İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı "Ekspo 2025" Ümumdünya Sərgisinə evsahibliyinə hazırlaşır - Fotolar 

1864 19.04.2018 20:15 İqtisadiyyat A A

Azərbaycan növbəti beynəlxalq tədbirə - Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (“Expo 2025”) evsahibliyi etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu gün BakıdaBeynəlxalq Sərgilər Bürosunun (BSB) “Ekspo-2025” sərgisinin keçirilməsinə hazırlıq üzrə qiymətləndirmə missiyasının Bakı səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Konfransda iştirak edən “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri, maliyyə naziri əvəzi Samir Şərifov Bakının beynəlxalq sərginin ev sahibliyinə namizədliyindən danışıb.

Öncə hər kəsi salamlayan S. Şərifov bildirib ki, BSB-nin Qiymətləndirmə Missiyası Bakıda olduğu müddətdə Azərbaycan rəsmiləri ilə görüşlər keçirib: “Onlar Prezident İlham Əliyev tərəfindən qəbul ediliblər. Həmçinin, Milli Məclisin deputatları ilə də görüşüblər. Bu görüşlərdə “Ekspo-2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi məsələsi müzakirə olunub. Qiymətləndirmə Missiyası sərginin keçiriləcəyi əraziyə baş çəkib və həmin ərazinin sərgidən sonra Azərbaycan xalqının xeyrinə necə istifadə ediləcəyinə dair planla tanış olublar. Ümid edirik ki, missiya “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının ev sahibliyi etməsi haqda qərar qəbul edəcək Sərginin Bakıda keçirilməsi Azərbaycanın tanıdılması baxımından əhəmiyyətli layihədir. Sərgi üçün ayrılmış ərazidə gələcəkdə müasir parklar salınacaq. Həmçinin, Bakı şəhərinin yeni yaşayış ərazisi olacaq”, - deyə o bildirib.

Maliyyə naziri qeyd edib ki, Azərbaycanın “Expo 2025” ümumdünya sərgisinə ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib, bunun üzərində hesablamalar aparılır.

 Onun sözlərinə görə, Bakının ev sahibi seçildiyi təqdirdə, 7 il ərzində hər il üçün təxminən 120 milyon avroyadək xərc gözlənilir: “Ümumdünya sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması üçün ümumi xərclərimiz 765 milyon avro məbləğində qiymətləndirilir”.

 Daha sonra çıxış edən birinci vitse-prezidentin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov da “Ekspo 2025” sərgisinin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb: “Azərbaycan Ekspo hərəkatında 2008-ci ildən hərəkət edir. Bu il Azərbaycanın üzvlüyünün 10 illiyini qeyd edirik. Bu illər ərzində təşkilatla sıx əməkdaşlıq etmişik. Son üç sərgidə Azərbaycan tərəfindən qurulmuş milli pavilyonlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilib. “Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi insan kapitalının inkişafına mühüm töhfə verəcək".

Çıxış edən BSB İcraiyyə Komitəsinin prezidenti, qiymətləndirmə missiyasının sədri Jai-Chul Choi bildirib ki, Azərbaycana səfərlərinin məqsədi Bakının namizədlik potensialı ilə yaxından tanış olmaqdır: “Azərbaycan “Ekspo-2025” sərgisinə Bakının namizədliyini irəli sürüb. Sonuncu sərgi 2015-ci ildə Milanda keçirilib, 2020-ci ildə isə Dubayda keçiriləcək. Qiymətləndirmə Missiyası Bakıda böyük qonaqpərvərliklə qarşılanıb. Prezident İlham Əliyevlə görüşmək imkanımız oldu. O bizə bildirdi ki, insan kapitalının inkişafı üçün bu sərginin Bakıda keçirilməsi əhəmiyyətlidir. Biz Milli Məclisin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri, gənclər, eləcə də müxtəlif təbəqədən olan insanlarla ünsiyyətdə olduq. Hər kəs Ekspo sərgisinin Bakıda keçirilməsində maraqlıdır”.

Jai-Chul Choi qeyd edib ki, Bakının namizədliyi ilə bağlı Qiymətləndirmə Missiyasında müsbət rəy yaranıb: “Sərginin keçirilməsi üçün 4 şəhər namizədliyini irəli sürüb. Namizədin seçilməsi noyabr ayında olacaq”.


Qeyd edək ki, Azərbaycan "EXPO 2025" beynəlxalq sərgisinin mayın 10-dan noyabrın 10-dək Bakıda keçirilməsi üçün müraciət edib. Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzu "İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması"dır.

Bu tədbirə ev sahibliyi üçün Yekaterinburq və Osaka şəhərlərinin də namizədliyi irəli sürülüb. Tədqiqat missiyası martın 6-8-də Yaponiyada, aprelin 2-4-də isə Rusiyada olub.

Tədqiqat missiyasının yekun rəyi BIE İcraiyyə Komitəsinin may ayında keçirilən iclasında müzakirə olunacaq.

Əli Rais,
Fotolar: Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR