbaycan nə istəyir - gəlin sərhədləri dəqiqləşdirək, hər kəsin öz ərazisi bəlli olsun, Qarabağ iqtisadi rayonu daxil olmaqla ərazi bütövlüyümüzü tanıyın, qarşılıqlı biz də analoji addım ataq, “artsax” mifini unudun və Zəngəzur koridorunu, bütün nəqliyyat-kommunikasiya xətlərini işə salaq.

Sözdə bunun əleyhinə olmadıqlarını qeyd edirlər, əmələ gəldikdə Paşinyan administrasiyası sülh xəritəsini pozur. Misal üçün, Avropa İttifaqının mülki missiyasını sərhədə dəvət etmək, içərisində 70 fransız xüsusi təyinatlısının yer alması, İranın bunu sidq ürəklə dəstəkləməsi, Rusiyanın isə qarşı çıxması bütövlükdə bölgədə gərginliyə səbəb olur və nəticə etibarı ilə sülh danışıqları yenə də ağılasığmaz bir kor dalana dirənir. Ermənistan buna qədər də sülh əleyhinə olan addımlarını atmışdı, xüsusən ötən ilin sonuna yaxın Brüssel platformasını dağıtdılar. Bu, bizə görə olmadı, Prezident İlham Əliyev açıqladı ki, Ermənistan lideri Nikol Paşinyan Brüssel görüşünə şərtlə gəlməyə hazırdır, Fransa prezidenti Emmanuel Makron da gəlsin.

Təbii ki, dördlü format balansı pozmaq idi və görüşlər qeyri-müəyyən vaxta təxirə salındı. Ardınca isə Aİ iki illik missiya göndərir, fransız jandarmaları da orada yer alır, Kreml buna kəskin etiraz edir, Tehran isə Zəngəzur dəhlizi açılmasın deyə Qərbin qərarını alqışlayır, beləliklə regionda mürəkkəb geosiyasi böhran yaranır. Rusiya XİN başçısı isə Kremlin mövqeyini belə ifadə etdi ki, üç Cənubi Qafqaz ölkəsinin Tiflis masasında danışıqlarına praqmatik yanaşır, lakin Qərb bu platformaya burun soxmasın. Bütün hallarda qalib Azərbaycan Ermənistana sülh əlini uzadır, amma bu ölkə düşmənçilikdən əl çəkmir. Rusiya isə xarici işlər nazirləri səviyyəsində görüş təşkil etməyə hazırlaşır. Moskvanın ənənəvi baxışı bundan ibarətdir ki, onun nəzarətindən kənar proses olmasın. Amma Ermənistan üçtərəfli sənədi pozmaq üçün Qərbi bölgəyə dəvət edir və Rusiyanın yerini onunla doldurmağa çalışır. Azərbaycana isə fərq etməz, sülh müqaviləsini Putin, yoxsa Mişel imzaladacaq, Moskvada, yaxud Brüsseldə, hətta Tiflisdə qol çəkiləcək, təki sülh sazişi bağlansın.

Zaur Məmmədov: “Suriyada yeni vəziyyətin yaranmasının şahidi oluruq”

Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Praqa görüşündə Avropa İttifaqının mülki missiyasının göndərilməsi qərarı qəbul edilmişdi: “Sonradan Ermənistan və Avropa İttifaqı arasında Azərbaycanın imtina etdiyi sazişə əsasən mülki missiyanın Qərbi Zəngəzurda monitorinqinin müddəti uzadıldı. Erməni və fransız mediası 200 nəfərdən ibarət missiyada Fransadan polis qüvvələrinin olacağı qeyd edilir. Əgər bu belədirsə, deməli, Makron və Paşinyan sözlərinə əməl etməyərək mülki deyil, güc strukturlarını Ermənistana gətirirlər. İran-Fransa-Ermənistan tərəfindən dəstəklənən bu plan olduqca təhlükəli oyundur və Ermənistanın mütləq surətdə cəzalandırılması ilə nəticələnəcək. Ermənistanın cəzalandırılması yaxşı hal olsa da, ortada həm də Paşinyanın aqibəti var”.

Bununla paralel, Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri də gündəmdədir.  Azərbaycan Ermənistanın hüquq pozuntuları ilə bağlı BMT-ni müvafiq tədbirlər görməyə çağırıb. 30 ilə yaxın dövr ərzində keçmiş münaqişənin siyasi və hüquqi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün sui-istifadə edən Ermənistan tərəfi həm işğal dövründə, həm 2020-ci il Vətən müharibəsində, həm də post-münaqişə dövründə müxtəlif təxribatlar yolu ilə Azərbaycanın mülki əhalisinə, qadınlara və uşaqlara qarşı ağır müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları həyata keçirib. Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, cəsədlərlə pis rəftar etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur.

Politoloq Yeganə Hacıyeva xatırladır ki, Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bu günədək heç bir əməli tədbirlər görməyib və görmək niyyətini də bildirməyib. Onun sözlərinə görə, Ermənistanda cinayət işlərinin açılmaması bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının xüsusi məruzəçinin hesabatında da qeyd olunub. Kəsəsi, Ermənistan həm sülh əleyhinədir, həm də insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cavab verməlidir.

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövsuzunda hazırlanıb.

Hazırladı: Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR