İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı deputatdan Pakistan səfəri ilə bağlı ilginc müşahidələr, açıqlamalar

1497 23.02.2023 15:10 Müsahibə A A

Arzu Nağıyev: “Hətta Hacı Zeynalabdin Tağıyevin Pakistan xalqına epidemiya vaxtı etdiyi yaxşılıqlar belə, unudulmayıb”

 

Deputat, Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bir neçə gün əvvəl Pakistan İslam Respublikasında səfərdə olub. Dost, qardaş Pakistana səfər Azərbaycan vətəndaşı olaraq hər birimiz üçün maraqlıdır. Odur ki, hörmətli Arzu bəydən səfərin məram-məqsədi, həmçinin özəl müşahidələri ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırmasını xahiş etdik.

WhatsApp Image 2023-02-23 at 14.34.17.jpeg (146 KB)

- Arzu bəy, bu günlərdə Pakistanda səfərdə olmusunuz. Sirr deyilsə, Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvünün Pakistana, özü də tək səfər etməsi nə ilə bağlı idi?

- Səfərin əsas məqsədi 8 -9 fevral tarixlərində Pakistanın İslamabad şəhərində Beynəlxalq Parlamentarilər Konqresi (İPC), Avropa İttifaqı (EU)və bir neçə beynəlxalq qurumların təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Yol hərəkəti təhlükəsizliyi, parlamentlər səviyyəsində “adlı beynəlxalq konfransda iştirak etmək idi. Təşkilatın rəhbəri Pakistan Senatının sədri cənab Məhəmməd Sadik Səncrani, Baş Katibi pakistanlı senator xanım Sitarə Ayazdır. Eyni zamanda bildirim ki, Beynəlxalq Parlamentarilər Konqresi sədrinin müavini isə Milli Məclisin sədri Sahibə xanım Qafarovadır. Tədbirin miqyası doğrudan da çox ciddidir. Pakistan İslam Respublikasının Prezidenti cənab doktor Arif Alvinin tədbirdə iştirak və çıxış etməsi də buna bir sübutdur. Tədbirdə Avropadan, Afrikadan, Amerikadan, Asiyadan, bir sözlə, dünyanın bütün yerlərindən – 80-ə yaxın ölkənin parlament və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər iştirak edirdilər.

WhatsApp Image 2023-02-23 at 14.34.18.jpeg (279 KB)

- Pakistan Azərbaycana qardaş ölkədir və Qarabağ uğrunda mübarizədə daim yanımızda olan iki ölkədən biri kimi tarixə düşüb. Maraqlıdır, Zəfər qazanmış Azərbaycanın millət vəkili necə qarşılandı?

- Pakistan Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini daim bildirib, Azərbaycana dəstək və həmrəylini bildirən əsas faktlardan bir də Ermənistanla diplomatik əlaqələrin qurmaması,onu bir dövlət kimi tanımamasıdır.Bununla yanaşı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Qazandığımız 44 günlük müharibəki qələbəmizdə də Pakistan bizə mənəvi dəstək göstərən dost dövlət kimi yanımızda olub. Azərbaycan da qarşılıqlı olaraq Pakistanın mövqeyini daima dəstəkləyir. Ölkələrimiz bir çox beynəlxalq müstəvilərdə bir-birinə olan dəstəyi nümayiş etdirirlər. Biləndə ki mən də Qarabağ müharibəsi iştirakçısıyam və millət vəkili kimi Ermənistanla həmsərhəd regionu təmsil edirəm, münasibət daha da isti oldu. Bir sözlə, Pakistanda çox isti və ən yaxın şəxs kimi qarşılandım...

WhatsApp Image 2023-02-23 at 14.34.28.jpeg (149 KB)

- Yəqin ki, rəsmi şəxslərlə görüşlərinizdə müəyyən qənaətləriniz hasil oldu. Azərbaycanın müstəqilliyinn ilk tanıyan dövlətlərdən biri olan Pakistan bundan sonra necə, Ermənistanın müstəqilliyini tanımaq, yaxud diplomatik əlaqələr qurmaq fikrindədirmi?

- Qeyd edim ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Rəsmi şəxslərlə hər bir görüşdən çıxan nəticə bundan ibarətdir: Azərbacana olan dostluq, müttəfiqlik münasibətindən bir daha əmin olursan ki, tarixlərdən, hətta Hacı Zeynalabdin Tağıyevin Pakistan xalqına epidemiya vaxtı etdiyi yaxşılıqlar belə, unudulmayıb.

Prezidenti cənab doktor Arif Alvi, Senatın sədri cənab Məhəmməd Sadik Səncrani ilə senatorlarla, xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərimiz oldu. Çıxışlardan və Azərbacana olan dostluq, müttəfiqlik münasibətindən bir daha əmin olursan ki, Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın eyni zamanda humanitar sahədəki fəaliyyəti, Milli Məclisin sədri Sahibə Qafarovanın parlament diplomatiyası sahəsində uğurlu siyasəti, hökumətimizin atdığı addımlar, səfirliklər səviyyəsində aparılan işlər Azərbaycana olan münasibəti daha da yüksəklərə qaldırır, Azərbaycan və Pakistanı iqtisadi, siyasi, mədəni, humanitar, hərbi və digər sahələrdə ən ciddi və etibarlı tərəfdaşa çevirir...

Zənnimcə, nə qədər Kəşmir problemi var və Hindistanla gərginlik normallaşmayıb, həmçinin Ermənistan Azərbaycana qarşı təxribatlarına davam edirsə, rəsmi İrəvanla münasibətlərin düzəlməsi mümkün deyil.

WhatsApp Image 2023-02-23 at 14.34.19.jpeg (127 KB)

- Arzu bəy, Pakistana ilk səfəriniz isi, ya əvvəllər də bu ölkədə olmuşdunuz? Açığı, təhlükəsizliklə bağlı problemləri olan ölkədir. Elə bu günlərdə növbəti terror aktı törədildi. Şəxsinizlə bağlı narahatlığınız var idimi? Mühafizəniz necə təşkil olunurdu?

- Xeyr, Pakistana ilk səfərim idi və həqiqətən də bu ölkədə təhlükəsizlik baxımından problemlər mövcuddur. Pakistan İslam Respublikasında, əsasən də İslamabadda təhlükəsizlik tədbirləri ən mühüm məsələdir və dövlət bu istiqamətdə ən ciddi tədbirlər görür. Bunun da səbəbi təkcə son bir ildə 360-dan çox terror hadisəsinin törədilməsidir. Bəli, əsasən hüquq-mühafizə orqanlarına, onların nümayəndələrinə qarşı terror hadisələri törədilir. Buna görə də bütün dövlət təşkilatları, ticarət obyektləri, hotellər və əsasən də səfirliklər hərtərəfli mühafizə olunurlar. Düzünü deyim, təhlükəsizliklə bağlı elə bir narahatlığım yox idi, çünki mənə maraqlı gələn çox məsələlər var idi və bu suallara cavab axtarırdım. Yaşadığımız otel və tədbirlər keçirilən yerlər ciddi qorunurdu, mühafizəyə gələndə əsasən səfirliyin əməkdaşları ilə bir yerdə olurdum.

- Yalnız paytaxtda oldunuz, yoxsa digər yerlərə getdiniz? Ümumən bu ölkə ilə bağlı müşahidələriniz necədir? Hansı cəhətləri sizi təəccübləndirdi?

- Yox, əsasən paytaxt İslamabadda oldum, bir də paytaxtın ətraf bir məntəqəsində. Qeyd etdiyim kimi, Pakistan İslam Respublikasıdır, Cənubi Asiyada Britaniya Hindistanının bölünməsi nəticəsində 1947-ci ildə yaranmış bir dövlətdir. İranla, Əfqanıstanla, Çin və Hindistanla həmsərhəd, dənizə çıxışı olan bir ölkədir. Rəsmi statistikaya görə, 220 milyona yaxın əhalisi var bu isə dünyada beşini ölkə deməkdir. Yaxşı təlim görmüş peşəkar ordusu var, əhali ordunu ciddi bir qüvvə sayır və güvənir. Böyük şəhərlər əsasən, Kəraçi, Lahor və Feysəlabaddır. İslam ölkəsi olmasına baxmayaraq, müşahidələr gösətərdi ki, dünyəvi dəyərlərə də hörmətlə yanaşılır, çox mehriban əhalisi var, tolerantlıq mövcuddur. Bir sıra ölkələrdən fərqli olaraq, sanitar normalara daha ciddi riayət edilir. Maraqlısı budur ki, pandemiya dövründə Pakistanda dünyasını dəyişənlərin sayı digər ölkələrlə müqayisədə azdır, səbəbini də daha çox acılı yeməklərdə və ədviyyatlardan istifadə etməkdə görürlər. Çox sadə və milli geyimləri ilə fərqlənirlər. Geyimlərə görə tayfaları da seçmək olur.

WhatsApp Image 2023-02-23 at 14.34.20.jpeg (193 KB)

- Azərbaycanın İslamabadda səfirliyi də fəaliyyət göstərir. Yəqin ki, səfirliyimizdə də olmusunuz. İrandakı səfirliyimizdə törədilən terror aktı, həmçinin son aylar diplomatik nümayəndəliklərimizdə ermənilərin törətdiyi təxribatlardan sonra narahatlıq yoxdur ki?

- Bəli, səfirlikdə də oldum. İranda baş verən terrordan sonra məni də bir peşəkar kimi maraqlandıran təhlükəsizlik məsələləri idi. Bizim səfirlik də daxil olmaqla, bir sıra dövlətlərin səfirlikləri ayrıca mühafizə olunan ərazidədir. Bununla yanaşı, həm perimetr üzrə Pakistan hüquq mühafizə orqanları, daxildən də öz mühafizəmiz işlərini peşəkarlıqla görürlər. Təhlükəsizlik məsələlərinə dövlətimizin ciddi diqqət ayırdığının bir daha şahidi oldum. Bununla yanaşı, səfirlik əməkdaşlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox təqdirəlayiq işlər görürlər. Bu imkandan istifadə edib bir daha cənab səfir başda olmaqla bütün kollektivə, ailə üzvlərinə fədakar əməklərinə görə təşəkkür edirəm. İşlərində uğurlar və cansağlığı arzulayıram...

WhatsApp Image 2023-02-23 at 14.34.21.jpeg (229 KB)

- Pakistanın da Kəşmir problemi var və on illərdir davam edir. Bu məsələnin perspektivi haqda nə danışılır?

- Bildiyiniz kimi, Kəşmir Hindistan, Pakistan, Çin və Əfqanıstan arasında, onu Tacikistan və Mərkəzi Asiyanın digər ölkələrindən ayıran dar bir ərazi zolağında yerləşir, iki nüvə dövləti - Hindistan və Pakistan arasında arasında 1947-ci ildə müstəqillik əldə etdikdən bəri davam edən silahlı münaqişə zonasıdır. Bura elə bir ərazidir ki, tək Pakistan və Hindistan deyil, bir sıra dövlətlər, yuxarıda adı çəkilənlər də daxil olmaqla öz maraq çərçivəsində istifadə edirlər. Yəni hətta Pakistan və Hindistan danışıqlar masasına əyləşsələr də, vasitəçilərin kim olması mühüm amildir. Hazırda bu problemin yaxın gələcəkdə həll olacağına hər iki dövlət inanmır və təəssüf ki, vaxtaşırı baş verən toqquşmalarda ölən və yaralananlar olur.

WhatsApp Image 2023-02-23 at 14.34.22 (1).jpeg (177 KB)

- Azərbaycana xarici müdaxilə halında - İrandan təhdidlər daha çox səslənir - Pakistan hansı mövqe tuta bilər, bu haqda müzakirələr oldumu?

- Belə bir ciddi müzakirələr olmadı. Lakin Pakistan rəhbərliyi bütün çıxışlarında Azərbaycanın yanında olacağını dəfələrlə qeyd edir və istənilən təhdidin qarşısının alınmasında həm vasitəçi, həm də tərəfdaş olacağını vurğulayır.

- Arzu bəy, bilirik ki, sizin xüsusi menyunuz var və qida məsələsində çox həssassınız. Pakistan mətbəxi haqda təsəvvürünüz necədir?

- Qida ilə bağlı da elə bir problem yaşamadım. Sadəcə olaraq qeyd etdiyim kimi acıya və müxtəlidf ədviyyatlara daha çox üstünlük verirlər, spirtli içkilərin satışı və istifadəsi yasaqdır. Ancaq onu da qeyd edim ki, xrisitan və digərlərinin buna icazə verən kartlar var... Soruşanda da niyə bu qədər acı? Onlar da bizim duzdan çox istifadə etdiyimizi yarızarafat-yarıciddi deyirdilər. Ümumiyyətlə, qidalanma ilə bağlı Pakistanda ciddi problemlər yaşanmır, necə deyərlər, hərə öz iştahına, istəyinə və zövqünə uyğun qidalana bilir. Yəni belə bir böyük ölkə üçün bu əsas problem deyil. Əsas problem təhlükəsizlik və iqtisadi inkişafı bərpa etməkdir, buna da potensial var. Təsəvvür edin ki, əhalinin 60 faizdən çoxu işçi qabiliyyətli gənclərdir…

Elşad Paşasoy,
Fotolar: “Yeni Müsavat”

WhatsApp Image 2023-02-23 at 14.34.22.jpeg (76 KB)

WhatsApp Image 2023-02-23 at 14.34.23.jpeg (127 KB)

WhatsApp Image 2023-02-23 at 14.34.24 (1).jpeg (261 KB)

WhatsApp Image 2023-02-23 at 14.34.24.jpeg (90 KB)

WhatsApp Image 2023-02-23 at 14.34.27.jpeg (173 KB)

WhatsApp Image 2023-02-23 at 14.34.29.jpeg (189 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR